Qarabağ Zəfərinə aparan iqtisadi qüdrət

post-img

Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Zəfəri şərtləndirən əsas səbəblərdən biri də ölkəmizin güclü iqtisadiyyata malik olması idi. 

Bu məqsədə nail olmaq üçün respublikamızın təlatümlü bir vaxtında–1993-cü ildə Azərbaycan rəhbərliyinə yenidən qayıdan ulu öndər Heydər Əliyev daxili çəkişmələrə son qoymaqla, xaosu, özbaşınalığı aradan qadırmaqla, sabitliyin, əmin-amanlığın qorunmasını, möhkəmlənməsini,  ordu quruculuğunu diqqətdə saxlamaqla bərabər   iqtisadiyyatı da dirçəltməyi qarşıya mühüm vəzifə kimi qoydu.  

Dahi şəxsiyyətin rəhbərliyi ilə həyata keçirilən makroiqtisadi sabitləşmə tədbirləri   nəticəsində  19972003-cü illərdə ümumi daxili məhsul (ÜDM) 74,8 faiz, sənaye 30,8 faiz, kənd təsərrüfat 58 faiz, əsaslı vəsait qoyuluşu isə 4,7 dəfədən çox artdı. Respublikada adambaşına düşən ÜDM-in həcmi 1993-cü ildə 180 dollar, 1995-ci ildə isə 319 dollar olduğu halda, bu rəqəm 2003-cü ildə 1995-ci ilə nisbətən 4,9 dəfədən çox artaraq 880 dollara, xarici ticarət dövriyyəsinin həcmi 4 dəfə artaraq 5,3 milyard dollara yüksəldi, habelə ticarət dövriyyəsinin ümumi strukturunda idxal 3,9 dəfə, ixrac isə 4,1 dəfə artdı. 

Ölkəmizin müasir iqtisadi inkişaf modelinin müəllifi Ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə  1994cü il sentyabrın 20-də Azərbaycan dünyanın aparıcı neft şirkətləri ilə “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərin hissəsinin birgə kəşfıyyatı, həmçinin işlənməsi üzrə “Əsrin müqaviləsi” adlandırılan saziş  bağladı. Bu sazişin icrası nəticəsində 1994-2000-ci illər arasında Azərbaycan iqtisadiyyatına 11,4 milyard dollar həcmində investisiya qoyuldu.

Beləliklə, Ulu öndər yenidən hakimiyyətə qayıtmaqla Azərbaycanın parçalanmasının qarşısını aldı, siyasi hərc-mərcliyə son qoydu, daxili sabitliyi, əmin-amanlığı gücləndirməklə ölkəni yeni dinamik inkişaf yoluna çıxardı, nizami ordunun yaradılmasının əsasını yaratdı.

Həmin dövrdən ötən 20 il ərzində isə Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz bu gün beynəlxalq aləmdə qüdrətli dövlət kimi tanınır. Dünyada gedən ağır iqtisadi proseslərə və hökm sürən dərin böhrana baxmayaraq Azərbaycan iqtisadiyyatında son 20 ildə ÜDM-in nominal həcminin 22 dəfə artaraq 133,8 milyard manata yüksəlməsi, əhalinin gəlirlərinin 13,7 dəfə, strateji valyuta ehtiyatlarının isə 41 dəfədən çox artaraq 1,6 milyard dollardan 65,9 milyard dollara çatması, Azərbaycana 300 milyard dollardan çox sərmayə yatırılması, həmin göstəricinin 140 milyard dollardan çox hissəsinin  xarici investisiya olması bunun bariz ifadəsidir.

Son 20 ildə iqtisadiyyatın dinamik inkişafı əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımların əhatə dairəsini də genişləndirib. Başqa sözlə, iqtisadiyyatın getdikcə güclənməsi sosial siyasətin davamlı şəkildə yürüdülməsinə əlverişli şərait yaradıb. Belə ki, son illərdə əmək haqları, pensiyalar və müavinətlər dəfələrlə artıb. Bununla yanaşı, indiyədək 300 minə yaxın keçmiş  məcburi köçkünün mənzil şəraitinin yaxşılaşdırılması, Vətən müharibəsindən ötən müddətdə isə erməni faşizminin darmadağın etdiyi şəhər və kəndlərimizin heç bir xarici dəstək olmadan yenidən qurulması, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı prosesi gerçəkləşib. 

Yeri gəlmişkən, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2022-2026-cı illər üzrə bərpası və dayanıqlı inkişafı Dövlət Proqramı”na əsasən, ilkin mərhələdə 100 yaşayış məntəqəsinin (8 şəhər, 8 qəsəbə və 84 kənd) bərpa edilməsi nəzərdə tutulub. Prezident İlham Əliyev tərəfindən 29 yaşayış məntəqəsinin təməli qoyulub.  Ümumilikdə, Vətən savaşından dərhal sonra başlanan bərpa-quruculuq layihələri çərçivəsində dövlətimizin başçısı tərəfindən 105 layihənin təməli qoyulub, 63 müxtəlif təyinatlı tikinti obyektinin açılışı olub. Düşməndən təmizlənən ərazilərdə çoxsaylı sosial infrastruktur yenidən qurulub, iki hava limanı, avtomobil yolları, dəmir yolu, su elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar və digər obyektlər tikilərək istifadəyə verilib. Ötən ilin iyul ayından etibarən ilkin olaraq 2 şəhərə (Laçın və Füzuli) və 3 kəndə (Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış və Laçın rayonunun Zabux kəndləri) keçmiş məcburi köçkünlərin qayıdışı reallaşdırılıb.

Azərbaycanın “2022–2026-cı illər Böyük Qayıdış” proqramı çərçivəsində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına 40 mindən çox məcburi köçkünün şəhərlərə və qəsəbələrə köçürülməsi nəzərdə tutulub.

2003-cü ildən etibarən düşünülmüş uzunmüddətli strategiya əsasında Azərbaycan  Avropa üçün çox önəmli ölkəyə çevrilib. Avropa İttifaqına üzv ölkələrin üçdəbiri – doqquz ölkə ilə strateji tərəfdaşıq sənədi imzalanıb. Bu, respublikamızın beynəlxalq mövqelərinin kifayət qədər güclənməsini şərtləndirib. Yaxud xarici borc probleminin həlli  uğurla reallaşdırılıb. 

Son 10 ildə iqtisadiyyat iki qlobal maliyyə böhranından uğurla çıxıb, ölkə iqtisadiyyatı xarici təsirlərə davamlılığı ilə diqqət çəkib. 2014‒2015-ci illərdə qlobal əmtəə bazarında neftin qiymətinin 3 dəfəyə qədər azalmasına, 2020-ci ilin əvvəllərindən başlayan və davam etməkdə olan pandemiya böhranı ölkədə makroiqtisadi sabitlik üçün ciddi təhdidlər yaratmasına baxmayaraq, çevik və səmərəli iqtisadi idarəetmə hesabına makroiqtisadi sabitlik, həmçinin əhalinin rifahı və sağlamlığı qorunub. Srateji valyuta ehtiyatları 66,4 milyard manata çatıb. Mərkəzi Bankın valyuta ehtiyatları isə on ayda 16,8 faiz artaraq 10,5 milyard manata yüksəlib.

Respublikamız  bu gün 2022‒2030-cu illəri əhatə edən strateji inkişaf mərhələsini yaşayır. Bu strateji dövrdə yeni nəsil struktur və institusional islahatlar vasitəsilə iqtisadi artımın müasir və dayanıqlı mənbələrinin hərəkətə gətirilməsi, milli iqtisadiyyatın innovasiya yönümünün və maliyyə dayanıqlığının daha da gücləndirilməsi, ölkə iqtisadiyyatının qlobal dəyər zəncirinə səmərəli inteqrasiya yolu ilə Azərbaycan dövləti öz qüdrətini daha da artırmaq, yüksək rifah cəmiyyətinin qurulması istiqamətində yeni hədəfləri gerçəkləşdirmək əzmindədir.

Bütün bu vəzifələr isə “Azərbaycan‒2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə söykənən “2022‒2026-cı illərdə sosial–iqtisadi inkişaf Strategiyası”nda öz aydın ifadəsini tapıb. Məsələn, sənəddə 2026-cı ilin sonuna kimi iqtisadi artımın tamamilə yeni keyfiyyət amilləri bazasında formalaşdırılması, xüsusilə prioritet sahələrdə artım templərinin sürətləndirilməsi, iqtisadiyyatın və məşğulluğun dayanıqlığının daha da gücləndirilməsi mühüm məqsədlər sırasında yer alıb.

Qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə həyata keçirilməsinə isə son 10 ildə gerçəkləşdirilən genişmiqyaslı islahatların uğurlu nəticələri əsaslı təsir göstərib.   Belə ki, bu müddətdə ölkə iqtisadiyyatında makroiqtisadi sabitlik və dayanıqlıq təmin edilib, sosial rifahı dəstəkləyən iqtisadi artıma nail olunub. Milli iqtisadiyyatın aparıcı sahələrində müasir texnologiyaların geniş tətbiqi və keyfiyyətli insan kapitalının cəlbi sayəsində məhsuldarlıq xeyli artıb, iqtisadiyyat sürətlə şaxələnib və daxili istehsal qlobal dəyər zəncirinə effektiv inteqrasiya edib. Azərbaycan 4-cü Sənaye İnqilabının aktiv mərkəzlərindən biri olmaqla xarici investorlar üçün böyük fürsətlər məkanına çevrilib. Bu dövrdə milli iqtisadiyyat 15 faiz böyüyüb, qeyri-neft-qaz ümumi daxili məhsul (ÜDM) isə 1,4 dəfə artıb. 2011-ci illə müqayisədə qeyri-neft-qaz ixracının 78,3 faiz  yüksəlməsinə nail olunub. 

Vaqif BAYRAMOV  

XQ

İqtisadiyyat