Azərbaycan “Bir kəmər, bir yol” layihəsini fəal dəstəkləyib

post-img

Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda Azərbaycanın beynəlxalq nəqliyyat-logistika layihələrində fəal iştirakı bir daha vurğulanıb. Geniş diskusiya və fikir mübadiləsi şəraitində keçən tədbirdə dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın tarixi İpək Yolunun, eləcə də Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin fəaliyyətinin canlandırılmasına verdiyi önəmli töhfələrdən ətraflı bəhs edib. Qeyd olunub ki, ölkəmiz, həm də regionda və dünyada sürətli inkişafa və tərəqqiyə xidmət edən istənilən xoşməramlı təşəbbüsü həmişə dəstəkləyib. 

Bu baxımdan Azərbaycanın Çin Xalq Respublikasının irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə münasibəti də birmə­nalı olaraq müsbətdir. Şuşa konfransında Albaniya Beynəlxalq Araşdırmalar İnstitu­tunun İdarə Heyətinin üzvü Arian Starova­nın “Çinin “Bir kəmər, bir yol” təşəbbüsü­nün gələcəyi barədə nə düşünürsünüz?” sualını cavablandıran Prezident İlham Əliyev “Bir kəmər, bir yol” təşəbbüsünün Azərbaycan tərəfindən həmişə dəstək­ləndiyini bildirib. Dövlətimizin başçısı Azərbaycanın 2019-cu ilin yazında Çində keçirilmiş “Bir kəmər, bir yol” təşəbbüsünə həsr olunmuş beynəlxalq konfransa dəvət almış və orada yüksək səviyyədə iştirak etmiş məhdud sayda ölkələrdən biri ol­duğunu xatırladaraq deyib: “Azərbaycan xüsusilə indi bu layihənin mühüm hissə­si hesab olunur. Biz çox nikbin fikirdəyik. Nikbinliyi artıran, ilk növbədə, odur ki, biz öz üzərimizə düşən işi çox yaxşı yerinə yetirmişik. Artıq qeyd etdiyim kimi, nəqliy­yat infrastrukturunu müasirləşdirmək və daha çox imkanlar yaratmaq üçün onu ta­mamilə müasirləşdirmişik və hələ də son tamamlama işlərini görürük”. 

Məlum olduğu kimi, son illər beynəlxalq aləmlə nəqliyyat və logistika sahəsində uğurlu əməkdaşlıq edən Azərbaycan tran­zit ölkə kimi də üzərinə düşən bütün öh­dəlikləri tam yerinə yetirir. İndi ölkəmizdə beynəlxalq nəqliyyat dəhlizlərinin uğurlu fəaliyyətini təmin edən ən müasir yol və nəqliyyat infrastrukturu mövcuddur. Bu da Azərbaycanın tranzit ölkə kimi əhəmiyyə­tini ildən-ilə artırır. Şuşa konfransında bu mühüm məqama toxunan Prezident İlham Əliyev bildirib ki, Mərkəzi Asiya tərəfin­dən bizim infrastrukturumuzdan istifadə etməyə böyük maraq var. Dövlətimizin başçısı, həmçinin ötən ilin sonunda Çin, Qırğızıstan, Özbəkistan və Xəzər arasın­da yeni dəmir yolu əlaqəsinin qurulmasına başlanılmasını “Bir kəmər, bir yol” layihə­sinin reallaşdırılması istiqamətində mü­hüm addım kimi dəyərləndirib. 

Bununla belə, istənilən dəhlizin uğurlu fəaliyyəti təkcə bir ölkədən, lazımi infrast­rukturdan asılı deyil. Bunun üçün, həm də vahid tarif və gömrük siyasəti formalaşdı­rılmalıdır. Prezident İlham Əliyevin bunun­la bağlı mövqeyi də aydın və konkretdir: “Hazırda biz Xəzərin şərq sahillərində və ümumiyyətlə, Mərkəzi Asiyada tərəfdaş­larımızla birlikdə vahid tariflərin müəyyən olunması üzərində, bu yolun təkcə nəqliy­yat təhlükəsizliyi baxımından deyil, həm də kommersiya baxımından əhəmiyyətli olması üzərində işləyirik və bu, mümkün­dür. Əgər bu layihələrdə iştirak edən hər bir ölkə ədalətli şəkildə davransa və biz vahid tariflərin müəyyənləşdirilməsinə, eləcə də gömrük idarəçiliyinə dair razılığa gəlsək, bu, həm də bürokratik prosedur­ları məhdudlaşdırmaq üçün, birgə əmə­liyyatların elektron formalarının daha çox olması baxımından olduqca vacibdir”.

Prezident İlham Əliyev Pakistanın Cə­nubi Asiya və Beynəlxalq Araşdırmalar Mərkəzini təmsil edən Mahmud Həsən xanın “Azərbaycanın Zəngəzur dəhlizi məsələsinin həllində Çinin diplomatik yar­dımına ehtiyacı varmı” sualına cavab ola­raq bildirib ki, Çin, Qırğızıstan və Özbəkis­tan arasında dəmir yolu əlaqəsi yaradılır və Zəngəzur dəhlizi həmin marşrutun da­vamı, “Bir kəmər, bir yol” layihəsinin və ya Şimal-Cənub dəhlizinin tərkib hissəsi ola bilər. 

Təbriz YADİGAROV,
Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun
aparıcı elmi işçisi, dosent

İqtisadi əməkdaşlığın və beynəlxalq ticarətin genişləndirilməsi məqsədilə başlanan “Bir kəmər, bir yol” təşəbbüsü­nün geosiyasi səbəblərə və hegemonluq istəyinə söykəndiyi iddia edilsə də, ha­zırda beynəlxalq güc balansında çəkisi olan Çin Asiya–Sakit okean regionunda əhəmiyyətli güc proyeksiyası yaratma­ğa müvəffəq olub. Bu layihənin mühüm komponentlərindən biri Çinin Sincan əyalətini Qazaxıstan, Qırğızıstan, Taci­kistan, Özbəkistan, Türkmənistan, İran və Türkiyə vasitəsilə Aralıq dənizi ilə birləşdirəcək Çin–Mərkəzi Asiya–Qərbi Asiya iqtisadi dəhlizidir. Bu dəhlizin ən mühüm həlqəsi Orta Dəhlizin tərkib his­səsi olmaqla, həm də Avropadan Asiya­ya gedən beynəlxalq marşruta alternativ kimi çıxış edəcək Zəngəzur dəhlizidir ki, bu da regionun inkişafına əsaslı təkan verəcək. 

Bəşər tarixində ən iddialı iqtisadi in­kişaf proqramlarından biri hesab edilən, Çin və Avropanı inkişaf etmiş yollar, yüksək sürətli dəmir yolu və elektrik xətləri, limanlar, boru kəmərləri və digər mühüm infrastruktur vasitələri ilə birləş­dirməyi hədəfləyən bu layihə 65 ölkə­ni, 4,4 milyard insanı və dünya ümumi daxili məhsulunun 40 faizini əhatə edir. Təsir dairəsi çox böyük olduğu üçün la­yihə beynəlxalq ictimaiyyətin də böyük marağına səbəb olub. Statistik mən­bələrə görə, kəmərlər və yolların tikinti­sinə Çin sərmayəsinin məbləği 1 trilyon dollardan 8 trilyon dollara qədərdir. Dün­ya Bankının məlumatına görə, dəhliz boyunca yerləşən 70 ölkədə (Çin istisna olmaqla) “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində investisiyalar 575 milyard ABŞ dolları təşkil edir. 

Xəzər dənizində və Qara dənizdə infrastrukturun yeni inkişafı Orta Dəh­liz vasitəsilə tranzit daşımalarını daha da optimallaşdırır. Yeni (Ro-Ro) ter­minalının elan edilməsi, eləcə də Bakı Beynəlxalq Dəniz Ticarət Limanında illik 2,5 milyon ton yükdaşıma gücünə malik yeni gübrə terminalının tikintisi ticarətin gücləndirilməsi üçün mühüm addımlardır. Hər iki layihə problemləri azaldacaq, Bakı Limanının imkanlarını artıracaq və daha çox yük cəlb edəcək. Yumşaq infrastruktur baxımından Azər­baycanın vahid tranzit yükdaşımaların idarə edilməsi mərkəzinin yaradılması ilə bağlı qərarı sərhəd-keçid prosedur­larının sadələşdirilməsinə və rəqəm­sallaşmasına, xərclərin azaldılmasına, habelə Bakı Limanından sərhədyanı ərazilər vasitəsilə tranzit əməliyyatla­rının sinxron planlaşdırılması və idarə olunmasının təkmilləşdirilməsinə əhə­miyyətli dərəcədə kömək edəcək. 

 

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”



İqtisadiyyat