Şarl Mişel Aİ Şurasının prezidenti postundan getmək niyyətindədir

post-img

Avropa Şurasının prezidenti Şarl Mişel bu ilin iyununda vəzifəsini tərk etməyi və Avropa Parlamentinə seçkilərdə namizədliyini irəli sürməyi planlaşdırır. Bu barədə “Politico” qəzetinə istinadən “İnterfaks.ru” məlumat yayıb.

Mişelin Avropa Şurasının prezidenti kimi mandatı 2024-cü ilin noyabrında başa çatır, lakin o, jurnalistlərə deyib ki, Avropa Şurası və parlamentdəki işi birləşdirə bilməz. O, iyunun ortalarına qədər Avropa Parlamentinə seçkilərdə iştirak etmək üçün ərizəsini təqdim etməlidir.

“Politico” qeyd edib ki, Mişel Avropa Parlamentinə deputat seçilərsə, Aİ liderləri Avropa İttifaqı Şurasındakı vakant posta tez bir zamanda namizəd tapmalı olacaqlar. Əgər buna nail ola bilməsələr, iyul ayında Macarıstan Aİ Şurasına sədrlik edəcəyi üçün rəhbərlik Macarıstanın baş naziri Viktor Orbana keçəcək. Amma bu, bir çox Avropa liderlərinin ürəyincə deyil.

İyunun 6-9-da Aİ-nin bütün 27 ölkəsində keçiriləcək parlament seçkilərindən sonra Avropa liderləri iyunun 17-də və 27-28-də yenidən görüşməyi planlaşdırırlar. Nəşr yazır ki, məhz bu görüşlərdə onlar çox güman ki, Mişelin dəyişdirilməsi ilə bağlı razılığa gəlməyə çalışacaqlar.

P.ƏMİRCANOV
XQ

Dünya