Naxçıvan “Yaşıl enerji” zonasına çevrilir

post-img

Naxçıvanda bərpa olunan enerji mənbələrinin şəbəkəsinin genişləndirilməsi istiqamətində daha bir layihə uğurla gerçəkləşdirilib. Şərur rayonu ərazisində yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli “Yaşıl enerji” mənbəyinin işə salınması mərasimində iştirak edib.

Naxçıvan Muxtar Respublikası Döv­lət Energetika Xidmətinin rəisi Namiq Paşayev məlumat verib ki, Şərur Günəş Elektrik Stansiyasının layihə gücünün daha 3 meqavat artırılaraq 11 meqavata çatdırılması üçün 10 may 2022-ci il ta­rixdə İsveçrənin “Pure Energy Develop­ment” SARL şirkəti ilə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti arasında müqavilə imzalanıb. 

Kənd təsərrüfatına yararsız 5,3 hek­tar ərazidə şirkətin Naxçıvanda yerləşən “Duzqala” MMC podratçı şirkəti tikinti-qu­raşdırma işlərini həyata keçirib, stansi­yada hər birinin gücü 330 Vatt olan 9108 “PERC” tipli müasir “şüşə-şüşə” formalı günəş panelləri, hər birinin gücü 50 kilo­vatt olan 60 invertor, müasir tip kommu­tasiya aparatları və digər elektrik avadan­lıqları ilə təmin olunmuş 3 ədəd 35/0,4 kilovoltluq 1250 kilovatt gücündə trans­formator yarımstansiyası quraşdırılıb. 

Stansiyanın layihə gücü 11 meqava­ta çatdırıldığı üçün il ərzində 16,5 mil­yon kilovatt-saat elektrik enerjisi isteh­sal ediləcək ki, bu da Şərur rayonunun elektrik enerjisinə olan tələbatının 21 fa­zini təşkil edəcək. Bununla da Naxçıvan Muxtar Respublikasında günəş elektrik stansiyalarının gücü 39 meqavata, illik istehsal gücü isə 58,5 milyon kilovatt-sa­ata çatdırılacaq.

Stansiya ilə tanışlıqdan sonra Dövlət Energetika Xidmətinin əməkdaşları ilə görüşən səlahiyyətli nümayəndə deyib ki, Naxçıvanda Azərbaycanın digər böl­gələri ilə müqayisədə günəş radiasiyası­nın faizi olduqca yüksəkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvanı, ümumilikdə, “yaşıl enerji” dəhlizinə çevirməyi qarşısına məqsəd qoyduğunu bildirib, bunu üzərimizə stra­teji vəzifə kimi qoyub. 

Bildirilib ki, Naxçıvan Muxtar Res­publikasının “yaşıl enerji” dəhlizinə çev­rilməsi istiqamətində işlər bundan son­ra da uğurla aparılacaq. Azərbaycanın karbohidrogen yataqları dünyaya açılıb. Bu işlərdə Naxçıvanın xüsusi payı var. Muxtar Respublikada günəş, külək, hidro enerjiləri ilə bağlı layihələri sürətlə inkişaf etdirəcək. 400 meqavatlıq və daha sonra 500 meqavatlıq 2 enerji santralının qurul­masından söhbət gedir. Biz birdən-birə 400 meqavatlıq böyük bir layihənin icra­çısına və sahibinə çevriləcəyik. 

Fuad Nəcəfli görülən işlərlə bağlı xid­mətin əməkdaşlarını təbrik edib, fəaliy­yətlərində uğurlar arzulayıb.

İsveçrənin “Pure Energy Development” SARL şirkətinin icracı di­rektoru Mişel Kalerami deyib: “Naxçıvan alternativ enerji üzrə regionda lider he­sab olunur. Yeni stansiyaların tikintisi ilə birlikdə növbəti addım Naxçıvanda “Ya­şıl enerji”nin toplanması olacaq. Azər­baycan hökumətinin dəstəyi sayəsində əminəm ki, Naxçıvan qısa zamanda “Ya­şıl enerji” zonasına çevriləcək”.

 

Səbuhi HƏSƏNOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

İqtisadiyyat