Ölkəmizin avtobus parkı yenilənir

post-img

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, yaxın illərdə Azərbaycanda “İkarus” avtobuslarının istehsalına başlanılacaq. Bununla bağlı Sumqayıt Kimya Sənaye Parkının rezidenti – “Sumqayıt Texnologiyalar Parkı” MMC ilə Macarıstanın “İkarus” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. 

Sənədə əsasən, ilkin olaraq ölkə­mizdə ildə 100 ədəd avtobus istehsal olunması, bu rəqəmin, tədricən, 500 ədədə çatdırılması nəzərdə tutulur. Me­morandum, həmçinin yaxın gələcəkdə Qarabağ iqtisadi rayonunda istehsalın lokallaşdırılması, servis mərkəzinin yaradılması və digər məsələləri əhatə edir. “İkarus”ların istehsalının geniş­ləndirilməsi isə, öz növbəsində, Azər­baycanın avtobus parkının yenilənmə­sinə mühüm töhfələr verə bilər.

Son illər vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərni­şindaşıma xidmətlərinin göstərilməsi məqsədilə Azərbaycana müasir tələb­lərə cavab verən müxtəlif tutumlu yeni avtobuslar gətirilir. Ölkənin avtobus parkının yenilənməsi ilə bağlı tədbir­lər ötən il də davam etdirilib. Nazirlər Kabinetinin 2022-ci il fəaliyyətinə dair hesabatına əsəsən, il ərzində Azərbay­cana 170-i dövlət və 85-i daşıyıcılar tərəfindən olmaqla, ümumilikdə, 255 ədəd avtobus gətirilib. Hesabatda o da qeyd olunur ki, ötən il daşıyıcıya məx­sus standartlara uyğun 1 yeni qaraj is­tifadəyə verilib. Bütövlükdə isə hazırda ölkədə 9 belə qaraj fəaliyyət göstərir ki, bunun da 2-si dövlətə, 7-si isə daşıyı­cılara məxsusdur.

Yeri gəlmişkən, son illər ölkə Prezidentinin birbaşa tapşırığı ilə 1044 ədəd orta və iritutumlu sərnişin avto­busu alınaraq Bakı şəhərinin marşrut şəbəkəsində istismara buraxılıb. Yeni alınan avtobusların 76 faizi “Avro-6” standartına uyğun ekoloji baxımdan təmiz sıxılmıştəbii qaz mühərriklidir. Beləliklə, bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində son 7 ildə paytaxtın avtobus parkının 61 faizi yenilənib. Onu da qeyd edək ki, hazırda paytaxtda gündəlik təxminən 650 min nəfərdən artıq sərnişin avto­buslardan istifadə edir. Hər bir sərnişin isə haqlı olaraq həmişə rahat, komfort avtobuslardan istifadə etmək istəyir. 

Sevindirici haldır ki, indi paytaxt Ba­kının küçə və prospektlərində şütüyən müntəzəm xətt avtobuslarının əksəriy­yəti komfort şəraitinə görə seçilir. Belə avtobuslar dizayn baxımından zövq oxşamaqla yanaşı, sərnişindaşıma üçün də olduqca əlverişlidir. Bununla belə, Bakıda hələ də bir sıra marşrut­lar üzrə köhnə və yararsız avtobusları müşahidə etmək mümkündür. Həmin nəqliyyat vasitələrinin tez-tez xarab olub sıradan çıxması isə əvvəlcədən tərtib olunmuş qrafiklərin pozulmasına, avtobusların hərəkətində intervalların artmasına gətirib çıxarır. Bu da sərni­şinlərin haqlı narazılığına səbəb olur. 

Təkcə onu qeyd etmək kifayətdir ki, hazırda Bakıda 2 min 100 avtobus sərnişindaşıma sahəsində fəaliyyət göstərir ki, onların da müəyyən hissə­sini istismar müddəti bitmiş köhnə nəq­liyyat vasitələri təşkil edir. Ekspertlərin fikrincə, bu, paytaxtın sərnişin axınını qarşılamaq üçün kifayət etmir. Müa­sir nəqliyyat infrastrukturunu qurmaq üçün isə Bakının 5 min avtobusa eh­tiyacı var. Regionlarda isə bu sahədə vəziyyət daha acınacaqlıdır. Bir sıra iri şəhərlərin avtobus parkları bərbad vəziyyətdə olduğundan sərnişinlərə keyfiyyətli xidmətin göstərilməsi imkan xaricindədir.

Yeri gəlmişkən, Nazirlər Kabine­tinin 2019-cu il 4 mart tarixli qərarına əsasən, paytaxtda müntəzəm marşrut xətləri üzrə istismarda olan avtobuslar sıxılmıştəbii qaz və elektirik mühərrikli nəqliyyat vasitələri ilə əvəz edilməli­dir. Bundan da məqsəd ətraf mühitin qorunması və havanın çirklənməsinin qarşısının alınmasından ibarətdir. 

Xatırladaq ki, Avropada təmiz, al­ternativ yanacaqlı avtobusların geniş miqyaslı tətbiqini təşviq etmək üçün Tə­miz Avtobus Bəyannaməsi imzalanıb. Belə ki, dünya yollarında hərəkət edən avtobusların, təqribən, yarısı növbəti beş il ərzində tamamilə elektriklə iş­ləyən nəqliyyat vasitələrinə keçidi plan­laşdırılır. Artıq ölkəmizdə də bu sahədə müəyyən tədbirlərin həyata keçirilmə­sinə başlanılıb. Azərbaycan Respub­likası Prezidentinin məlum sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Priori­tetlər”də təmiz ətraf mühitə nail olmaq və “yaşıl artım” ölkəsinə çevrilmək kimi hədəflər müəyyənləşdirilib. Adıçəkilən sənəddə ekoloji cəhətdən təmiz nəqliy­yat vasitələrinin təşviqini gücləndirmək üçün bir sıra tədbirlər nəzərdə tutulur. 

Həmin tədbirlərin davamı olaraq bu yaxınlarda Bakı şəhərinə ilk elektrik mühərrikli avtobus gətirilib. Dünyanın aparıcı elektrik mühərrikli avtobusların istehsalçısı olan Çinin BYD şirkətindən test məqsədilə alınan həmin avtobus 12 metrlikdir. 33 oturacağı olan avtobu­sun ümumi sərnişin tutumu 82 nəfərdir. Batareya gücü 383 kilovat-saat olan avtobus tam enerji dolumunda 350 ki­lometr məsafə qət edə bilir. 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatına görə, test müddətində elektirik avtobusunun Bakı şəhərinin mövcud relyefinə uyğunluğu yoxlanılaraq qiymətləndirilməsi apa­rılacaq. Testin nəticələrinə əsasən, elektrik mühərrikli avtobusların Bakı şəhərinin ictimai nəqliyyatında tətbiqi ilə bağlı təklif hazırlanaraq hökumətə təqdim ediləcək.

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

İqtisadiyyat