Şimal–Cənub Dəhlizində daşımalar artacaq

post-img

Azərbaycan və Rusiya Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində müvafiq infrastrukturun inkişafı istiqamətində əməkdaşlığa dair fikir mübadiləsi aparıb. 

Bu barədə rəqəmsal inkişaf və nəq­liyyat naziri Rəşad Nəbiyev özünün “Twitter” hesabında məlumat verib. Nazir daha sonra bildirib: “Rusiyaya səfər çər­çivəsində bu ölkənin nəqliyyat naziri Vi­tali Savelyevlə görüşdük, ölkələrimiz ara­sında avtomobil nəqliyyatı, aviasiya və dəmir yolu daxil olmaqla nəqliyyat sahə­sində əməkdaşlığın inkişafı məsələlərini müzakirə etdik”.

Rəqəmsal İnkişaf və Nəqliyyat Na­zirliyinin bununla bağlı məlumatında qeyd olunur ki, tərəflər “Rusiya–Azər­baycan dövlət sərhədindən “Yaraq-Qaz­malar” (Rusiya Federasiyası) – “Samur” (Azərbaycan Respublikası) buraxılış məntəqələri ərazisində Samur çayı üzə­rindən avtomobil körpüsünün və giriş yollarının istismarı və xidmətin göstəril­məsi qaydaları haqqında Saziş” layihə­sinin razılaşdırılması üçün müzakirələr aparıblar. Görüş zamanı, həmçinin hava nəqliyyatı sahəsində əlaqələrdən bəhs edilib, uçuşların və istiqamətlərin sayının artırılmasının vacibliyi vurğulanıb.

Eyni zamanda iki ölkə arasında dəmir yolu nəqliyyatı sahəsində, o cümlədən Şimal–Cənub Dəhlizi çərçivəsində dəmir yolu infrastrukturunun inkişafı istiqamə­tində əməkdaşlığın uğurla davam etdiril­diyi qeyd olunub. Yeri gəlmişkən, ötən il adıçəkilən dəhlizlə dəmir yolu daşımala­rının həcmi 481 min ton təşkil edib.

Görüşün sonunda Azərbaycan və Rusiya arasında nəqliyyat sahəsində əlaqələrin daha da inkişaf edəcəyinə əminlik ifadə olunub.

“Xalq qəzeti”

İqtisadiyyat