Pambıqçılıq elmi əsaslarla inkişaf etdirilir

post-img

Dövlətimizin başçısı İlham Əliyevin prezidentlik fəaliyyəti dövründə aqrar sektorun bütün sahələrinin, o cümlədən pambıqçılığın inkişafı daim diqqət mərkəzində saxlanılıb. “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nın qəbul edilməsi də kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın dirçəldilməsi, pambıq məhsullarının ixracının artırılması və bu sahəyə dövlət dəstəyinin gücləndirilməsində əhəmiyyətli rol oynayıb. 

Respublikamızda son illər ərzində pambıqçılığın inkişafının modernləş­dirilməsi, bu sahədə mövcud prob­lemlərin həllinə sistemli və kompleks yanaşılması istiqamətlərində mühüm uğurlar əldə edilib. Prezident İlham Əliyev tərəfindən aqrar islahatların müasir mərhələsi ilə bağlı qəbul olunan qərarlar, pambıqçılığın institusional, iqtisadi və texnoloji inkişaf mexanizm­lərinin təkmilləşdirilməsi istiqamətində kompleks layihələrin icrası “ağ qızıl”ın yetişdirilməsinin keyfiyyətcə yeni inki­şaf dövrünə keçməsini şərtləndirib. 

Məhz bütün bunların nəticəsidir ki, ötən il pambıqçılıq mövsümündə sahələrdən 322 min 300 ton pambıq yığılaraq tədarük məntəqələrinə təh­vil verilib. Pambıq üzrə hektarın orta məhsuldarlığı 30,92 sentner təşkil edib ki, bu da bir il əvvəlki mövsümlə müqa­yisədə hər hektar üçün 2,42 sentner artıqdır. 2022-ci ildə bir il əvvəllə müqa­yisədə sahələrdən 35 min 259 ton artıq məhsul yığılıb.

Azərbaycanda pambıqçılığın inki­şafı dövlət tərəfindən dəstəklənir. Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2022-ci ildə tədarük məntəqələrinə təhvil verilən pambığın hər tonuna görə fermerlərə 170 manat məhsul subsidiyası ödənilib. Şuranın qərarı ilə 2023-cü il mövsümündə fermerlərə təhvil verəcəkləri pambığın hər tonuna görə 180 manat məhsul subsidiyası ödəniləcək.

2022-ci ildə pambıq tədarükü və emalı müəssisələri tərəfindən məhsu­lun fermerlərdən alış qiymətinin artırıl­masına dair iki dəfə qərar qəbul edilib. Xam pambığın alış qiyməti hər tona görə mövsümün əvvəlində 50 manat və yığım ərəfəsində də 50 manat ol­maqla, ümumilikdə, 100 manat artırılıb.

Ötən il pambığın fermerlərdən alış qiyməti 1-ci növ üçün 800 manat, 2-ci növ üçün 780 manat, 3-cü növ üçün 740 manat, 4-cü növ üçün isə 700 ma­nat olaraq müəyyənləşdirilib.

Bu il də sözügedən sahənin inkişafı diqqətdə saxlanılır. Kənd Təsərrüfatı Nazirliyinin son məlumatına görə, cari il respublika üzrə pambıq emalı və tə­darükü şirkətləri tərəfindən 15 min 434 mülkiyyətçi ilə 92 min hektar sahədə pambıq istehsalı məqsədilə müqavilə bağlanılıb və həmin sahələrin 90 min hektarında şum işləri aparılıb. Aprelin ikinci ongünlüyündə isə pambıq tarlala­rında çiyid səpininə başlanılıb və artıq 17,7 min hektar sahədə səpin həyata keçirilib.

Mütəxəssislərin fikrincə, pambıq istehsalında yüksək göstəricilərin əldə edilməsi elmi yanaşmalarının tətbiqin­dən asılıdır. “Azərşəkər” MMC ilə “MKT İK” MMC arasında pambıq əkinlərin­də belə bir amilin önə çəkilməsi, əkin sahələrində keyfiyyət və məhsuldar­lığın artırılması istiqamətində memo­randum imzalanması da bunun bariz ifadəsidir. 

Xatırladaq ki, “MKT İK” MMC-nin fəaliyyət gösdərdiyi 15 rayonda 267 fermeri əhatə edəcək yeni layihədə toxum səpinindən məhsul yığımına qə­dər olan bütün mərhələlər “Azərşəkər” şirkətinin tərkibindəki “Aqrolab” kənd təsərrüfatı laboratoriyasının nəzarəti altında müasir əkinçilik üçün lazım olan vacib elmi yanaşmaların tətbiq edilmə­si ilə həyata keçiriləcək.

Əməkdaşlığa əsasən, “Aqrolab” tərəfindən fermerlər üçün təlimlər ger­çəkləşdiriləcək, pambıq bitkisinin be­cərilmə prosesində kompleks laborator analizlər icra ediləcək, düzgün aqro­texniki qulluğun yerinə yetirilməsi üçün lazımi tövsiyələr veriləcək.

Bu əməkdaşlıq ölkəmizdə kənd təsərrüfatına elmi yanaşmaların tət­biqinin daha da sürətlənməsində, müa­sir yanaşlamalarla idarə edilən təsər­rüfatların yaranmasında, digər fermer və şirkətlərin də təşviqində mühüm rol oynayacaq.

Yeri gəlmişkən, “Aqrolab”un labora­toriyalarında torpağın, toxumun, bitki­nin, suyun uyğun aqrokimyəvi, mikrobi­oloji və fitopatoloji analizləri ən müasir texnologiyalarla həyata keçirilir. İcra olunan analizlər və gündəlik işlərin təş­kili “Aqro Analiz” kənd təsərrüfatı labo­ratoriyaları şəbəkəsinin mütəxəssisləri tərəfindən mütəmadi olaraq nəzarətdə saxlanılır.

Vəkil HÜSEYNOV,
iqtisadçı-ekspert

Prezident İlham Əliyev tərəfin­dən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib. Kənd təsərrüfatının bütün sahələ­ri kimi pambıqçılıq da yeni inkişaf mərhələsinə qədəm qoyub. Son illərdə dövlət başçısının verdiyi tapşırıqlar, pambıqçılığın inkişafına dair müvafiq Dövlət Proqramının ic­rası ilə bağlı görülmüş işlər öz bəh­rəsini verib.

Pambıqçılıqla bağlı bütün isteh­sal prosesini əhatə edən kompleks Tədbirlər Planına əsasən, hazır­kı dövr üçün nəzərdə tutulan bü­tün təşkilati, aqrotexnika ilə bağlı məsələlər vaxtında və keyfiyyətlə icra edilib. Pambıq istehsalçıları ilə şirkətlər arasında müqavilələrin bağlanılması, şum, arat, suvarma məsələləri diqqətdə saxlanılıb, tex­nika, pestisid və mineral gübrələrə tələbatın həcmi müəyyənləşdi­rilərək təmin edilməsi istiqamətində tədbirlər görülüb. 

Cari mövsümdə də pambıq is­tehsalına hazırlıq, qarşıda duran vəzifələr, pambıqçılığın inkişafı kimi məsələlər diqqətdə saxlanılır. Hazırda qarşıda duran əsas vəzifə pambığın becərilməsində intensiv texnologiyalardan istifadə etmək­lə məhsuldarlığı artırmaqdır. Eyni zamanda yüksək məhsuldarlıq üçün torpaq və su resurslarından səmərəli istifadə edilməli, növbə­li əkin tətbiq olunmalıdır. Bundan başqa, aqrotexniki tədbirlərin vax­tında və düzgün yerinə yetirilməsi, torpaq sahələrinin aqrokimyəvi ana­lizinin aparılması, mineral gübrələ­rin düzgün istifadəsi, zərərvericilərə qarşı mübarizə tədbirlərinin vaxtın­da görülməs önəmli amillərdir. 

“Azərşəkər” MMC ilə “MKT İK” MMC arasında pambıq əkinlərində müasir elmi yanaşmaların tətbiqi, əkin sahələrində keyfiyyət və məh­suldarlığın artırılması istiqamətində memorandum imzalanması da bu sahənin inkişafı istiqamətində atı­lan mühüm addımdır. Qeyd edim ki, bu əməkdaşlıq ölkəmizdə kənd təsərrüfatına elmi yanaşmaların tədbiqinin daha da sürətlənməsi, müasir yanaşmalarla idarə edilən təsərrüfatların yaradılması məqsədi daşıyır. 

Belə fermer təsərrüfatlarında mütəxəssislər tərəfindən analiz nə­ticələrinin düzgün emalı və yüksək keyfiyyətli təhlili əsasında əkinçilik və ya bitkiçilik fəaliyyəti uğurla ger­çəkləşdirilir və müsbət göstəricilər əldə olunur.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”



İqtisadiyyat