2023-cü ilin yanvar-iyul ayları üzrə ölkəmizdə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 7 milyard 262,4 milyon manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz çoxdur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə aqrar sahədə istehsal olunmuş ümumi istehsalın 3 milyard 411,4 milyon manatı heyvandarlıq, 3 milyard 851 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb. İlin ötən 7 ayında heyvandarlıq məhsulları üzrə 3,4 faiz, bitkiçilik məhsulları üzrə isə 3,2 faiz artım qeydə alınıb.
2023-cü ilin yanvar-iyul aylarında ölkədə quş əti də daxil olmaqla diri çəkidə 327 min ton ət, 1 milyon 305,8 min ton süd, 1 milyon 305,1 milyon ədəd yumurta, 14,4 min ton yun və 356,6 ton barama istehsal olunub. 2022-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,1 faiz, süd istehsalı 1,7 faiz, yumurta istehsalı 12 faiz, barama istehsalı 5,1 faiz artıb. Yun istehsalı isə 2,6 faiz azalıb.
“Xalq qəzeti”

