Zahid Oruc: Ötən illər ərzində müsbət dinamika əldə edilib

post-img

İndiki şəraitdə sığorta mübahisələrinin Mediasiya müstəvisində həlli təşəbbüsləri  hər iki hədəfə çatmaqda mühüm platformalardan biri ola bilər. Strategiya çərçivəsində sistemli institusional islahatlar, bazar infrastrukturunun müasirləşdirilməsi, rəqəmsal transformasiya və intensiv maarifləndirmə tədbirləri vasitəsilə sığorta bazarının həcminin hər il 10% artması kimi ölçüləbilən hədəflər qarşıya qoyulub. 

Bu sözləri "Sığorta mübahisələrinin uğurlu həlli yolları" adlı elmi-praktik konfransda Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc deyib.

Zahid Oruc bildirib ki, sığorta bazarının mövcud durumu 15-20 il öncəki vəziyyətlə eyni deyil: "Ötən illər ərzində müəyyən müsbət dinamika, uğurlu nəticələr əldə edilib. Lakin 2019-cu ilin martın 26-da Bakı şəhərinin Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində yanğın nəticəsində sahibkarlara külli miqdarda ziyan dəyərkən prezident İlham Əliyev sığorta məsələsini və bu sahədəki boşluqları növbəti dəfə gündəmə gətirdi”.

STM rəhbəri bu gün ölkəmizdə icbari və könüllü icbari sığorta siniflərinin hər biri üçün yeni “yol xəritəsi” müəyyənləşdirildiyini diqqətə çatdırıb: "Azərbaycan Mərkəzi Bankının 2022-ci il hesabatına görə, ölkənin sığorta bazarında 20 sığorta və bir təkrarsığorta şirkəti fəaliyyət göstərir. Sığorta şirkətlərindən 5-i həyat, 15-i qeyri-həyat sığorta şirkətidir. Sektorun fəaliyyəti, həmçinin 29 sığorta brokeri və 652 sığorta agenti vasitəsilə təmin edilib". 

Yeri gəlmişkən, son 10 ildə dünya iqtisadiyyatında və maliyyə sektorunda yaşanan dalğalanmalar Azərbaycanın sığorta bazarına da təsirsiz ötüşməyib. 2015-ci ildə manatın devalvasiyasından sonra maliyyə sektorunda yaşanan dalğalanmalar sözügedən sektorda fəaliyyətini dayandıran sığorta şirkətlərinin sayını 8-ə çatdırdı. Buna baxmayaraq,  Mərkəzi Bank tərəfindən sığorta bazarının genişləndirilməsi və onun dayanıqlığının təmin edilməsi ilə bağlı gördüyü tədbirlər sayəsində sığorta haqlarının artım tendensiyasına nail olundu.

Belə ki, son 6 il ərzində sığorta haqlarının illik artım tempi 12.2% olub. Müvafiq göstəricilər həyat sığorta sinifləri üzrə 15.7%, qeyri-həyat sığorta sinifləri üzrə isə 5.6% təşkil edib. 

Ümumiyyətlə, sözügedən sektorun iqtisadiyyatdakı çəkisini müqayisə və təhlil edərkən sığorta haqlarının həcminə, sığorta sektorunun ÜDM-dəki payına, adambaşına düşən sıxlığına nəzər yetirmək lazımdır. Hər üç amilin inkişafı ölkənin ümumi sosial-iqtisadi şəraitindən, vətəndaşların ödəniş qabiliyyətliliyindən və qanunvericiliyin cari durumundan asılıdır. 

Rizvan FİKRƏTOĞLU,

"Xalq qəzeti"

İqtisadiyyat