“Azəri-Mərkəzi-Şərqi” yatağında “ilk neftə” hazırlıq

post-img

Burada gündəlik hasilat 100 min barel olacaq

Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri–Çıraq–Günəşli” (AÇG) neft-qaz yataqları blokunda tikilən “Azəri–Mərkəzi–Şərqi” (ACE) platformasının üst modulları artıq dənizdə suyun 137 metr dərinliyində quraşdırılan ACE dayaq blokunun üzərinə yerləşdirilib.

ACE platformasından ilk neft ha­silatı gələn ilin əvvəlinə planlaşdırılır. 6 milyard dollarlıq ACE layihəsi Xəzər dənizində nəhəng AÇG yatağının işlən­məsinin növbəti mərhələsidir. Layihəyə yeni dəniz platforması və gündəlik 100 min barelədək hasilat gücündə digər qurğular daxildir. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 mil­yon barelədək neft hasil olunacağı proqnozlaşdırılır.

Qeyd edək ki, ACE layihəsi üzrə yekun investisiya qərarı 2019-cu ilin aprelində qəbul olunub. Bu, 2017-ci ildə AÇG üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) 2049-cu ilə qədər uzadılmasından sonra həmin yataq tərəfdaşlarının ilk böyük investisiya qərarıdır. 1994-cü ildə birinci AÇG HPBS-nin imzalanmasından bəri adıçəkilən yataq sahəsinin işlənmə­sinə ümumilikdə 42 milyard dollar in­vestisiya qoyulub.

ACE AÇG platformaları arasında uzaq məsafədən idarə olunan ilk plat­forma olacaq – ACE platforması Sən­gəçal terminalından, yəni uzaq mə­safədən idarə ediləcək. Bunun üçün platformanın idarə mexanizminə inno­vativ sistem avtomatlaşdırmaları daxil olunub və Səngəçal terminalında yeni ACE idarəetmə mərkəzi inşa edilib. 

Terminalda idarəetmə mərkəzi artıq tam hazırdır və işlək vəziyyətə gətirilib ki, sınaq işləri aparıla bilsin. Ümumi la­yihənin tikinti işləri 2019-cu ilin sonla­rında başlanıb və yerli resurslardan is­tifadə olunmaqla ölkə daxilində həyata keçirilib. İşlərin pik dövründə Azərbay­canda tikinti işlərinə 8500 nəfərdən çox işçi cəlb edilib.

“Xalq qəzeti”

İqtisadiyyat