Bloomberg: Rusiya neftinin dəniz daşımaları fevral ayının minimum səviyyəsinə düşüb

post-img

"Bloomberg" gəmi izləmə ilə bağlı toplanmış məlumatlara istinadən bildirir ki, son bir ayda Rusiya neftinin dəniz yolu ilə daşınması fevral ayı ilə müqayisədə minimum səviyyəyə düşüb. İyulun 16-na olan məlumata görə, neft daşımaları sutkada 3,1 milyon barel təşkil edib.

Asiyaya tədarüklər iyulun 16-da sutkada 2,77 milyon barelə qədər azalıb. "Bloomberg"in məlumatına görə, xüsusilə Hindistana tədarüklərin həcmi azalaraq sutkada 1,75 milyon barel olub. 

Fevral ayında baş nazirin müavini Aleksandr Novak Rusiyanın mart ayında neft hasilatını gündəlik 500 min barel azaldacağını açıqlamışdı. Daha sonra ixtisar 2023-cü ilin sonuna qədər uzadıldı. A.Novakın sözlərinə görə, bu il hasilat 20 milyon ton azalaraq 515 milyon ton təşkil edəcək.

Xatırladaq ki, Rusiya, Səudiyyə Ərəbistanı, İraq, BƏƏ, Küveyt və digər OPEC+ ölkələri may ayında hasilatı sutkada ümumilikdə 1,6 milyon barel azaltmaq barədə razılığa gəliblər. Bununla belə, OPEK-in hesabatında bildirilir ki, Rusiya mart ayında hasilatı sutkada cəmi 300 min barel azaldıb. WSJ-nin məlumatına görə, Səudiyyə Ərəbistanı Rusiyanın bu göstəricisindən narazı qalıb.

"Xalq qəzeti"

İqtisadiyyat