Bu ilin birinci yarısında “Bakı–Tbilisi–Ceyhan” (BTC) üzrə əməliyyat xərclərinə, təxminən, 59 milyon dollar, əsaslı xərclərə isə 18 milyon dollar vəsait xərclənib.
BP şirkətinin məlumatına əsasən, hesabat dövründə 1768 kilometr uzunluğunda olan BTC kəməri istifadəyə verildiyi 2006-cı ilin iyun ayından cari ilin ikinci rübünün sonunadək bu boru xətti ilə ümumilikdə təqribən 546 milyon tondan çox (4,1 milyard barel) xam neft nəql edilib. Ceyhan limanında 5 min 402 tankerə yüklənərək dünya bazarlarına göndərilib. BTC-nin ümumilkdə 4 milyard barel neft ixracına nail olması əlamətdar bir uğur kimi 2023-cü il yanvarın 18-də qeyd edilib.
İlk 6 ay ərzində BTC vasitəsilə ixrac olunan təqribən 15 milyon ton (təxminən 114 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 158 tankerə yüklənərək yola salınıb. Hazırda BTC boru kəməri əsasən, Azərbaycandan “Azəri–Çıraq–Günəşli” nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan və Türkmənistan) də nəql olunur.
“Xalq qəzeti”