Platformanın üst modulu Xəzərə yola salınıb

post-img

“ATA (“Amec”-“Tekfen”-“Azfen”) yard” sahəsində inşa edilmiş “Azəri-Mərkəzi-Şərqi” (ACE) platformasının üst modulu dənizdəki əməliyyat yerinə çatdırılması üçün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “STB-1” barjına yüklənib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin mə­lumatına görə, qurğunun barja yüklənməsi prosesi təhlükəsiz şəkildə yerinə yetirilib. ACE platforması­nın üst modulunun çəkisi 19 min 600 ton, hündürlü­yü isə 36 metrdir.

Qeyd edək ki, “Azə­ri-Mərkəzi-Şərqi” layihəsində istismar olunması üçün AS­CO-nun “STB-1” barjında ötən il zəruri modifikasiya işləri aparılıb. Barjın tələb olunan dərəcə üzrə sertifikasiyası yenilənib. Yeri gəlmişkən, Xəzər dənizinin ən böyük bar­jı sayılan “STB-1”in uzunluğu 163, eni 45 metr, göyərtəyə yükgötürmə qabiliyyəti isə 18 min tondur.

“Xalq qəzeti”

İqtisadiyyat