Gələn il burada 2 yeni müəssisə də faəliyyətə başlayacaq
Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında gələn il daha 2 müəssisə fəaliyyətə başlayacaq. Həmin müəssisələr tərəfindən, ümumilikdə, sənaye parkına 11 milyon manatdan çox investisiyanın yatırılması nəzərdə tutulur ki, bu da 150-dək yeni iş yerinin açılmasına imkan yaradacaq.
İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, 2024-cü ilin oktyabrında fəaliyyətə başlaması planlaşdırılan “İmprotex Qarabağ Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) parkın 5 hektar ərazisində minatəmizləyən, xüsusi təyinatlı texnika və metal məmulatların istehsalını həyata keçirəcək müəssisənin qurulması istiqamətində işlərə başlayıb. Hazırda ərazidə planlama və qazma işləri görülür.
Müəssisədə 2 model minatəmizləyən texnikanın (“Revival P” piyada əleyhinə minatəmizləyən və “Revival T” tank əleyhinə minatəmizləyən) istehsalı həyata keçiriləcək. Bununla yanaşı, zavodda bu texnikalara servis xidməti də fəaliyyət göstərəcək. Bütövlükdə isə, müəssisədə ildə 100 ədəd minatəmizləyən texnikanın istehsalı planlaşdırılır. Həmin texnikalar, əsasən, işağldan azad olunmuş ərazilərdə istifadə ediləcək. Yaxın gələcəkdə isə müəssisənin istehsal etdiyi texnikaların bir qismi ixraca yönəldiləcək. İnvestisiya həcmi 7,4 milyon manat olan müəssisədə 124 nəfərin işlə təmin edilməsi nəzərdə tutulur.
Gələn il sənaye parkının rezidenti “Holcim Azerbaijan” ASC də burada fəaliyyətə başlamağı planlaşdırır. Xatırladaq ki, birinci mərhələdə parkın ərazisində həcmi 2 min ton olan sement terminalının istifadəyə verilməsi planlaşdırılır. İkinci mərhələdə isə şirkət tərəfindən əmtəə beton və quru yapışdırıcı istehsalını həyata keçirəcək zavod inşa ediləcək. İnvestisiya dəyəri 3,4 milyon manat olan müəssisədə 20-dən çox şəxs daimi işlə təmin olunacaq. Burada istehsal ediləcək məhsulların daxili bazarda satışı həyata keçiriləcək. Artıq sənaye parkında ilk dəfə olaraq “Holcim Azerbaijan” ASC tərəfindən geobrick kərpiclərdən istifadəyə başlanılıb. Hazırda şirkət tərəfindən inzibati binanın tikintisində bu kərpiclərdən istifadə edilir. Növbəti mərhələdə isə həmin kərpiclərdən işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərində də geniş istifadə olunması nəzərdə tutulur. Yeri gəlmişkən, Azərbaycanda geobrick kərpiclərin istehsalına ilk dəfə məhz “Holcim Azerbaijan” ASC tərəfindən başlanılıb.
Qeyd edək ki, sözügedən istehsal müəssisələrinin tikintisinə bu ilin may ayında başlanılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC tərəfindən həyata keçirilən tikinti işləri ilə tanış olmaqla yanaşı, “Holcim Azərbaycan” ASC-nin, “Improtex Qarabağ Sənaye Kompleksi” və “Az-Tex-Import” məhdud məsuliyyətli cəmiyyətlərinin istehsal müəssisələrinin də təməllərini qoyub.
İşğaldan azad olunmuş ərazilərin iqtisadi potensialının hərəkətə gətirilməsində, eləcə də sənaye sahəsində məşğulluğun təmin olunmasında mühüm rol oynayan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı tədricən real fəaliyyət sahəsinə çevrilməkdədir. Məlum olduğu kimi, bu il iyunun 17-də Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov iştirakı ilə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin texniki servis mərkəzinin açılışı olub. Rusiya və Azərbaycan birgə müəssisəsi olan “Avto Lizinq Azərbaycan” MMC tərəfindən parkın 3 hektar ərazisində yaradılmış mərkəz yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına xidmət göstərilməsi sahəsində hab rolunu oynayacaq. Burada işğaldan azad edilmiş ərazilərimizdə istifadə olunan 1500-dək nəqliyyat vasitəsinə, həmçinin yüklərin daşınmasını həyata keçirəcək tranzit avtomobillərə və digər texnikalara peşəkar xidmət göstəriləcək.
Göründüyü kimi, işğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi, bu ərazilərdə həyatın əvvəlki məcrasına qaytarılması strategiyasında mühüm yer tutan sənayeləşmə siyasəti öz real nəticələrini verməkdədir. Artıq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerli və xarici investisiyalar hesabına sənaye parklarının yaradılması prosesi getdikcə sürətlənir. Hazırda həmin ərazilərin iqtisadi potensialının hərəkətə gətitilməsi üçün lazımi infastrukturun yaradılması sürətlə davam etdirilir.
Bu baxımdan Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında təqdirəlayiq işlər görülür, bölgədə iqtisadi fəallığın təməli qoyulur. Xatırladaq ki, adı çəkilən sənaye parkı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 oktyabr 2021-ci il tarixli fərmanı ilə yaradılıb. Prezident fərmanında qeyd olunduğu kimi, Şərqi Zəngəzur iqtisadi rayonunun Arazboyu ərazisinin əsasən düzənlik relyefə və bölgənin cənub istiqamətində giriş qapısı mövqeyinə malik olması adıçəkilən sənaye zonasının fəaliyyəti üçün əlverişli şəraiti təmin edir.
Eyni zamanda, parkın logistik imkanlar baxımından əlverişli ərazidə yaradılması investorların diqqətini cəlb edən əsas amillərdən biridir. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yeni salınan magistral avtomobil və dəmir yollarının üzərində yerləşməsi də onun uğurlu fəaliyyəti üçün zəmin yaradır. Belə ki, parkın ərazisindən həmin magistral yollara birbaşa giriş-çıxışın təmin edilməsi Zəngəzur dəhlizi vasitəsilə Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana, eləcə də Azərbaycan ərazisindən Rusiyaya yüklərin daşınmasına imkan verəcək.
200 hektar ərazini əhatə edən parkın prioritet istiqamətləri kimi logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin təşkili müəyyənləşdirilib. Bütün bu amillər həm yerli, həm də xarici iş adamalarının marağına səbəb olub. Bunun nəticəsidir ki, artıq ötən müddətdə burada iş görmək arzusunda olan 5 sahibkarlıq subyekti rezident, 1 sahibkarlıq subyekti isə qeyri-rezident kimi qeydiyyatdan keçib. İndiyədək sənaye parkının rezidenti olmaq istəyən sahibkarlar tərəfindən investisiya dəyəri 32,7 milyon manatdan çox olan layihələr təqdim olunub. Bu layihələrin reallaşdırılması ilə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 420 nəfərdən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Göründüyü kimi, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında reallaşdırılacaq layihələr bölgənin potensialının ölkə iqtisadiyyatına reinteqrasiyasına və yerli istehsalın inkişafına böyük təkan verəcək. Eyni zamanda, parkın ərazisində çoxsaylı iş yerləri açılacaq ki, bu da ölkə üzrə məşğulluq səviyyəsinin yüksəlməsinə əlavə imkanlar yaradacaq.
Mirbağır YAQUBZADƏ
XQ