Daşkənddə BMT-nin Mərkəzi Asiya iqtisadiyyatı üçün Xüsusi proqramının 25 illiyi ilə bağlı “dəyirmi masa” baş tutub

post-img

     Daşkənddəki Mərkəzi Asiya Beynəlxalq İnstitutunda (MABİ) BMT-nin Mərkəzi Asiya iqtisadiyyatı üçün Xüsusi proqramın 25 illiyi: dayanıqlı inkişaf məqsədlərinə çatmaq yolunda regional tərəfdaşlığın perspektivləri” mövzusunda “dəyirmi masa” keçirilib. 

     “Dəyirmi masa”da Bakıda keçirilən SPECA dövlət və hökumət başçılarının Mərkəzi Asiya iqtisadiyyatı üçün BMT-nin Xüsusi proqramı ilə bağlı keçirilən Zirvə görüşünün yekunları müzakirə olunub. 

     İnstitutun direktor əvəzi Fanil Kadırov bildirib ki, tədbirdə proqramın üzvü olan dövlətlərin (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistan) liderləri və yüksək səviyyəli nümayəndələri, həmçinin Macarıstan və Gürcüstandan dəvət olunmuş hökumət başçıları iştirak edib. F.Kadırov proqramın əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüb. 

     Özbəkistan xarici işlər nazirinin müavini Babur Usmanov, MABİ-nin şöbə müdiri Zafar Nurmatov, Azərbaycanın Özbəkistandakı səfirliyinin müşaviri Mahir Cəfərov və başqaları SPECA-nın Bakıda keçirilən Zirvə görüşü və bunun əhəmiyəti haqqında məlumat veriblər. 

     “Dəyirmi masa”da regionlararası əməkdaşlığın inkişafı, bu birliyin qlobal əhəmiyyətli qarşılıqlı əlaqə mərkəzinə çevrilməsi ətrafında müzakirələr aparılıb. Görüş iştirakçıları qeyd ediblər ki, Azərbaycanın sədrliyi zamanı üzv dövlətlərin regional əməkdaşlığı yeni mərhələyə qədəm qoyub. 

     Proqram çərçivəsində ticarət, kommunikasiya, nəqliyyat və loqistika, su ehtiyatları, ekologiya, gender bərabərliyi və s.  sahələrdə layihələr uğurla həyata keçirilib. Ticarətin asanlaşdırılması və innovativ inkişaf üzrə strategiyanın hazırlanması və qəbul edilməsi məsələsinə xüsusi diqqət yetirilib. 

Deyilib ki, son 6 il ərzində Mərkəzi Asiya regionunda baş verən köklü dəyişikliklər Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa ölkələri arasında münasibətlərin səmərəli olmasına imkan yaradıb. 

     Qeyd olunub ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev müxtəlif istiqamətlər üzrə dövlətlərin birgə səylərinin gücləndirilməsi istiqamətində bir sıra təşəbbüslər irəli sürüb. 

     “Dəyirmi masa” çərçivəsində “yaşıl” iqtisadiyyat, innovasiya, yüksək texnologiyalar, loqistika, alternativ energetika, müasir sosial strukturun yaradılması barədə də fikir mübadiləsi aparılıb. 

     Azərbaycan politoloqu, “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə mövzu ilə bağlı fikirlərini bölüşüb. 

 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Daşkənd       





İqtisadiyyat