Azərbaycanın paytaxtı Bakı oktyabrın 2-dən etibarən beş gün ərzində daha bir mötəbər tədbirə - 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməyə başlayır.
Oktyabrın 6-dək davam edəcək Konqresə 100-dən artıq ölkədən 5 mindən çox nümayəndə qatılıb.
Azərbaycanın ilk dəfə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə ‒ 1973-cü ildə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinə 50 il sonra yenidən ev sahibliyi etməsi böyük rəmzi məna daşıyır. Bu dəfə ölkəmiz Konqresə müstəqil dövlət kimi ev sahibliyi edəcək. Bu, Azərbaycanın müasir texnologiyalar, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində qazandığı mühüm nailiyyətlərə beynəlxalq səviyyədə göstərilən yüksək diqqət və hörmətin parlaq göstəricisidir. Dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan bu Beynəlxalq Konqresin ikinci dəfə Azərbaycanda keçirilməsi həm də ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik ictimaiyyət və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası (IAF) ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində misilsiz imkanlar yaradacaq.
Bu mötəbər tədbirin ölkəmizdə keçirilməsi barədə qərar 2019-cu ilin oktyabrında ABŞ-ın paytaxtı Vaşinqtonda qəbul edilib. Belə ki, Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilər zamanı Bakı şəhəri Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb. Həmin seçkilərdə Azərbaycan paytaxtı bu mötəbər tədbirə ev sahibliyi üçün namizədliyini irəli sürmüş Rio-de-Janeyro, Nyu-Dehli və Sinqapur kimi müasir və inkişaf etmiş şəhərləri geridə qoyaraq qalibiyyət əldə edib.
Konqresə hazırlıq. Azərbaycan dövləti bu mötəbər beynəlxalq tədbirin ölkəmizdə ikinci dəfə təşkilinə böyük önəm verir və bu Konqresə ciddi hazırlaşıb. Prezident İlham Əliyevin 2022-ci il 7 fevral tarixli Sərəncamı ilə 74-cü Beynəlxalq Astronavtika Konqresinin 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Baş nazirinin sədrliyi ilə Təşkilat Komitəsi yaradılıb.
Bundan başqa, Konqreslə əlaqədar ölkəmizə gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Prezident İlham Əliyev tərəfindən başqa bir Sərəncam da imzalanıb. Həmin Sərəncama əsasən, bu mötəbər tədbirlər əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2023-cü il sentyabrın 20-dən oktyabrın 7-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala biləcəklər.
Dövlətimizin başçısının 2022-ci il 7 fevral tarixli Sərəncamında kosmik sənaye və peyk xidmətləri sahəsində əldə edilmiş təcrübənin, formalaşmış yeni insan kapitalı və etibarlı tərəfdaş imicinin təzahürü olaraq, Azərbaycanın Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazandığı vurğulanır. Eyni zamanda, Sərəncamda bildirilir ki, Azərbaycanda müasir texnologiyaların geniş tətbiqi, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində mühüm nailiyyətlər əldə edilib. Ötən illərdə hərtərəfli dövlət dəstəyi ilə ölkədə kosmik sənaye üzrə müasir infrastruktur yaradılmış, informasiya təhlükəsizliyinin vacib komponenti olan telekommunikasiya peykləri orbitə buraxılmış, xarici dövlətlərin peyklərindən asılılıq aradan qaldırılmış və peyk xidmətlərinin ixracına başlanılıb. Mövcud peyk şəbəkəsi ölkəmizin suverenliyinin qorunması ilə yanaşı, onun sosial-iqtisadi inkişafına da mühüm dəstək verir. Uğurlu peyk layihələri sayəsində Azərbaycan dünya kosmik ailəsinin bir üzvünə çevrilərək beynəlxalq kosmik icmada böyük nüfuz qazanıb.
Proqram. Qeyd edək ki, 74-cü Beynəlxalq Astronavtika Konqresinin proqramı olduqca məhsuldardır. Konqresin rəsmi açılış mərasimindən sonra tədbir çərçivəsində nazirlərin və parlament üzvlərinin beynəlxalq görüşü, BMT və IAF-in birgə seminarı (UN/IAF Workshop), Beynəlxalq Astronavtika Akademiyasının tədbirləri (IAA Activities), Kosmik Nəsil Məşvərət Şurasının Konqresi (Space Generation Congress), Kosmos Hüququ üzrə Beynəlxalq İnstitutun tədbirləri (IISL Moot Court Semi-Finals & Finals), Beynəlxalq Kosmik Təhsil Şurasının seminarı (ISEB Educators Professional Development Workshop), texniki sessiyalar da təşkil olunacaq.
Xatırladaq ki, Kosmik Nəsil Məşvərət Şurasının 21-ci Kosmik Nəsil Konqresi müvəffəqiyyətlə həyata keçirilib. 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində keçirilən tədbirdə 50 ölkəni təmsil edən 150-dən çox gənc iştirak edib. Üç gün davam edən tədbirdə kosmos və kibertəhlükəsizlik, iqlim dəyişikliyi və kosmosun dayanıqlığı, gender bərabərliyi, kosmik sahədə əməkdaşlıq və digər mövzular ətrafında müzakirələr aparılıb. Hər il keçirilən bu tədbirin məqsədi isə gənclərin kosmik sənaye sahəsində çalışan qeyri-hökumət təşkilatları, kosmik araşdırmalar institutları və akademik dairələrlə ünsiyyətini intensivləşdirmək, onların bu sahədə bacarıqlarını artırmaqdır.
Oktyabrın 1-də Milli Məclisdə keçirilən Beynəlxalq Astronavtika Federasiyasına (İAF) üzv ölkələrin nazirləri və parlamentlərinin üzvləri üçün nəzərdə tutulmuş 13-cü beynəlxalq tədbirdə “Kosmik həllərin siyasi gündəliyə daxil edilməsi siyasətçilər üçün zəruridir” adlı proqramı müzakirə edilib.
İAF qlobal miqyasda həm institusional, həm də özəl kosmik sektorun bütün oyunçularını bir araya toplayan qeyri-hökumət təşkilatı olmaqla, kosmik texnologiyalar və tədqiqatlar haqqında ən son yenilikləri paylaşmaq və beynəlxalq əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır.
“İctimai xidmətlərin təkmilləşdirilməsində kosmik həllər”, “Fəlakətlər və risklərinin qarşısının alnması üçün kosmik həllər” və “Resursların idarə olunmasında kosmik həllər” mövzularına həsr olunmuş sessiyalarda Avropa ölkələrinin uğur tarixçələrindən danışılıb.
Otuzdan çox dövlətdən 70-ə yaxın nazirlik, agentlik və parlament üzvlərinin qatıldığı görüşdə 3 əsas sessiya üzrə panel müzakirələri təşkil olunub.
Həmçinin sentyabrın 29-dan BMT-nin Kosmik Fəza Məsələləri İdarəsi (UNOOSA) və Beynəlxalq Astronavtika Federasiyasının birgə təşkilatçılığı ilə Bakıda “Sosial və iqtisadi faydalar naminə kosmik texnologiyalar” adlı üçgünlük seminar keçirilib. 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində təşkil olunan tədbirin məqsədi təhsil, innovasiya və texnologiya arasında əlaqəni gücləndirmək, eyni zamanda, bu istiqamətdə tərəfdaşlıq imkanlarını araşdırmaqdır.
Tədbirin Azərbaycan üçün faydaları. Konqresin ölkəmiz üçün bir çox faydaları da olacaq. Belə ki, bu beynəlxalq tədbir ölkəmizdə kosmik sahədə innovasiyaya, tədqiqatlara və inkişafa töhfə verəcək. Həmçinin Azərbaycan gənclərinin kosmos və yüksək texnologiyalara marağının artırılması və yeni texnoloji inkişaf dövrünə hazırlığını təşviq edəcək. Ölkəmizin qlobal müstəvidə artan nüfuzuna dəstək, kosmos diplomatiyası və irihəcmli beynəlxalq kosmik layihələrdə iştirak imkanları yaranacaq. Dünyanın 75-dən çox ölkəsindən yüzlərlə yüksəkixtisaslı mütəxəssisin, həmçinin 2500-dən çox gəncin ölkəmizə səfəri Azərbaycanla bağlı məlumatlılığı artıracaq.
Qeyd edək ki, Konqres müddətində könüllü olaraq fəaliyyət göstərmək üçün gənclər, xüsusilə kosmos sahəsinə marağı olan tələbələr seçilib. Könüllülər Konqresin keçirildiyi günlərində iştirakçıların qarşılanması, yönləndirilməsi, məlumatlandırılması və digər təşkilati işlərin icrası istiqamətlərində fəaliyyət göstərəcəklər.
Sponsorluq. Xüsusi vurğulanmalıdır ki, 74-cü Beynəlxalq Astronavtika Konqresi kosmik sahədən olan 22 şirkətin əldə etdiyi sponsorluq paketinin sayına görə də liderdir. Belə ki, Bakı Konqresi beynəlxalq sponsorluq paketinin satışı üzrə Avstraliya, Almaniya, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Fransada keçirilən konqresləri geridə qoyub.
Konqresin ümumilikdə 30-dan çox sponsoru olacaq, eyni zamanda, Sərgi Pavilyonunda 36 ölkədən 150 şirkətin stendi nümayiş etdiriləcək.
İştirakçılar. Hazırda Konqresdə iştirak üçün 100-dən çox ölkədən 5000-ə yaxın nümayəndə qeydiyyatdan keçib.
Konqresin “Premyer”, “Platinium”, “Qızıl”, “Gümüş” və “Bürünc” adlı sponsorluq paketlərini əldə edən şirkətlər arasında ABŞ-ın “Space X”, “Axiom”, “Blue Origin”, “Boeing”, “Lockheed Martin”, “Black Sky” “Vast Space”, “The Northrop Grumman” şirkətləri, Çinin Astronavtika Cəmiyyəti, Türkiyənin Kosmik Agentliyi, “PLAN S” texnologiya şirkəti, Səudiyyə Ərəbistanının Kosmik Agentliyi, İsrailin “IAI” şirkəti, BƏƏ-nin Muhammed Bin Rəşid Kosmik Mərkəzi, Hindistan Kosmik Tədqiqatlar Təşkilatı, Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi, “I Space”, “JGC”, “Astroscale” şirkətləri, “Airbus” şirkətinin Almaniyadakı ofisi, Beynəlxalq Kosmik Rabitə Təşkilatı “İntersputnik”, Portuqaliyanın “Neuraspace”, Bolqarıstanın “EnduraSat”, Avstriyanın “Asgardia Space”, İtaliyanın Aeronavtika və Astronavtika Assosiyasiyası, Böyük Britaniyanın Kosmik Agentliyi, Amazonun “Kuiper” layihəsi, “Jet Propulsion Laboratory”, “Voyager” şirkətləri yer alır.
Məqalələr. Konqresə Azərbaycandan təqdim olunan elmi məqalələrin sayı da rekord həcmdə olub – 214. Ölkəmiz ən çox elmi məqalə təqdim edən ölkələr – ABŞ, İtaliya, Hindistan və Çindən sonra ilk beşlikdə yer alır.
Bakı Konqresinə ümumilikdə 95 ölkədən 3600-dən çox elmi məqalə təqdim olunub. Bu göstərici ilə Bakı Konqresi Paris (2022), Vaşinqton (2019) və Bremen (2018) tədbirləri ilə birgə indiyədək keçirilən bütün konqresləri geridə qoyub.
Bakı Konqresində bütün dünyadan, o cümlədən Azərbaycandan olan elm adamları və gənclər kosmosun imkanlarına həsr olunmuş 190 texniki sessiyada və digər tədbirlərdə çıxış edə biləcəklər. Mars və Aya gediş-dönüş missiyaları, “James Webb” Kosmik Teleskopunun bəşəriyyətə töhfəsi, “Global Networking Forum” kimi maraqlı panel müzakirələri, dəyirmi görüşlər, interaktiv sessiyalar və zəngin proqramları ilə Bakı Konqresi dünyanın yeni kosmik tendensiyalarını gündəmdə saxlayacaq.
Astronavtika Konqresində Azərbaycan diasporunu təmsil edən tanınmış alimlər də iştirak edəcəklər. Onların arasında Mərkəzi Florida Universiteti, Günəş Enerjisi Mərkəzi, Hidrogen Energetika üzrə qrup rəhbəri Nazim Muradov, İstanbul Ticarət Universitetinin professoru, mexanika və aerokosmik mühəndislik sahəsində tanınmış alim Abdulla Sofiyev, İstanbul Texniki Üniversitetinin Aeronavtika və kosmonavtika fakültəsinin professoru Çingiz Hacıyev, “Capella Space” şirkətinin meneceri, Florida Azərbaycan icmasının rəhbəri Esmira Bayramova var.
Kosmik fəaliyyətlər haqqında. Bakıda, həmçinin qlobal kosmik fəaliyyətlər ətrafında kosmos ictimaiyyəti tərəfindən müzakirələr və fikir mübadiləsi aparılacaq. Məsələn, bu baxımdan “SpaceX” şirkətinə məxsus tarixin ən güclü raketi “Starship”in kosmosa uçuş cəhdləri, Hindistanın “Çandrayaan-3” kosmik aparatının Aya enməsi, NASA-nın Artemis II missiyası üzrə Ay ətrafında dövr edəcək astronavtların adlarını açıqlaması, Türkiyənin ilk kosmonavtlarının bəlli olması, Böyük Britaniyanın aerokosmik şirkəti “Virgin Galactic”in ilk turistlərini kosmosa göndərməsi, Avropa Kosmik Agentliyinin ilk dəfə “Jupiter Icy Moons Explorer” (JUICE) adlı kosmik aparatını Yupiterə göndərməsi, Çinin “Tiangong” kosmik stansiyasının tam istifadəyə verilməsi kimi hadisələri göstərmək olar.
Qeyd. Beynəlxalq Astronavtika Federasiyası İkinci Dünya müharibəsindən sonra “soyuq müharibə” dövründə kosmos sahəsində elm adamlarının arasında dialoqun yenidən qurulması məqsədilə 1951-ci ildə yaradılıb. Federasiya sülh məqsədləri ilə kosmik tədqiqat və fəaliyyətin təşviq edilməsi, cəmiyyətin bu sahədə maariflənməsi və biliklərinin zənginləşdirilməsi məqsədilə üzv qurumlar arasında qlobal şəbəkə yaradır. Hər il Federasiya konfrans, texniki sessiyalar, quruma üzv ölkələrin nazirləri və parlament üzvlərinin beynəlxalq iclası kimi beynəlxalq tədbirlər təşkil edir. Hazırda Federasiyanın 110 ölkədən 460-dan çox üzvü var. Azərbaycan 2003-cü ildən Federasiyanın üzvüdür.