Kənddə “bolluq” marafonu

post-img

Mövsüm məhsullarının yığımı davam edir

 

Bu gün respublikamızda ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsini təmin edən, ixrac potensialının artırılmasına və kənd yerlərində rifahın yüksəldilməsinə töhfə verən rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı, həmçinin emalı sənayesinin formalaşdırılması dövlət siyasətində prioritet istiqamətlərindən birini təşkil edir. 

Son illər ərzində kənd təsərrüfatının bitkiçilik sahəsi üzrə artımda həm in­tensiv, həm də ekstensiv amillər təmin edilir, heyvandarlıq sahəsində artım isə əsasən, intensiv inkişafa əsaslanır. Dövlət Statistika Komitəsinin son məlu­matında diqqətə çatdırılan göstəricilər­dən də bu, aydın nəzərə çarpır. Belə ki, məlumatda payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulan 930 min hektar sahənin 910,2 min hektarının və yaxud 97,9 faizinin biçilərək məhsulu­nun yığıldığı bildirilir. Həmçinin sahələr­dən 2 milyon 915,3 min ton məhsul top­lanıldığı, məhsuldarlığın 32 sentnerə bərabər olduğu qeyd edilir. Məhsulun 1 milyon 828,6 min tonunu və yaxud 62,7 faizini buğda, 1 milyon 064,1 min tonu­nu (36,5 faizini) arpa, 22,6 min tonunu (0,8 faizini) isə digər dənli və dənli pax­lalı bitkiçilik məhsulları təşkil edir.

Respublikanın 21 rayonunda dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatıb. 31 rayonda və Naxçıvan MR-da nəzərdə tutulan sahə­nin 90 faizindən çoxu biçilib. Ən yüksək məhsuldarlıq Hacıqabul (1 hektardan 51,8 sentner), Ağcabədi (müvafiq ola­raq 45,3 sentner), Bərdə (44,8 sent­ner), Tərtər (43,5 sentner), Sabirabad (42,9 sentner), Salyan (41,9 sentner), Ağdam (41,3 sentner), Saatlı (40,9 sentner), İmişli (39,6 sentner), Tovuz (39,6 sentner) və Samux (39,5 sentner) rayonlarında olub.

Dənli və dənli paxlalı (qarğıdalısız) bitkiçilik məhsullarının digər rayonlara nisbətən daha çox istehsalı Cəlilabad (218,6 min ton), Kürdəmir (148,4 min ton), Ağcabədi (120,7 min ton), Ağsu (118 min ton), Hacıqabul (107 min ton), Sabirabad (102,9 min ton), Biləsuvar (96,8 min ton) və İsmayıllı (93 min ton) rayonlarında müşahidə olunub.

Statistika Komitəsinin məlumatında daha sonra payızlıq əkinlərin vegetasi­ya dövründə havaların əlverişsiz keç­məsinin kənd təsərrüfatına mənfi təsir göstərdiyi bildirilib. Belə ki, keçən ilin payızında dən və yaşıl yem üçün əkilən 1 milyon 88 min hektar sahədən yalnız 901 min hektarı (82,8 faiz, əvvəlki ildə 89,3 faiz) cari ilin yaz əkini dövrünün sonunadək salamat qalıb.

Ölkə üzrə əkin sahələrinin 958,9 min hektarını və yaxud 62 faizini dənli və dənli paxlalı bitkilərin, 114 min hek­tarını (7,4 faiz) texniki bitkilərin, 127,9 min hektarını (8,3 faiz) kartof, tərəvəz və bostan bitkilərinin, 345,9 min hekta­rını isə (22,3 faiz) yemlik bitkilərin əkin sahələri təşkil edib.

Qeyd edək ki, son illər ərzində ölkə­də kənd təsərrüfatı göstəricilərinin daha da yüksəldilməsi məqsədilə stimul­laşdırıcı tədbirlərin həyata keçirilməsi diqqətdə saxlanılıb. Məsələn, bu yaxın­larda fermerlərin maddi rifah halının yaxşılaşdırılması istiqamətində daha bir addım atılıb. “Azərbaycan Şəkər İs­tehsalat Birliyi” MMC tərəfindən məhsul yığımı ərəfəsində şəkər çuğundurunun fermerlərdən tədarük qiymətinin artırıl­ması barədə qərar qəbul edilib.

Kənd Təsərrüfatı Nazirliyindən bil­dirilib ki, həmin qərara əsasən, “Azər­baycan Şəkər İstehsalat Birliyi” MMC tərəfindən 2023–2024-cü təsərrüfat ilində qışlıq və yazlıq mövsüm üzrə qə­bul olunacaq şəkər çuğundurunun alış qiymətləri ötən illə müqayisədə hər bir ton üçün şəkərlilik faizinə uyğun olaraq 4 manat artırılıb. Bununla da şəkər çu­ğundurunun 1 tonunun alış qiyməti orta hesabla 12 faiz şəkərliliklə 65 manat­dan 69 manata, 13 faiz şəkərliliklə 68 manatdan 72 manata, 14 faiz şəkərli­liklə 73 manatdan 77 manata, 15 faiz şəkərliliklə 77 manatdan 81 manata və 16 faiz şəkərliliklə 81 manatdan 85 manata qaldırılıb. Xatırladaq ki, 2023-cü təsərrüfat ilində respublikamızın 22 rayonunda 4 min 535 hektar şəkər çu­ğunduru əkilib.

Respublikada fermerlərə təkrar əkin subsidiyası verilməsi də stimullaşdırı­cı tədbirlər sırasında xüsusi yer tutur. Kənd Təsərrüfatı Nazirliyinin bir neçə gün bundan əvvəl bu barədə verdiyi qərar qeyd edilən fikrin bariz ifadəsidir. Yeri gəlmişkən, həmin qərara əsasən, 2023-cü ildə əsas əkinlərdən sonra tək­rar əkin olaraq çəltik, qarğıdalı, kartof, günəbaxan, darı, sorqo, soya əkmiş fermer hər hektara görə 100 manat subsidiya alacaq. Təkrar əkin üçün mü­raciət etmək istəyən fermerin mütləq bu il ilk əkin aparması barədə bəyanı Elektron Kənd Təsərrüfatı İnformasi­ya Sistemində (EKTİS) olmalıdır. Eyni zamanda, cari il torpaq analizi vermiş fermerlərdən təkrar əkin bəyanında bu sənəd tələb olunmayacaq. Müraciətlər toplandıqca monitorinqlər aparılacaq və sentyabrdan başlayaraq təkrar əkin subsidiyalarının ödənişi həyata keçirilə­cək. Təkrar əkin subsidiyası da “Fermer kartı”na köçürüləcək. Fermer vəsaitin 25 faizini nağdlaşdıraraq istifadə edə­cək, 75 faiz vəsaitdən isə nağdlaşdır­madan toxum, gübrə, pestisid alacaq.

Ümumiyyətlə, kənd təsərrüfatı məh­sulları istehsalçılarının bu kimi dövlət qayğısı ilə əhatə olunması bütün əsas istiqamətlərdə irəliləyişlərə yol açıb. Son 10 il ərzində ölkədə real ifadədə kənd təsərrüfatı məhsulları istehsalı 46,8 faiz (o cümlədən bitkiçilik məhsul­ları istehsalı 53 faiz, heyvandarlıq məh­sulları istehsalı 42,5 faiz) artıb. Bu dövr ərzində kənd təsərrüfatı və ərzaq məh­sullarının ixrac həcmi təqribən 26,9 faiz artıb ki, bu da xüsusilə ilkin kənd təsər­rüfatı məhsullarının ixrac həcminin bir neçə dəfə çoxalması hesabına olub.

Bütün bu tədbirlərin nəticəsidir ki, son dövrlər qlobal ərzaq bazarında yaşanan böhranın daha da dərinləş­məsinə baxmayaraq, Azərbaycanın idxaldan asılı olduğu məhsullar üzrə təminatında heç bir problem nəzərə çarpmır. Bununla yanaşı, ərzaq qiy­mətlərində baş verən bahalaşmanın mənfi təsirlərinin qismən də olsa kom­pensasiyası məqsədilə ölkəyə idxal olunan bir sıra ərzaq məhsullarının və xammalların gömrük rüsumlarından və ƏDV-dən azad olunması ilə bağlı əhə­miyyətli qərarlar qəbul edilir.

Bütün bunların nəticəsidir ki, əsas ərzaq məhsulları üzrə yerli istehsal potensialının gücləndirilməsi hesabına özünütəminetmə səviyyəsi əksər məh­sullar üzrə yaxşılaşıb. Hazırda özü­nütəminetmə səviyyəsi meyvə-tərəvəz, bostan məhsulları və yumurta üzrə 100 faiz, ət və süd məhsulları üzrə ümumən 85-86 faiz, kartof üzrə təqribən 90 faiz, buğda üzrə təqribən 60 faiz təşkil edir.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

İqtisadiyyat