Azərbaycanın Çinlə ticarət dövriyyəsi 37 faizdən çox artıb

post-img

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin ilk 6 ayı ərzində Azərbaycanla Çin arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,7 faiz və ya 361,9 milyon dollar artaraq 1 milyard 321,8 milyon dollar təşkil edib.

I yarımildə respublikamızdan dost ölkəyə ixracın həcmi də 2022-ci ilin mü­vafiq dövrü ilə müqayisədə 3,2 dəfə və ya 38,2 milyon dollar artaraq 55,7 milyon dollara bərabər olub. Hesabat dövründə Çindən Azərbaycana idxalın həcmi isə 34,3 faiz və ya 323,7 milyon dollar arta­raq 1 milyard 266,1 milyon dollara yük­səlib.

Ümumiyyətlə, iki ölkə arasında ara­sında ticarət dövriyyəsinin həcmi 30 ildə 800 dəfədən çox artıb. Başqa sözlə, Azərbaycanın Çinlə ticarət dövriyyəsinin həcmi 1992-ci ildə, diplomatik münasi­bətlərin başlanğıcında 1,49 milyon dollar olduğu halda, 2021-ci ildə 1,2 milyard dollara çatıb. Ötən ildə də ikitərəfli ticari- iqtisadi əlaqələr sağlam və sabit inkişaf tempini qoruyub, ticarət dövriyyəsi 2021-ci illə müqayisədə 23,5 faiz artaraq 2 mil­yard 159 milyon ABŞ dolları təşkil edib. Beləliklə, Çin Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşı kimi tanınıb. 

Göründüyü kimi, ötən dövrdə qarşı­lıqlı etimad, hörmət və dostluğa əsasla­nan Azərbaycan-Çin əlaqələri yüksələn xətlə inkişaf edib. Bu müsbət dinamika ölkələrimizi etibarlı tərəfdaşa çevirib. Dövlət başçıları Prezident İlham Əliyev və Si Cinpinin siyasi iradəsi və dostluğu ikitərəfli əməkdaşlığın inkişafında əsas hərəkətverici qüvvə kimi çıxış edib. İki ölkə arasında təşəkkül tapan yüksək sə­viyyəli əlaqələr iqtisadi tərəfdaşlığın güc­ləndirilməsi üçün geniş imkanlar yaradıb.

Azərbaycanın Çindəki ticarət nü­mayəndəsi Teymur Nadiroğlu mediaya müsahibəsində bildirib ki, Çində isteh­lak bazarında baş verən kiçilmə nəticə­sində qısamüddətli perspektivdə bir sıra qida məhsullarımızın bu ölkəyə ixracında müəyyən azalma müşahidə edilsə də, uzunmüddətli perspektivdə mövcud ba­zarın Azərbaycan üçün önəmi daha da artacaq. İki ölkə arasında ticarət həcmi­nin, xüsusən də respublikamızdan dost ölkəyə qeyri-neft məhsullarının ixracının artırılması iqtisadi əlaqələri daha da ge­nişləndirəcək.

Çin dünyanın istehsal mərkəzi olduğu üçün burada xammala böyük tələbat var. Bu baxımdan ölkəmizdə istehsal olunan kimya sənayesinə aid məhsullara, xü­susən də polimerlərə olan tələbat daha çoxdur. Bununla yanaşı, Azərbaycan pambığına da çinli şirkətlər tərəfindən xüsusi maraq göstərilir.

Azərbaycan xalçaçılıq mədəniyyəti­nin Çində tanıdılması və xalçalarımızın bu ölkəyə ixracı ilə bağlı da davamlı təd­birlər həyata keçirilir. Xalçalarımız Çində fəaliyyət göstərən ticarət evlərimizdə nü­mayiş etdirilir. Xalçaçılıq mədəniyyətimiz­lə bağlı Çin dilində məlumatlar hazırlanıb müvafiq qurum və şirkətlərə göndərilir. 

Artıq ilk dəfə olaraq əllə toxunulmuş Azərbaycan xalçalarının Çinə ixracı re­allaşıb. Xalçalarımızın “Beijing Hualian Group” (BHG) şirkətinə məxsus bu ölkə­nin tanınan “SKP Mall” ticarət mərkəzin­dəki “SKP Home Selected” mağazasında satışı uğurla gerçəkləşib. 

Azərbaycanın Çindəki ticarət nü­mayəndəsinin məlumatına əsasən Çin müxtəlif ölkələrin şərabçıları arasında böyük rəqabətə malik geniş şərab isteh­lakı bazarına malikdir. Belə ki, bu dövlət 70-dən çox ölkədən şərab məhsulları idxal edir. Artıq Azərbaycan şərabı da Çin idxalçıları və istehlakçıları arasın­da populyarlıq qazanır. Şübhəsiz ki, bu məsələdə ölkəmizdə çinli istehlakçıların marağını daha da artırmaq üçün şərab məhsullarının butik, orijinal, yüksək key­fiyyətli, münasib qiymətli olaraq ixracı is­tiqamətində tədbirlər həyata keçirilir. 

Onu da qeyd edək ki, respublikamızın Çindəki ticarət nümayəndəliyi tərəfindən Azərbaycan şərabçılıq mədəniyyətinin və şərablarının bu ölkədə təbliğ edilməsi istiqamətində mütəmadi şəkildə müvafiq layihələr icra olunur. Bu məqsədlə 2018-ci ildən etibarən Çində bir neçə şəhərdə Azərbaycan Şərab və Ticarət Evi fəa­liyyət göstərir. Hər il keçirilən sərgilərdə Azərbaycan şərabları nümayiş olunur. Eyni zamanda populyar somelyelərin iş­tirakı ilə Çində Azərbaycan şərablarının master-klas və dequstasiya tədbirləri təşkil edilir. Bu tədbirlər zamanı, xüsusilə “Bayan Şirə”, “Mədrəsə” və “Xindoqni” kimi Azərbaycanın aborigen üzüm sortla­rından hazırlanan şərab məhsulları təbliğ olunur. 

İki ölkə arasında əlaqələrin inki­şafında mühüm rol oynayan Azərbay­canın Çində fəaliyyət göstərən ticarət evlərindən danışarkən, bir məqamı da xatırlatmaq istərdik. “Made in Azerbaijan” məhsullarının dost ölkəyə ixracının artı­rılmasında və bu ölkədə məhsullarımızın təbliğində 2018-ci ildən etibarən Şanxay, Urumçi, Çindao, Harbin, Cinan, Vuhan, Canciaciye kimi şəhərlərdə dörd ticarət evi, üç şərab evi və dörd ticarət bölməsi uğurla fəaliyyət göstərir. Bundan savayı, Çinin məşhur “JD.com” elektron ticarət platformasında onlayn “Azərbaycan Ti­carət Evi” də İki ölkə arasında ticari-iq­tisadi əlaqələrin inkişafına mühüm təsir göstərir. 

Xatırladaq ki, sözügedən ticarət ev­ləri, eləcə də “JD.com” elektron ticarət platforması “Made in Azerbaijan” məh­sulları ilə yanaşı, ölkəmizin investisiya, nəqliyyat-tranzit və turizm potensialının təbliğində də önəmli vasitə kimi nüfuz qazanıb. Bu cür ticarət evlərinin sayının artması isə daha çox çinli vətəndaşın ölkəmizlə yaxından tanış olmaq imkanı yaradır.

İki ölkə arasında ticari-iqtisadi əmək­daşlıqdan bəhs edərkən, bir məqamı da xatırladaq. Bu da Çin şirkətlərinin Azər­baycana sərmayə marağının dəyərlən­dirilməsi və respublikamızın investisiya mühitinin Çində təbliği vəziyyəti ilə bağ­lıdır. Bununla bağlı bildirək ki, 1995-ci ildən indiyədək bu ölkə sərmayədarları tərəfindən respublikamıza ümumilikdə 900 milyon ABŞ dollarından çox birbaşa investisiya yatırılıb. Azərbaycanda 200-dən çox Çin kapitallı şirkət qeydiyyatdan keçib və bu rəqəm ildən-ilə artmaqda­dır. Çin şirkətləri Azərbaycanda sənaye, enerji, infrastruktur, informasiya texno­logiyaları, ticarət, kənd təsərrüfatı və di­gər sahələrdə uğurla fəaliyyət göstərirlər.

Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Azərbaycan 2030: sosi­al-iqtisadi inkişafa dair Milli Prioritetlər”də 5-ci prioritet “Təmiz ətraf mühit və “ya­şıl artım” ölkəsi kimi müəyyənləşdirilib. Bununla yanaşı, dövlətimizin başçısının tapşırığına əsasən işğaldan azad edilən ərazilərdə “Yaşıl enerji” zonasının yara­dılması nəzərdə tutulub. Bu baxımdan alternativ və bərpaolunan enerji sahə­sində iki ölkə arasında böyük əməkdaş­lıq potensialı mövcuddur və hazırda çinli investorlar tərəfindən bu sahəyə böyük maraq göstərilir. Bütün bunlarla bərabər, yaxın gələcəkdə respublikamızda Azər­baycan-Çin Sənaye Parkının qurulması da nəzərdə tutulur.

V.BİNYATOĞLU, “Xalq qəzeti”

İqtisadiyyat