Quterreş yenidən Qəzza zolağında təcili atəşkəsə çağırıb

post-img

BMT-nin baş katibi Antonio Quterreş Qəzza zolağında dərhal atəşkəsə çağırıb. O, bu barədə BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi hesabatda bildirib. Məlumatı “Anadolu” verib. 

Ümumdünya təşkilatının rəhbəri əsasən Qəzzanın şimalında dinc əhalinin həlak olmasına, İsrailin zərbələri nəticəsində dağıntıların miqyasına diqqət çəkib. “Münaqişəyə son qoyulmalıdır”, - deyə o bildirib.

Məlumata görə, İsrail ordusunun əhalinin sıx məskunlaşdığı ərazilərdə uzaqmənzilli partlayıcı silahlardan istifadə etməsi nəticəsində Qəzza zolağında evlərin 60 faizindən çoxu zədələnib və ya dağılıb.

BMT-nin baş katibi həmçinin Qəzzanın şimalında humanitar vəziyyətin ciddiliyini və bölgəyə humanitar yardımın çatdırılmasının vacibliyini vurğulayıb.

Quterreş qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının Qəzzada humanitar fasiləyə çağıran 2712 (2023) qətnaməsi “həyata keçirilməkdən çox uzaqdır və irəliləyiş son dərəcə qeyri-kafi olaraq qalır”.

P.ƏMİRCANOV
XQ

Dünya