Vasif Cavadlı  “Bank of Karabakh” layihəsi ilə doğma yurdu dünyada tanıtmaq istəyir

post-img

Uzun illər dünyanın yaxın-uzaq guşələrində yaşasalar da, ürəkləri, qəlbləri ilə Azərbaycana bağlı olan soydaşlarımız yağı tapdağında qalan Qarabağı unutmadılar, qürbətdə olsalar da belə, Vətənin ayrılmaz bir parçası ilə daim nəfəs aldılar, ən ağır vaxtlarda ölkəmizin haqq səsini bütün dünyaya yaydılar. Eyni zamanda, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə xalqımıza bu bəxtəvərliyi, xoşbəxtliyi yaşatdığına görə sonsuz minnətdarlıqlarını çatdırmağı da unutmadılar.

Beləl isdedadlı, intellektli gənclərimizdən biri ölkəmizi Avropada layiqincə təmsil edən və Qarabağın iqtisadi inkişafı məqsədiylə ölkəmizə xaricdən böyük həcmdə maliyyə investisiyası cəlb etmək arzusu ilə yaşayan Vasif Bakir oğlu Cavadlıdır.

Əslən qədim yurd yerimiz Qarabağdan, mədəniyyət paytaxtımız Şuşa şəhərindən olan Vasif Cavadlı 1997-ci il yanvarın 2-də Bakı şəhərində dünyaya göz açıb. 2013-cü ildə orta təhsilini 3 nömrəli Şuşa orta məktəbində tamamlayıb və 2013-2018-ci illərdə Bakı Mühəndislik Universitetinin “Sənayenin təşkili və idarə olunması (Sənaye Mühəndisliyi)” ixtisası üzrə bakalavr təhsilini başa vurub.  

Vasif hələ universitet illərindən ixtisası üzrə bir sıra beynəlxalq müsabiqələrdə iştirak edib, könüllülük fəaliyyətləri ilə yanaşı, bir sıra müəssisələrdə çalışıb. O, 2018-2019-cu illərdə Fransada yerləşən “Université de Bordeaux”da “Müəssisə idarəetməsi” üzrə magistratura dərəcəsini müvəffəqiyyətlə tamamlayıb. Bu dövrdə Almaniyanın biznes və mühəndislik üzrə nüfuzlu beynəlxalq araşdırma mərkəzlərindən birində, Fraunhofer IPK-də (Fraunhofer Institute for Production Systems and Design Technology) biznes proseslərinin idarə edilməsi üzrə çalışıb. 2019-cu ildə isə Lüksemburq Universitetinin “Dayanıqlı məhsul istehsalı” üzrə ikinci magistr dərəcəsi almaq üçün aldığı təhsili yarıda qoyaraq iş fəaliyyətini davam etdirib.
V.Cavadlı hazırda dünyanın ən böyük maliyyə mərkəzlərindən biri olan Lüksemburqda maliyyə sahəsində çalışır və eyni zamanda, biznes fəalliyyəti ilə məşğul olur.
Vasif söhbət zamanı dedi:

 –Qarabağın, o cümlədən Şuşanın qəsbkarın tapdağı altından xilas edilməsi təkcə Azərbaycanda yaşayan insanlarımızın deyil, həm də Vətəndən uzaqlarda məskunlaşan bizim ən müqəddəs arzumuz idi. Hamı kimi, məndə də Şuşa şəhərinin işğaldan xilas olunacağı günün tezliklə gələcəyinə, doğma Qarabağımızın “döyünən ürəyinin” düşməndən təmizlənəcəyinə, dədə-baba ocaqlarına dönəcəklərinə qəti əminlik vardı. Bu inamı, ümidi isə Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti sayəsində ordumuzun gündən-günə artan güc-qüdrəti yaratmışdı.

Bəli, ulu öndərimiz Heydər Əliyevin layiqli davamcısı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəliyi ilə qəhrəman ordumuzun güc-qüdrəti sayəsində şanlı tariximizdə xalqımız üçün parlaq yeni bir yeni səhifə açıldı, biz qarabağlıların 30 illik Vətən həsrətinə son qoyuldu. Gənclik bu gün belə bir uğurlu siyasətin davamlı və dayanıqlığını qorumağı özünün müqəddəs borcu bilir.
Dövlət başçımızın rəhbərliyi ilə qazanılan tarixi zəfərdən ruhlanan  Vasif Cavadlı ilk dəfə Bank of Karabakh (Global Face of Azerbaijan) layihəsini reallaşdırmaq qərarına gəlib.

Otuz ildən cox bir zaman ərzində Qarabağ ağrı-acısı ilə böyüyən və  Qarabağın yağı tapdağından azad ediləcəyinə qəlbən inanan Vaqif Cavadlının xalqımızın rifah içində yaşaması üçün düşündüyü bu təşəbbüsün gerçəkləşməsi, uzun illər ürəyində yaşatdığı bu arzunun göyərməsi–“Bank of Karabakh” layihəsinin həyata vəsiqə alması və Azərbaycanın qlobal siması halına gəlməsi ən böyük, ən ülvi arzusudur.

Qeyd edək ki, V.Cavadlının ən böyük məqsəd–arzusu xarici investorları Qarabağ bölgəsinə cəlb etmək və bu yolla ölkəmizin və xalqımızın sosial–iqtisadi inkişafında xidmət etməkdir. Adıçəkilən layihənin həyata keçirilməsi isə nəinki yerli iqtisadiyyatın canlanmasına təkan vermək, həm də Qarabağımızı, bütövlükdə Azərbaycanımızı gələcəkdə  baş verə biləcək iqtisadi və siyasi risklərdən qorumaq, yağı tapdağından azad olunan yurdumuzun adı ilə–Qarabağla respublikamızı dünyanın maliyyə mərkəzinə çevirməkdir.


Seymur Yusifli,
 vəkil

İqtisadiyyat