Səudiyyə Ərəbistanı neft hasilatının könüllü azaldılmasını daha bir ay uzadıb

post-img

Səudiyyə Ərəbistanı OPEC+ çərçivəsində neft hasilatının könüllü olaraq gündəlik 1 milyon barel azaldılmasını avqust ayına qədər uzadacaq. Bu barədə Səudiyyə Ərəbistanının Energetika Nazirliyindəki adı açıqlanmayan rəsmi mənbəyə istinadən Səudiyyə Press Agentliyi məlumat yayıb.

Agentlik yazır ki, Səudiyyə Ərəbistanında neft hasilatı sutkada 9 milyon barel səviyyəsində qalacaq. “Bu əlavə könüllü ixtisar neft bazarlarını sabit və balanslı saxlamaq üçün OPEC+ tərəfindən görülən ehtiyat tədbirlərini gücləndirmək məqsədi daşıyır”, - mənbə bildirib.

Rusiya, Səudiyyə Ərəbistanı, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və digər OPEC+ ölkələri may ayında hasilatı gündəlik ümumilikdə 1,6 milyon barel azaltmaq barədə razılığa gəliblər. Səudiyyə Ərəbistanı daha sonra iyul ayında könüllü olaraq hasilatı gündəlik daha 1 milyon barel azaldacağını açıqlayıb. Bu tədbirlər neft bazarını sabitləşdirmək üçün həyata keçirilib.

Rusiya da avqust ayında neft ixracını könüllü olaraq sutkada 500 min barel azaldacaq. Bu barədə Rusiya baş nazirinin müavini Aleksandr Novak məlumat verib. A.Novak jurnalistlərə bildirib ki, bazar tarazlığını təmin etmək səylərinin bir hissəsi olaraq, Rusiya avqust ayında ixracı müəyyən edilmiş miqdarda azaltmaqla könüllü olaraq neft bazarlarına gündəlik tədarükünü 500 min barel azaldacaq".

"Xalq qəzeti"

İqtisadiyyat