Ağdam torpağı yenə bol taxıl yetirib

post-img

Taxıl tədarükü iqtisadiyyatımızın ən önəmli sahələrindən biridir. Bu məhsul əhalinin çörək və çörək məmulatlarına olan tələbatını ödəməklə yanaşı, həm də heyvandarlığın qüvvəli və qaba yemə olan tələbatının ödənilməsində mühüm rol oynayır. Odur ki, taxılçılığın inkişafı daim dövlətimizin diqqət mərkəzində saxlanılır, taxıl tədarükünün artırılması, əhalinin ərzaq təminatı ilə bağlı dövlət başçısı, həmçinin hökumət tərəfindən mühüm qərarlar qəbul edilir. Görülən tədbirlər isə öz nəticəsini verir, hər il bol məhsul yığılır. 

Artıq Ağdam rayonunun fermerləri və torpaq mülkiyyətçiləri taxıl biçinini başa çatdırıblar. Onların vaxtında kənd təsərrüfatı texnikalarını seçməsi, gübrə və pestisidlər əldə etməsi, taxıl isteh­salının artırılmasında məhsuldar, yerli iqlim şəraitinə və xəstəliklərə davamlı, yüksək reproduksiyalı taxıl toxumlarına üstünlük vermələri yüksək məhsuldarlı­ğa səbəb olub. Bundan başqa, müasir suvarma sistemindən istifadə olunması da təsirsiz ötüşməyib.

Rayon Statistika İdarəsinin məlu­matına əsasən, 10 min 354 hektar taxıl sahəsindən 42 min 775 ton məhsul əldə edilib. Məhsulun 34 min 695 tonu buğ­da, 8 min 80 tonu arpadır. Hər hektara məhsuldarlıq orta hesabla 41,3 sent­ner, o cümlədən buğda sahələrində 41,9 sentner, arpa sahələrində isə 39 sentner məhsul əldə ediblər. Hər hekta­rın orta məhsuldarlığı republika göstəri­cisindən 9, 3 sentner çoxdur. 

Rayonda məhsul yığımı ilə yanaşı, kənd təsərrüfatı məhsulları istehsalı­nın artırılmasında mühüm rol oynayan təkrar əkinin tətbiqi də uğurla həyata keçirilir, yüksək məhsuldarlıq əldə et­mək üçün torpağa lazımi aqrotexniki qulluq göstərilir. Avqustun 1-dək 3 min 108 hektar sahədə şum qaldıraraq 241 hektarda təkrar əkin işləri aparılıb. 

Təkrar əkinlərin 100,5 hektarı silos üçün qarğıdalı, 3 hektarı kələm, 5 hek­tarı xiyar, 11 hektarı pomidor, 77 hekta­rı sorqo (süpürgə), 44,5 hektarı darıdır. Rayonda payızlıq dənlilərin səpilməsi üçün hazırlıq işləri də həyata keçirilir.

Rayon Statistika İdarəsinin məlu­matına əsasən, cari ildə rayonda 24 min 336 ton müxtəlif növ tərəvəz isteh­sal olunub. İstehsal olunan tərəvəzin 21 min 418 tonunu baş soğan təşkil edib. Bundan başqa, sahələrdən 3 min 42 ton kartof, 200 tondan çox müxtəlif meyvə və giləmeyvə toplanılıb. Tərəvəz üzrə orta məhsuldarlıq 207,6 sentner, kartof üzrə 169,9 sentner təşkil edib.

Pünhan ƏFƏNDİYEV,

“Xalq qəzeti”

İqtisadiyyat