Ağcabədidə pambıq yığımına başlanılıb

post-img

Ağcabədidə pambıq əkini aparılan sahələrdə məhsul yığımına başlanılıb. Cari ildə rayonun pambıq sahələrinin 4392.4 hektarında “MKT-İK” MMC, 3770 hektarında “Azərpambıq” MMC, 2400 hektarında “P-Agro” MMC, 169.58 hektarında “Aztəsərrüfat” MMC, 690,7 hektarında “Cotton Trade” MMC, 70 hektarında isə “AŞİB” MMC ilə müqavilə əsasında pambıq becərilib. 

Ağcabədi Rayon İcra Hakimiyyətinin Sosial- iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən verilən məlumata əsasən, Hindarx qəsəbəsi yaxınlığında fəaliyyət göstərən “Cotton Trade” MMC şirkəti tərəfindən sahələrdən 157 ton pambıq məhsulu yığılaraq məntəqələrə təhvil verilib. 

Məlumata görə, əlverişli hava şəraiti nəzərə alınaraq  pambıq tarlalarında defolyasiya işləri həyata keçirilib. Məhsulun tez və itkisiz yığımını təşkil etmək məqsədilə pambıqyığanlar və daşıyıcı lafetlər hazır vəziyyətə gətirilib. Fermerlər yüksək məhsuldarlığa nail olmaq üçün bütün aqrotexniki tədbirləri həyata keçiriblər. Onlar bu mövsümdə də yüksək məhsul istehsal etmək əzmindədirlər.

Qeyd edək ki, ötən 2022-ci ildə rayon 11 min 838,6 hektar əkin sahəsindən 40 min 362,67 ton məhsul yığılıb.

P.ƏFƏNDİ

İqtisadiyyat