Vergi ödəyicilərinin sayı 1,5 milyonu ötüb

post-img

2023-cü il dekabr ayının 1-nə ölkə üzrə uçotda olan 1 milyon 507 min 494 vergi ödəyicisinin 87,3 faizi fiziki şəxslər, 12,7 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,7 faiz, o cümlədən fiziki şəxslərin sayı 7,5 faiz, hüquqi şəxslərin sayı isə 9 faiz artıb.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib. Məlumata görə, dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının sayı 175 min 64 olub. Ötən ilin müvafiq dövrünə nisbətən kommersiya qurumlarının sayında 9,7 faiz, aktiv kommersiya qurumlarının sayında isə 13 faiz artım qeydə alınıb.

Dekabr ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 90,6 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,3 faizi səhmdar cəmiyyəti, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb. Bu dövrdə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 34 min 554 vahid təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,9 faiz artım deməkdir.

Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 87,8 faizi yerli, 12,2 faizi isə xarici investisiyalıdır. Ötən ilin müvafiq dövrünə nisbətən yerli investisiyalı kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı 15 faiz artıb.

Cari ilin 11 ayında 2002 yerli investisiyalı MMC yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) qeydiyyata alınıb. Bununla yanaşı, bu ilin dekabr ayının 1-nə 22 min 368 xarici investisiyalı kommersiya qurumu dövlət qeydiyyatından keçib. Aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,8 faiz artıb.

XQ

 

İqtisadiyyat