Azərbaycan və Braziliya arasında ticarət dövriyyəsi artır

post-img

2023-cü ilin 6 ayı ərzində Azərbaycan və Braziliya arasında ticarət dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 27 faiz artıb.

Trend-in məlumatına görə, bunu cümə axşamı Braziliyanın Azərbaycandakı səfiri Manuel Adalberto Karlos Monteneqro Lopez da Kruz Braziliyanın Müstəqillik Gününə həsr olunmuş tədbirdə deyib.

“Rəsmi məlumatlara görə, 2023-cü ilin birinci yarısında ikitərəfli ticarət dövriyyəmiz 2022-ci ilin eyni dövrü ilə müqayisədə 27 faiz artıb və bu artım tendensiyası olduğunu təsdiqləyir. 2020-ci illə müqayisədə 2021-ci ildə ikitərəfli ticarət dövriyyəmiz iki dəfədən çox artıb. Braziliya o zaman Azərbaycan gübrələrinin ən böyük idxalçısı idi”, - deyə səfir bildirib.

O qeyd edib ki, qarşılıqlı faydalı tərəfdaşlığın daim inkişaf etdirilməsi Azərbaycan və Braziliyanın ümumi gündəliyində duran prioritet məsələlərdən biridir.

Səfir bildirib ki, hazırda ikitərəfli iqtisadi əməkdaşlıq üçün geniş imkanların nəzərdən keçirilməsi üçün ticarət və investisiyalar üzrə hökumətlərarası işçi qrupunun çağırılması məsələsi müzakirə olunur.

Onun sözlərinə görə, Braziliya Latın Amerikasında Azərbaycanın on ən böyük ticarət tərəfdaşı sırasında qalmaqda davam edir.

O, həmçinin qeyd edib ki, oktyabrda kosmik elm və texnologiya sahəsində əməkdaşlığa dair ikitərəfli sazişin təqdimatı gözlənilir.

S.ELAY,

"Xalq qəzeti"

İqtisadiyyat