Ölkəmizin sığorta bazarı sürətlə böyüyür

post-img

Azərbaycan iqtisadiyyatının inkişafında mühüm rol oynayan sığorta bazarı rəqabətin kəskin, biznesin isə mürəkkəb olduğu bir sahədir. Buna görə də hökumət bu sektorun üzləşdiyi problemlərin həllini daim diqqət mərkəzində saxlayır. Məhz bunun nəticəsidir ki, son 5 ildə sığorta bazarı həcminin davamlı şəkildə yüksəldiyi müşahidə edilir. Son illər ərzində hər il sığorta haqlarının həcmi orta templə 15-18 faiz artır.

Respublikamızda sığorta bazarı­nın davamlı inkişafı mühüm strateji əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə də maliyyə sahəsi qarşı­sında çeviklik, rəqabətqabiliyyətlilik və innovativlik kimi yeni vəzifələr durur. 

Mərkəzi Bank sığortalıların hüquq və vəzifələri barədə məlumatlandırıl­masına, sığortaya olan inamın artırıl­masına hər zaman xüsusi diqqət yetirir, daim sığortaçıların sığorta ödənişləri ilə bağlı bütün öhdəliklərinin tam və vax­tında həyata keçirilməsi üçün onların maliyyə dayanıqlığının gücləndiirlməsi üçün mütəmadi tədbirlər gerçəkləş­dirir. Hazırda sığorta hadisəsi gerçək­ləşdikdə sığorta zərərinin ödənilməsi ilə bağlı heç bir problem yaşanmır. Bu, riskin ortadan qaldırılması üçün sığor­taçıların maliyyə dayanıqlığının güc­ləndirilməsi istiqamətində gerçəkləşdi­rilən tədbirlərin nəticəsidir.

Respublikada sığortaçıların sığor­talılara qarşı ədalətli münasibətinin reallaşdırılmasına da xüsusi əhəmiy­yət verilir. Bundan əsas məqsəd isə sı­ğorta hadisəsi baş verdiyi zaman onun düzgün qiymətləndirilməsini, zərərin düzgün müəyyənləşdirilməsini, ödəni­şin vaxtında həyata keçirilməsini, pro­sesdə sığortalılara qarşı sığortaçıların ədalətli rəftarını həyata keçirməkdir. Mərkəzi Bank icbari sığorta sahəsində qanunvericiliyin tənzimlənməsi çərçi­vəsində həm beynəlxalq, həm də xarici təcrübələr əsasında qanunları, eyni za­manda, nəzarət mexanizmlərini mütə­madi şəkildə təkmilləşdirir. 

Mərkəzi Bank və Sosial Tədqiqatlar Mərkəzinin dəstəyi, Sığortaçılar Asso­siasiyası ilə Mediasiya Şurasının təş­kilatçılığı ilə keçirilən “Sığorta müba­hisələrinin həllində mediasiyanın rolu” adlı elmi-praktiki konfransda bütün bunlar barədə ətraflı danışılıb. Toplan­tıda “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinə əsasən, sığorta sektorunda 2026-ci ilə qədər “Sığorta sektorunda risk əsaslı nəzarət və tənzimləmə çərçivəsinin güclənməsi” və “Sığorta bazarının in­kişaf etməsi və dayanıqlığının artması” kimi yekun nəticələr nəzərdən keçirilib. Eyni zamanda, strategiya çərçivəsində sistemli institusional islahatlar, bazar infrastrukturunun müasirləşdirilməsi, rəqəmsal transformasiya və intensiv maarifləndirmə tədbirləri vasitəsilə sığorta bazarı həcminin hər il 10 faiz artırılması qarşıya mühüm vəzifə kimi qoyulub. 

Sosial Tədqiqatlar Mərkəzinin rəh­bəri Zahid Orucun sözlərinə əsasən, bu gün ölkəmizdə icbari və könüllü icbari sığorta siniflərinin hər biri yeni “yol xəritəsi” ilə müəyyənləşir. Mərkə­zi Bankın 2022-ci il hesabatına görə, ölkənin sığorta bazarında 20 sığorta və 1 təkrarsığorta şirkəti fəaliyyət göstərir. Sığorta şirkətlərindən 5-i həyat, 15-i qeyri-həyat sığorta şirkətidir. Sektorun fəaliyyəti həmçinin 29 sığorta brokeri və 652 sığorta agenti vasitəsilə təmin edilir.

Z.Oruc bildirir ki, son 10 ildə dünya iqtisadiyyatında və maliyyə sektorunda yaşanan dalğalanmalar Azərbaycanın sığorta bazarına da təsirsiz ötüşmə­yib. 2015-ci ildə manatın devalvasi­yasından sonra maliyyə sektorunda yaşanan belə bir vəziyyət sözügedən sektorda fəaliyyətini dayandıran sığor­ta şirkətlərinin sayını 8-ə çatdırıb. Buna baxmayaraq, Mərkəzi Bankın sığorta bazarının genişləndirilməsi və onun dayanıqlığının təmin edilməsi ilə bağ­lı gördüyü tədbirlər sayəsində sığorta haqlarının artım tendensiyası reallaşıb. Belə ki, son 6 il ərzində sığorta haqları­nın illik artım tempi 12,2 faiz olub. Mü­vafiq göstəricilər həyat sığorta sinifləri üzrə 15,7 faiz, qeyri-həyat sığorta sinif­ləri üzrə isə 5,6 faiz təşkil edib. 

Sosial Tədqiqatlar Mərkəzi rəh­bərinin məlumatına görə, 2021-ci ildə sığorta haqlarının həcmi 844 milyon manat, 2022-ci ildə isə 15 faiz və ya 127 milyon manat artaraq 971 milyon manata çatıb. Dövr ərzində könül­lü sığorta növləri üzrə 24 faiz artım (141 milyon manat), icbari sığorta növ­ləri üzrə isə 6 faiz azalma (14,6 milyon manat) müşahidə edilib. Könüllü sığor­ta növləri üzrə artımın əsas drayveri kimi həyatın yaşam sığortası qeydə alınıb. 

Ötən il Azərbaycan sığorta bazarı ümumi daxili məhsulun (ÜDM) cəmi 0,7 faizi həcmində olub. Bu, 2021-ci ilə nisbətən 0,2 faiz azalma deməkdir. Av­ropa ölkələri üzrə sığorta sektorunun ÜDM-də payı 3,9 faizdir. Azərbaycan sektorun inkişafı baxımından Avropa ölkələrindən 5 dəfədən çox geri qalır.

Sığorta haqlarının yarısından çoxu 3 sığorta sinfi üzrə toplanır–yaşam (40,9 faiz), avto icbari (11,7 faiz), tibbi (11,6 faiz). Onların əsas sığorta siniflə­rinin ümumi haqlarda payı isə 64 faiz təşkil edir. 

Yeri gəlmişkən, burada bir məqama da diqqət yönəltmək istərdik. Son illər ərzində vətəndaşlar arasında sığorta hadisəsi ilə bağlı şikayətlər daha çox icbari sığorta ilə bağlıdır. Mərkəzi Ban­kın baş direktoru Ziya Əliyev deyir ki, il ərzində təmsil etdiyi maliyyə qurumu­nin araşdırdığı 90 min sığorta hadisəsi üzrə 2700-2800 şikayətin böyük qismi­ni icbari sığortada, o cümlədən avto­mobillərin icbari sığortasında üzləşilən nöqsanlar təşkil edir. 

Düzdür, artıq avtomobillərin icba­ri sığortası ilə bağlı zərərlərin birbaşa tənzimlənməsinin tətbiqi ilə əlaqədar şikayətlərin azalması müşahidə edilir. Yeni qayda tətbiq edildikdən keçən 9 ayda 40 mindən çox hadisə üzrə Mərkəzi Banka 75 şikayət daxil olması bunun bariz ifadəsidir. 

Sığorta hadisəsi ilə vətəndaşlar­dan daxil olan şikayətlərin azalmasının bir səbəbi isə Mediasiya Şurasının bu sahədə səmərəli fəaliyyəti ilə bağlıdır. Başqa sözlə, adıçəkilən şura ilə Azər­baycan Sığortaçılar Assosiasiyasının birgə əməkdaşlığı nəticəsində sığorta hadisələrinin məhkəmə çəkişmələri ədalətlə təhlil olunur və müvafiq qərar­lar çıxarılır. Dövlət Statistika Komitəsi­nin hesabatında bu aydın nəzərə çar­pır. 

Belə ki, sadəcə 2021-ci ildə iqtisadi fəaliyyət sahələri üzrə qeydə alınmış məhkəmə işlərinin sayı 1223 olub. Bu­nun da 564-də digər istisna sahələrlə yanaşı, sığorta sahəsi də yer alıb. Bu mənada mediasiya institutunun sı­ğorta mübahisələrinin alternativ həlli mexanizmi kimi aktivləşdirilməsi həm bu sahədə məhkəmə işləri ilə bağlı 40 faizə yaxın olan faiz nisbətinin ki­çilməsinə, həm mübahisələrin ədalətli həllinə, həm də sığortalılarda sığorta savadlılığının daha dərindən formalaş­masına zəmin yaradır. 

Mərkəzi Bankın baş direktorunun proqnozuna əsasən, cari il Azərbay­canın sığorta bazarının həcmi 1,2–1,3 milyard manata qədər böyüyə bilər. Çünki 2019-cu ildə Azərbaycanda 650 milyon manat sığorta haqqı toplanıl­mışdı. Bu il ərzində həmin rəqəmin 1,2–1,3 milyard manat olması isə o deməkdir ki, son 4 il ərzində sığorta bazarı təxminən 2 dəfə böyüyəcək.

V.BAYRAMOV, “Xalq qəzeti”

İqtisadiyyat