Azərbaycanın qeyri-neft-qaz ixracı 4 ildə 2 dəfə artıb

post-img

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Tvitter” səhifəsində 2018-2022-ci illər ərzində ölkəmizin qeyri-neft-qaz ixracının həm faktiki qiymətlərlə, həm də real ifadədə artaraq 1,72 milyard dollardan 3 milyard dollara çatdığını yazıb. Nazir bildirib ki, qeyri-neft sektorunun təşviqi istiqamətində həyata keçirilən islahatlar dayanıqlı iqtisadi inkişafa mühüm təkan verir. 

İqtisadi İslahatların Təhlili və Kom­munikasiya Mərkəzinin (İİTKM) “İxrac ic­malı”nın iyun sayına əsasən, cari ilin yan­var-may aylarında Azərbaycanın ümumi ixracı 16,1 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 1,5 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2022-ci ilin müvafiq dövrü ilə müqa­yisədə 22,1 faiz artıb. 

Bu ilin yanvar-may ayları ərzində yeyinti məhsulları üzrə ixrac 334,4 mil­yon ABŞ dollarına bərabər olub. İlin ilk 5 ayı ərzində spirtli və spirtsiz içkilərin ixracı 5,9 dəfə, şəkər ixracı 43,8 faiz, meyvə-tərəvəz ixracı isə 10,4 faiz artıb. Hesabat dövründə aqrar və aqrar-səna­ye məhsulları üzrə birgə ixracın statistik dəyəri 16,9 faiz artaraq 349,1 milyon ABŞ dolları təşkil edib. 

Cari ilin yanvar-may aylarında qeyri-neft-qaz ixracının tərkib hissəsində əhə­miyyətli yer tutan aqrar-sənaye məhsul­larının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 55,8 faiz artaraq 92,2 milyon ABŞ dolları təşkil edib. Təkcə bu ilin may ayında qeyri-neft ixracı 278,2 milyon ABŞ dolları olub. 

Yuxarıda vurğulanan müsbət göstə­ricilərin əldə olunması bir sıra amillərlə bağlıdır. Belə ki, ölkəmizin nəqliyyat infrastrukturunun müasir dünya standartla­rına uyğunlaşdırılması, həmçinin tranzit potensialının daha da artırılması ilə bağlı həyata keçirilən layihələr və qlobal miq­yaslı təşəbbüslər qeyri-neft-qaz ixracı­nın artımını sürətləndirir. Bundan başqa, paytaxtda və regionlarda beynəlxalq aeroportların, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Şərq-Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin müasirləşdirilməsi daşımaların həcminə müsbət təsir göstərir. 

Bir az əvvəl sadalanan yüksək statis­tik göstəricilərin əldə edilməsində biznes əlaqələrinin təşviqinin də önəmli rolu var. Eyni zamanda, həyata keçirilən diversi­fikasiya siyasəti, müasir texnologiyalara əsaslanan yüzlərlə müəssisənin fəa­liyyətə başlaması ilə keyfiyyətli məhsul istehsalı respublikamızın qeyri-neft-qaz ixracını artırır. 

Beynəlxalq və regional təşkilatlarla aparılan ardıcıl iş də Azərbaycanın xa­rici iqtisadi əlaqələrinin genişlənməsinə, qeyri-neft-qaz ixracı həcminin artmasına müsbət təsir göstərir. Nəticədə Azərbay­canın BMT və onun qurumları, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, eləcə də beynəlxalq maliyyə institutları kimi nüfuz­lu qurumlarla əməkdaşlığı möhkəmlənir. 

Respublikamızın qeyri-neft-qaz ixra­cının həm faktiki qiymətlərlə, həm də real ifadədə artmasına xarici ticarət fəaliyyə­tini tənzimləyən qanunvericiliyin təkmil­ləşdirilməsi, “Gömrük tarifi haqqında”, “Antidempinq, kompensasiya və mü­hafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının qanunları və digər müa­sir normativ hüquqi aktlar da öz müsbət təsirini göstərir. 

Ölkə rəhbərinin tapşırığı ilə yerli məh­sulların xaricə, o cümlədən, qeyri-ənənə­vi bazarlara ixracının genişləndirilməsi məqsədilə zəruri tədbirlər ardıcıl həyata keçirilir, dövlət dəstəyi ilə potensial ixrac ölkələrində logistik mərkəzlərin yaradıl­ması diqqət mərkəzində saxlanılır. Bu­nunla yanaşı, qarşılıqlı investisiya fəaliy­yətinin təşviq edilməsi istiqamətində işlər getdikcə gücləndirilir. Bu, ilk növbədə, investorlar üçün mühüm önəm daşıyan investisiyaların qarşılıqlı qorunmasını, təşviqini, eləcə də ikiqat vergitutmanın aradan qaldırılmasını nəzərdə tutan hüquq-müqavilə bazasının yaradılması layihələrində özünü qabarıq büruzə verir.

Beləliklə, statistik göstəricilərə əsas­lanıb qeyd edə bilərik ki, dövlətimizin başçısının rəhbərliyi ilə son illərdə qey­ri-neft sektoru üzrə ixracın həcmi və dəyəri artıb. İqtisadiyyatın diversifikasiya­sı nəticəsində bu sahəyə aid məhsulların çeşidlənməsi və müxtəlifliyi, o cümlədən coğrafi şaxələndirmə respublikamızın tə­diyyə balansına müsbət təsir göstərərək, makroiqtisadi və maliyyə sabitliyini daha da möhkəmləndirib. 

Azərbaycanda yükdaşımalar sahə­sində həyata keçirilən uğurlu strategiya ölkəmizin daxili daşımalar həyata keçirən subyektləri ilə bərabər, qeyri-rezidentləri­ni də fəallaşdırıb. Siyasi sabitliyin möh­kəm olması ilə bərabər yol infrastruktu­runun keyfiyyətinin yüksəldilməsi, daha qısa və əlverişli yolların bərpası ticarət fəaliyyəti göstərən xarici ticarət iştirakçı­larının əldə etdikləri uğurun başlıca prin­sipinə çevrilib. 

Respublikamızda istehsal olunan sə­naye məhsulları xammaltutumlu olmaqla, beynəlxalq bazarda əhəmiyyətli rəqabət şəraitinə malikdir. Bu da müqayisəli və rəqabət üstünlüyünə malik, markalaşmış məhsulların istehsal və ixracını daha da gücləndirib və əsas çağırış kimi ölkəmi­zin qarşısına yeni vəzifələr qoyub.

Vəkil HÜSEYNOV,
iqtisadçı-ekspert

Azərbaycanın qeyri-neft-qaz ix­racında müsbət göstəricilərin əldə edilməsindən danışarkən, ilk növbə­də vurğulayım ki, ixracın stimullaş­dırılması tədbirləri çərçivəsində son illər ərzində prosedurlar sadələşdirilib, yerli məhsullarımızın ixrac potensi­alı yüksək olan ölkələrdə ticarət nü­mayəndəlikləri açılıb, ticarət və şərab evlərinin yaradılması ilə bağlı layihələr gerçəkləşdirilib. 

Qeyd edilməlidir ki, ixracın şaxələndirilməsi ilə yanaşı, sahibkar­lara yaradılmış imkanlar xarici ticarət­lə məşğul olan biznes subyektlərinin sayında əhəmiyyətli artıma gətirib çıxarıb və 80 faizdən yüksək artım qeydə alınıb. 

İstehsalın təşviqi istiqamətində görülmüş işlər də ixracın artımı ilə nəticələnir. Məsələn, sahibkarlığın güzəştli kreditləşdirilməsi, istehsalat­da müasir texnologiyaların tətbiqi di­gər sahələrlə yanaşı, aqrar sahədə də ixrac imkanlarını genişləndirir. Sənaye sahəsinə gəlincə isə polimer, polietilen, metanol və gübrə kimi kimyəvi məhsullar, qablaşdırma məhsulları, konteynerlər, toxuculuq məhsulları, ti­kinti və quraşdırmada istifadə olunan polad laylar, borular, transformatorlar, elektrik naqilləri və digər elektrik ava­danlıqları, mis və alüminium məmulat­ları ixracı artan əsas məhsullar sıra­sında yer alır. 

Bütün bunlar, eyni zamanda, hö­kumətin ölkədə investisiya fəaliyyə­tinin genişləndirilməsini, biznes mü­hitinin yaxşılaşdırılmasını, sənaye istehsalının artırılmasını və qeyri-neft sektorunun inkişaf etdirilməsini daim diqqətdə saxlamasından xəbər verir. 

Azərbaycanda həyata keçirilən iq­tisadi diversifikasiya siyasəti, müasir texnologiyalara əsaslanan və rəqa­bətqabiliyyətli məhsul istehsal edən müəssisələrin fəaliyyəti ölkənin xarici ticarətində müsbət meyillərə təkan verib. Yüksək keyfiyyətliliyinə görə, dünya bazarına “Made in Azerbaijan” brendi ilə çıxarılan Azərbaycan məh­sullarına, xüsusilə də meyvə-tərəvəz, şərab, meyvə şirələri, spirtli içkilərə və s. böyük maraq və tələbat yaranıb.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”



İqtisadiyyat