Azad olunmuş ərazilərin dirçəldilməsinə 6 milyard manat sərf olunub

post-img

2022-ci ildə dövlət əsaslı vəsait qoyuluşu və işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərcləri 5 milyard 945,8 milyon manat təşkil edib. Bu da əvvəlki ilə nisbətən 26,9 faiz artım deməkdir. Bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyi"ndə əksini tapıb.

Hesabatda qeyd edilib ki, 2022-ci ildə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən, ümumilikdə, 4 milyard 311 milyon manat vəsait ayrı­lıb. Ötən il işğaldan azad olunmuş əra­zilərin yenidən qurulması və bərpası layihələrinin icrasına dövlət əsaslı və­sait qoyuluşundan yönəldilmiş vəsaitin həcmi 467,1 milyon manat olub.

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üzrə icra edilən layihələrə əlavə olaraq Azərbay­can Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hesabat ilinin oktyabr ayın­da 276 milyon manat, dekabr ayında isə 100 milyon manat, “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən isə 91 milyon manat yönəldilib.

Bütövlükdə isə, “Azərbaycan Res­publikasının 2022-ci il dövlət büdcəsin­də işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nə daxil olan layihələrin icrası xərcləri üzrə ilin sonuna icra edilmiş məbləğ 2 milyard 665,41 milyon manat təşkil edib ki, bu da təsdiq edilmiş göstərici­nin 99,8 faizinə bərabərdir.

“Xalq qəzeti”

İqtisadiyyat