11 ayda isə əsas kapitala 15,7 milyard manat yönəldilib
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar–noyabr aylarında Azərbaycanda əsas kapitala 15 milyard 726 milyon manat məbləğində, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,5 faiz çox vəsait yönəldilib. Həmin vəsaitin 12 milyard 208 milyon manatı və ya 77,6 faizi daxili mənbələr hesabına reallaşıb. Hesabat dövründə neft-qaz sektorunda investisiyaların həcmi 24,7 faiz, qeyri-neft-qaz sektorunda isə 12,5 faiz artıb.
Daxili investisiya qoyuluşu ilə bağlı yüksək göstəricinin əldə edilməsi əsasən, innovativ yanaşmaların tətbiqi ilə investisiya cəlbediciliyinin artırılmasının diqqətdə saxlanılmasından irəli gəlir. Bununla bərabər, ölkəmizdə davamlı makroiqtisadi və maliyyə sabitliyi də investisiya fəallığını sürətləndirir. Sağlam və şəffaf biznes mühitinin yaradılması isə respublikaya yüksək texnologiya və bilik gətirən birbaşa xarici investisiyaların axınını stimullaşdırır. Bu strateji istiqamətin önəmi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də və bir sıra dövlət proqramlarında vurğulanır, biznesin fəaliyyətinin beynəlxalq normalar əsasında formalaşması, həmçinin özəl sektorun inkişaf tempinin yüksəldilməsi məqsədilə yeni stimulların tətbiqi, iqtisadi islahatların davam etdirilməsinin zəruriliyi göstərilir.
Azərbaycanda investisiya cəlbediciliyinin güclənməsinə təsir göstərən əsas amillərdən biri də mövcud sahədə qanunverici–institusional tədbirlərin həyata keçirilməsidir. Bu baxımdan 1995-ci il 13 yanvar tarixli “İnvestisiya fəaliyyəti haqqında” Qanun böyük əhəmiyyətə malikdir. Bu sənəd investisiyaların ölkə iqtisadiyyatına cəlbini stimullaşdırmaqla yanaşı, mülkiyyət formasından asılı olmayaraq bütün investorların hüquqlarının bərabər müdafiəsinə təminat verir. Bununla bərabər, “Xarici investisiyaların qorunması haqqında” Qanun da ölkədə sərmayədarların hüquq və mənafelərinin qorunması, yerli və xarici iş adamlarına bərabər əlverişli iş şəraitinin yaradılması ilə bağlı məsələləri tənzimləyir.
Bu və digər tədbirlərin nəticəsində 2003–2022-ci illərdə Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların ümumi həcmi 310 milyard dollara yüksəlib, həmin göstəricinin təxminən yarısı–154,1 milyard dolları isə xarici investisiyalar olub.
Yeri gəlmişkən, ölkədə davamlı iqtisadi islahatlar və iqtisadiyyatın şaxələndirilməsi siyasəti nəticəsində qeyri-neft sektorunun inkişafı təmin edilib, bu sahədə əhəmiyyətli irəliləyişə nail olunub. Bu tədbirlərin davamı olaraq iqtisadiyyatın neftdən asılılığının minimuma endirilməsi və sahibkarlığın inkişafına əsaslanan rəqabətqabiliyyətli milli iqtisadiyyata çevrilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirləri davam etdirmək əsas strateji hədəflərdən biri kimi müəyyənləşdirilib.
Göstərilən məqsədə nail olmaq üçün dövlət tərəfindən ardıcıl olaraq dövlət–sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, dövlət tənzimləməsinin, o cümlədən inzibati qayda və prosedurların təkmilləşdirilməsi, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, sahibkarlara dövlət dəstəyi və təşviq mexanizmlərinin formalaşdırılması, rəqabətqabiliyyətliliyin və ixrac imkanlarının genişləndirilməsi, ən yüksək beynəlxalq standartlara uyğun olaraq elektron dövlət xidmətləri göstərilməsi sahələrini əhatə edən kompleks tədbirlər həyata keçirilib.
Azərbaycanda iqtisadi artımın getdikcə yüksəlməsi, qeyri-neft sektorunda nəzərə çarpan müsbət tendensiyalar, eləcə də biznesin davamlı olaraq şəffaflaşması da investisiya qoyuluşuna ciddi töhfə verir. Bu məsələdə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi islahatların, səmərəli vergi inzibatçılığının və əlverişli biznes mühitinin təmin edilməsi, cəmiyyətdə vergi mədəniyyətinin formalaşması əsaslı rol oynayır. Yeri gəlmişkən, bu gün əldə olunan fiskal nəticələrdə iqtisadi artımla yanaşı, şəffaf münasibətlərin qurulması, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması kontekstində atılan addımlar da xüsusi diqqət çəkir.
Onu da qeyd edək ki, respublikada formalaşan əlverişli biznes mühiti, ölkəmizin dünyada etibarlı tərəfdaş kimi tanınması, beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirməsi, mühüm tranzit imkanları Azərbaycanın investisiya cəlbediciliyini ilbəil artırıb. Bunun nəticəsi olaraq hökumət son 20 ildə investisiya cəlbediciliyinin, qlobal infrastruktur layihələrinin reallaşdırılması və digər mühüm istiqamətlərdə nəzərəçarpacaq göstəricilərə imza atıb.
Ölkədə dövlət müəssisələrinə ayrılan sərmayələrin səmərəli istifadəsinə də nəzarət gücləndirilib. Belə ki, dövlət müəssisələrinin maliyyə sağlamlığını və dayanıqlılığını yaxşılaşdırmaq, maliyyə resurslarının, habelə xarici borcların cəlb olunmasını səmərəli meyarlar əsasında idarə etmək məqsədi ilə Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Azərbaycan İnvestisiya Holdinqi yaradılıb. Bu, dövlət müəssisələrinin profisitinin artırılmasına, onların büdcədən asılılıqlarının azaldılmasına, azad bazar münasibətlərinin hərtərəfli inkişafına, özəl mülkiyyətin genişlənməsinə, daha sağlam prinsiplərə söykənən idarəçiliyə əsaslanmaqla iqtisadi inkişafın sürətləndirilməsinə hesablanan mühüm bir qərardır. Başqa sözlə, Azərbaycan İnvestisiya Holdinqinin yaradılması ilə ölkədə vahid idarəetmə modeli işə düşür və bununla da dövlət şirkətlərinin maliyyə durumlarının yaxşılaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsinə başlanılır.
Azərbaycan Prezidenti tərəfindən aparılan islahatların məntiqi davamı olan Azərbaycan İnvestisiya Holdinqinin yaradılması respublikada yerli və xarici investisiyaların sağlam təməllər üzərində reallaşdırılmasına da öz müsbət təsirini göstərir. Çünki bu gün Azərbaycana investisiya yatırmaqda maraqlı olan iri şirkətlər var.
Göründüyü kimi, hökumət ölkədə investisiya fəaliyyətinin genişləndirilməsinə, biznes mühitinin yaxşılaşdırılmasına, sənaye istehsalının artırılmasına, qeyri-neft sektorunun inkişaf etdirilməsinə ciddi önəm verir. Bu istiqamətdə qarşıya qoyulan əsas hədəflər sərmayə qoyuluşlarının artırılması, sahibkarların ixrac potensialının gücləndirilməsi, investisiya imkanlarının genişləndirilməsi, potensial tərəfdaşların tapılması və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsidir.
Vaqif BAYRAMOV
XQ