11 ayda 23 milyon ton neft-kondensat və 22 milyard kubmetr qaz ixrac olunub
Bu ilin yanvar-noyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda neft-kondensat hasilatının həcmi 27,6 milyon ton, ixracı isə 23,1 milyon ton təşkil edib.
Bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Nazirin sözlərinə görə, bu dövrdə 3,6 faiz artımla hasil edilmiş 44 milyard kubmetr təbii qazın isə 22,05 milyard kubmetri ixrac olunub.
Xatırladaq ki, hazırda Azərbaycandan Bakı–Tbilisi – Ceyhan boru kəməri ilə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neft və “Şahdəniz” yatağından hasil edilən kondensat nəql olunur. Bundan əlavə, boru kəməri ilə Türkmənistan və Qazaxıstan nefti də daşınır.
Təbii qaz həcmləri isə Cənub Qaz Dəhlizinin seqmentləri olan Cənubi Qafqaz boru kəməri, TANAP və TAP vasitəsilə ixrac olunur. Bakı – Tbilisi – Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazı nəqlinə 2018-ci il iyunun 30-da, TAP kəməri ilə Avropa bazarına isə 2020-ci il dekabrın 31-də başlanılıb.
XQ