Büdcə gəlirləri 7 ayda 15,5 milyard manata çatıb

post-img

Bunun 57 faizi qeyri-neft-qaz sektorunda qazanılıb

Azərbaycanın qeyri-neft-qaz sektorunun dinamik inkişafını bildirən rəqəmlər əldə edilməsi iqtisadiyyatın bütün sahələrində ötən illərdəki artım dinamikasının qorunub saxlanılmasının məntiqi nəticəsidir. Başqa sözlə, belə bir uğurun səbəbi makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası istiqamətində nəzərdə tutulan tədbirlərin ardıcıl həyata keçirilməsidir.

Hazırda ölkəmizdə ÜDM istehsalının böyük bir hissə­sinin sənayenin payına düş­məsi uğurlu sənayeləşmə siyasəti sayəsində mümkün olub. Sənaye parklarının fəa­liyyəti, həmin zonalarda yeni sənaye sahələrinin yaradıl­ması, rəqabətqabiliyyətli və ixracyönümlü yeni məhsul istehsalının təşkili, bu işə in­vestorların cəlb olunması kimi məsələlər hökumətin daim diqqət mərkəzində saxlanılıb və bu, müsbət göstəricilərlə müşahidə edilib. Azərbay­canda lazım olan bütün is­tehsal sahələrinin yaradıl­ması, yeni investisiyalar cəlb edilməsi üçün gözəl biznes mühiti, siyasi sabitlik, xalq–iq­tidar birliyi, milli təhlükəsizlik təmin edilib. Əlverişli coğrafi yerləşmə, infrastruktur, hazır­lıqlı peşəkar kadrlar, ixrac ba­zarları, qonşu ölkələrlə yaxşı işgüzar münasibətlər var.

Sənaye zonaları və aqro­parkların təşəkkülü, belə demək mümkünsə, bax, bu cür əlverişli mühitin məhsu­ludur. Bu müəssisələrdə sa­hibkarlar üçün stimullaşdırıcı biznes və investisiya mühiti yaratmaq üçün dövlət tərəfin­dən müxtəlif dəstək tədbirləri mövcuddur. Belə ki, sahibkar­lara təşkilati yardımla yanaşı, vergi və gömrük güzəştləri də edilir. Bütün bunların nəticə­sidir ki, cari ilin yanvar–iyul aylarında dövlət büdcəsinin gəlirləri 15 milyard 480 milyon manat, xərcləri isə 14 milyard 63 milyon manat təşkil edib.

Dövlət Statistika Komitə­sinin məlumatına görə, büdcənin icrasında yaranmış 1 milyard 416,6 milyon ma­natlıq profisit ümumi daxili məhsulun 2,3 faizinə bərabər olub. Daxilolmaların 33,86 faizi hüquqi şəxslərin mən­fəət (gəlir), 26,26 faizi əlavə dəyər, 5,34 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 5,27 faizi fiziki şəxslərin gəlir ver­gisi, 4,14 faizi aksizlər, 1,12 faizi sadələşdirilmiş, 1,99 faizi vergilərin digər növləri, 22,02 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.

Yeri gəlmişkən, vergi sis­temində büdcəyə daxilolma­lar cari ilin ilk yarısında da yüksək göstəricilərlə diqqət çəkib. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xətti ilə ilin ilk yarı­sında dövlət büdcəsinə vergi daxilolmalarının məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 41,6 faiz artaraq 9 milyard 181,4 milyon manat təşkil edib. Altı aylıq vergi daxilol­malarının 5 milyard 199,4 milyon manatı qeyri-neft-qaz sektorunun hesabına forma­laşıb və bir il əvvələ nisbətən 18,2 faiz çox olub.

Bu ilin I yarısında isə büdcə daxilolmalarında qeyri-neft-qaz sektorunun payı 57 faiz təşkil edib. Sektor üzrə daxilolmaların 58,8 faizi və yaxud 5 milyard 193,7 milyon manatı vergi daxilolmaları, 34,8 faizi və yaxud 3 milyard 75,5 milyon manatı göm­rük rüsumları və idxala ver­gi daxilolmaları, 4,5 faizi və yaxud 393,9 milyon manatı büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 0,2 faizi və yaxud 16 mil­yon manatı dövlət əmlakının icarəyə verilməsindən daxi­lolmalar, 1,7 faizi və yaxud 152,1 milyon manatı isə sair gəlirlər olub.

Beləliklə, iqtisadiyyatda şəffaflaşmanın artması, “köl­gə iqtisadiyyatı”nın miqyası­nın azaldılması, biznes fəaliy­yətinin leqallaşdırılması vergi daxilolmalarının dinamik artı­mı ilə nəticələnib. 

“Xalq qəzeti”

İqtisadiyyat