Asiya İnkişaf Bankı Azərbaycan iqtisadiyyatı ilə maraqlanır

post-img

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Asiya İnkişaf Bankının (AİB) Regional əməkdaşlıq və əməliyyatların əlaqələndirilməsi şöbəsinin iqtisadçısı Kristian Rosbakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Mərkəzdən verilən məlumata görə, görüşdə İİTKM-in icraçı direktorunun müavini Rəşad Hüseynov Mərkəzin fəaliyyəti barədə AİB-in nümayəndələ­rini məlumatlandırıb. O, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayı­dışa dair I Dövlət Proqramı”nın əsas istiqamətləri, onların monitorinq və qiymətləndirilməsində mərkəzin rolu barədə məlumat verib. Eyni zaman­da, ölkədə həyata keçirilən iqtisadi və sosial islahatlar, biznes və investisiya mühitinin yaxşılaşdırılması məqsədilə Mərkəzdə aparılan tədqiqatlar barədə qonaqları məlumatlandırıb. 

Rəşad Hüseynov işğaldan azad edilmiş ərazilərin bərpası prosesində beynəlxalq inkişaf tərəfdaşlarının iştira­kının əhəmiyyətini xüsusilə vurğulayıb. Mərkəzin əsas fəaliyyət istiqamətlərin­dən biri olan proqramların monitorinqi və qiymətləndirilməsi prosesinin təkmil­ləşdirilməsi üçün Asiya İnkişaf Bankının texniki dəstəyinin əhəmiyyəti qeyd olu­nub.

Müzakirə zamanı iqtisadiyyatın di­versifikasiyası və ölkənin qlobal dəyər zəncirinə qoşulması sahəsində bey­nəlxalq təcrübə, eləcə də iqtisadi isla­hatlar sahəsində uğurlu əməkdaşlıq perspektivlərindən danışılıb.

Asiya İnkişaf Bankının nümayəndə­si Kristian Rosbak 2024–2028-ci illər üçün Ölkə Tərəfdaşlıq Strategiyası çər­çivəsində Azərbaycanla əməkdaşlığın əsas istiqamətləri haqqında ətraflı mə­lumat verib. Həmçinin o, yaşıl iqtisadiy­yatın formalaşmasına yönəlmiş iqtisadi islahatlar, Orta Dəhlizə çıxış, iqtisadiy­yatın diversifikasiyası, iqtisadi transfor­masiya, yerli və regional inteqrasiya, qlobal arenada yeni inkişaf təşəbbüsləri sahəsində təmsil etdiyi qurumun ma­raqlı olduğunu və əməkdaşlığa hazır olduqlarını bildirib.

“Xalq qəzeti”

İqtisadiyyat