Dünya İqtisadi Forumu (DİF) ölkələrin enerji keçidi ilə bağlı yeni siyahını açıqlayıb. Azərbaycan bu siyahıda 120 ölkə arasında enerji keçidinə görə renkinqində 32-ci yerdə qərarlaşıb.
DİF-in enerji keçidi indeksinə görə, 2023-cü ildə Azərbaycanın enerji keçidi indeksinin qiyməti 62 olub. Bundan başqa, ölkəmiz bu sahədə istehsal indeksinə görə 69,6, enerji keçidinə hazırlığa görə isə 50,7 balla qiymətləndirilib. Qeyd edək ki, Azərbaycan bu reytinqdə Mərkəzi Asiya, Müstəqil Dövlətlər Birliyi və Cənubi Qafqaz ölkələri arasında lider mövqeyə malikdir. Belə ki, Gürcüstan bu renkinqdə 62-ci, Ukrayna 64-cü, Tacikistan 73-cü, Qazaxıstan 76-cı, Qırğızıstan isə 91-ci yeri tutub. Bu da neft və qaz ölkəsi kimi məşhurlaşan Azərbaycanın bərpaolunan enerji mənbələrinin istehsalçısına çevrildiyinin əyani təcəssümüdür.
Yeraltı enerji ehtiyatları ilə zəngin olan Azərbaycan alternativ və bərpaolunan enerji sahəsində də yüksək potensiala malikdir. Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayan Xəzər regionu, həm də “yaşıl enerji” ehtiyatlarının zənginliyi ilə seçilir. Belə ki, Xəzər dənizinin külək enerjisi potensialı 157 qiqavat həcmində qiymətləndirilir. Bununla yanaşı, ölkəmizin quruda 27 qiqavatlıq külək enejisi potensialı mövcuddur. Eyni zamanda, Azərbaycanın işğaldan azad olunmuş əraziləri də zəngin alternativ və bərpaolunan enerji ehtiyatlarına malikdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev düşməndən geri alınan torpaqlarımızda 10 min kvadratkilometr ərazini “yaşıl enerji” zonası elan edib. Bütövlükdə isə, Azərbaycanda 200 qiqavat həcmində alternativ və bərpaolunan enerji potensialı mövcuddur. Bu da ölkəmizin dünyanın prioritet elan etdiyi “yaşıl keçid” platfofmasının fəal iştirakçısına çevrilməsinə imkan yaradır.
Yeri gəlmişkən, “Azərbaycan 2030”: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ölkəmizdə “yaşıl enerji” istehsalının genişləndirilməsi məsələsi xüsusi yer tutur. Belə ki, Azərbaycanın ümumi enerji istehsalı gücündə bərpaolunan enerjinin payını 2025-ci ildə 24 faizə, 2030-cu ildə isə 30 faizə çatdırılması nəzərdə tutulur.
“Azərbaycan özünün enerji baxımından inkişafında mühüm yol qət edib. Neft sənayesinin inkişafından başlayaraq daha sonra təbii qazdan istifadəyə keçib. Hazırda isə ölkəmiz “yaşıl enerji”nin inkişafı üzərində çalışır”. Bunu ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), “BP Azerbaijan”, “Kolin”, “Мasdar” və “TotalEnergies” şirkətlərinin birgə təşkilatçılığı ilə keçirilən 17-ci Bakı Yay Enerji Məktəbinin açılış mərasimində energetika nazirinin müavini Elnur Soltanov deyib. Onun sözlərinə görə, Azərbaycan enerji sektorunda təcrübə qazanıla və öyrənilə biləcək ən yaxşı ölkələrdən biridir.
Azərbaycanın BP, “Masdar”, “ACWA Power” və digər enerji şirkətləri ilə fəal əməkdaşlıq etdiyini vurğulayan nazir müavini bu ilin oktyabr ayında BP-nin Azərbaycandakı bərpaolunan enerji stansiyasından ilk elektrik enerjisinin alınacağını bildirib. O, Azərbaycanın enerji sektorunda mühüm yer tutan BP-nin ölkəmizdə bərpaolunan enerji sahəsində də ciddi addımlar atdığını vurğulayıb. Xatırladaq ki, 2021-ci ilin iyun ayında Energetika Nazirliyi və BP işğaldan azad olunmuş Şərqi Zəngəzur iqtisadi rayonunda, Zəngilanda 240 meqavat gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalayıblar. Bu sənəd işğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması, Azərbaycanın bərpaolunan enerji sektorunun inkişafı ilə bağlı strateji qərarı və 2030-cu ilədək karbon qazı emissiyalarını 35 faizədək azaltmaq öhdəliyinin, BP-nin isə 2050-ci ilədək “xalis sıfır emissiya”lı şirkətə çevrilmək strategiyasının icrası çərçivəsində imzalanıb.
Bütövlükdə isə, Azərbaycanın “yaşıl enerji” potensialı, ölkədə yaradılmış əlverişli biznes mühiti xarici investorların da bu sahəyə marağını getdikcə artırır. Bu baxımdan Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” və Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətlərinin ölkəmizdəki fəaliyyəti diqqət çəkir. Qeyd edək ki, “Masdar” şirkəti bu ilin sonunadək “Qaradağ” Günəş Elektrik Stansiyasını istismara verməyi planlaşdırır. Bundan əlavə, hazırda “ACWA Power” şirkəti tərəfindən 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının tikintisi sürətlə davam etdirilir. Bu stansiyaların işə düşməsi nəticəsində ildə təxminən 1,4 milyard kilovat-saat elektrik enerjisinin istehsalı ilə yanaşı, 300 milyon kubmetrdən çox təbii qaza qənaət ediləcək. Eyni zamanda, 600 min tona yaxın karbon qazı tullantısının atmosferə atılmasının qarşı alınacaq.
Azərbaycanın energetika nazirinin müavini açılış mərasimindəki çıxışında ölkəmizin enerji tranziti ilə bağlı da mühüm addımlar atdığını qeyd edib. Məlum olduğu kimi, hazırda Azərbaycan “yaşıl” potensialını hərəkətə gətirmək üçün müasir stansiyaların inşası ilə yanaşı, ixrac infrastrukturunun yaradılması sahəsində də zəruri tədbirlər həyata keçirir. Ötən müddətdə bu sahədə lazımi hüquqi baza yaradılıb, müvafiq anlaşma sənədləri imzalanıb. Elə Azərbaycanın “yaşıl enerji” potensialının Avropa üçün yeni imkanlar açacağını bildirən Prezident İlham Əliyev də son illər keçirilən bir sıra yerli və beynəlxalq səviyyəli tədbirlərdə bu vacib məsələyə dəfələrlə münasibət bildirib, ölkəmizin mövcud imkanlarından bəhs edib.
Məlum olduğu kimi, otən il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Bununla da, Gürcüstandan Rumıniyaya qədər uzanacaq 4 qiqavat gücündə sualtı kabelin inşası ilə bağlı razılaşma əldə olunub. Hazırda layihə texniki-iqtisadi əsaslandırma mərhələsindədir. Layihənin maliyyələşdirilməsində isə Avropanın aparıcı maliyyə institutlarının yaxından iştirakına ümidlər böyükdür.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) də əsas hədəflərindən biri dekarbonizasiyaya nail olmaqdır. Bu barədə 17-ci Bakı Yay Enerji Məktəbinin açılış mərasimində çıxış edən SOCAR prezidenti Rövşən Nəcəf məlumat verib. Azərbaycan artıq etibarlı tərəfdaş kimi bir çox ölkələrin etimadını qazandığını vurğulayan SOCAR prezidenti dünyanın hazırda çox dəyişkən bir dövrdə olduğunu və bu mərhələdə enerji keçidinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Onun sözlərinə görə, SOCAR ətraf mühitin qorunmasına böyük diqqət ayıraraq dekarbonizasiya və digər aspektlər üzərində işləmək öhdəliyinə sadiqliyini nümayiş etdirir.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”