Türkiyə Azərbaycan qazı qovşağına çevrilir

post-img

SOCAR-ın Türkiyədə fəaliyyət göstərən törəmə şirkəti “SOCAR Türkiyə’’nin İzmirin Əliağa yarımadasında istismara verdiyi STAR zavodunda istehsal edilən neft məhsulları qardaş ölkənin tələbatının təxminən 25 faizini ödəyir. Bu barədə mətbuata qurumun baş direktoru Elçin İbadov məlumat verib. Onun sözlərinə görə, ötən il müəssisənin istehsal gücündən istifadə göstəricisi 113 faizə çatıb. 

Xatırladaq ki, STAR zavodu ildə 11 milyon ton xam neft və emal məhsulları istehsal edir. İndiyədək Azərbaycandan qardaş ölkəyə 98,2 milyard kubmetr təbii qaz ixrac edilib, həmçinin “SOCAR Tür­kiyə” şirkəti tərəfindən təxminən 9,3 mil­yard kubmetr qaz nəql olunub. 

Son illər səmərəli fəaliyyətinə görə, “SOCAR Türkiyə” Türkiyənin topdansatış bazarında ən böyük özəl sektor şirkətlə­rindən biri kimi tanınıb. Ötən il təbii qaz və elektrik enerjisinin ümumi ticarət və satış həcmi 17 teravat/saata çatıb, döv­riyyə isə 28 milyard türk lirəsi təşkil edib.

Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) Türkiyənin enerji dəhlizinə çev­rilməsinə ən çox töhfə verən layihələr­dən biri olduğunu bildirən “SOCAR Türkiyə’’nin rəhbəri gələcəkdə bu inf­rastrukturun genişləndirilməsi və Türkiyə üzərindən Avropaya daha çox təbii qazın nəqli ilə bağlı işlərin davam etdiyini də vurğulayıb. O, bu işlərin Türkiyənin təbii qaz qovşağına çevrilməsi üçün böyük imkanlar yaratdığını diqqətə çatdıraraq indiyədək TANAP vasitəsilə Türkiyəyə nəql edilən təbii qazın həcminin təqribən 21 milyard kubmetrə, Türkiyə üzərindən Avropaya göndərilən qazın həcminin isə, təxminən, 22 milyard kubmetrə yüksəldi­yini deyib.

Yeri gəlmişkən, Türkiyədə qaz qov­şağının yaradılması Azərbaycan üçün də mühüm önəm daşıyır. Bu, ilk növbədə, ölkəmizin artan qaz həcmlərini satma­sı üçün əlverişlidir. Digər tərəfdən də, Türkiyə TANAP və Bakı-Tbilisi-Ərzurum kəmərləri ilə respublikamızdan qaz alır. Hər iki ölkə arasında qaz ticarəti qarşı­lıqlı anlaşma və güzəştlər şəraitində hə­yata keçirilir. Avropa İttifaqının Azərbay­can qazına ehtiyacının yüksək olması TANAP-ın ötürücülük gücünün 30 mil­yard kubmetrə qədər artırılması üçün əlverişli şərtlər formalaşdırır. Bundan əlavə, Azərbaycan qazını Türkiyə–Yu­nanıstan sərhədindən İtaliyaya daşıyan TAP-ın genişləndirilməsi də aktuallaşır. 

“Xalq qəzeti”

İqtisadiyyat