Kolonna Bakıya gəldi və getdi… Nəticəsi olacaqmı?

post-img

Fransanın xarici işlər naziri Ketrin Kolonnanın Cənubi Qafqaz regionuna səfəri Bakıdan başladı. Dünən fransalı naziri Prezident İlham Əliyev qəbul elədi. Qonaq azərbaycanlı həmkarı Ceyhun Bayramovla da danışıqlar apardı.

Qeyd edək ki, K.Kolonnanın böl­gəyə səfəri aprelin 28-dək davam edəcək. O, Ermənistanda da olacaq. Fransa Xarici İşlər Nazirliyinin sözçüsü səfərdən əvvəl – aprelin 24-də bildirib ki, nazir rəsmi Parisin əsasında ərazi bütövlüyü və beynəlxalq hüququn prin­siplərinə hörmət dayanan ədalətli, da­vamlı sülh naminə iki ölkə arasındakı danışıqları dəstəkləmək öhdəliyini xa­tırladacaq.

İrəvanda isə K.Kolonna baş nazir Nikol Paşinyan tərəfindən qəbul edilə­cək və həmkarı Ararat Mirzoyanla mü­zakirə aparacaq. O, həmçinin Avropa İttifaqının müşahidə missiyasının Cer­mukdakı mənzil-qərargahında olacaq. Xanım Kolonnanın səfər proqramına qondarma “erməni soyqırımı” abidə­sinə baş çəkmək də daxildir.

Fransalı nazirin səfərinin sonuncu ünvanı Gürcüstandır. O, aprelin 28-də Prezident Salome Zurabişvili, Baş nazir İrakli Qaribaşvili və xarici işlər naziri İlya Darçiaşvili ilə müzakirələr aparacaq.

***

K.Kolonnanın səfəri regionda mürəkkəb proseslərin cərəyan etməsi fonunda baş tutur. Ermənistan 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlik­ləri yerinə yetirmir. O cümlədən rəsmi İrəvan Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında dəhlizin yara­dılmasına da imkan vermir, öz silahlı tör-töküntülərini Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiril­diyi Azərbaycan ərazilərindən çıxar­mır. Bundan əlavə, Ermənistan lap bu yaxınlaradək Laçın yolundan sui-istifa­də edərək, Qarabağa silah-sursat və digər hərbi təyinatlı məhsullar daşıyır­dı. Aprelin 23-də Azərbaycan Ermənis­tanla şərti sərhəddə, Laçın–Xankəndi yolunun başlanğıcında sərhəd nə­zarət-buraxılış məntəqəsi yaratdı. Bu, əslində, ölkəmizin suveren hüququ və ərazi bütövlüyümüzün təmin olunma­sının ifadəsidir. Buna baxmayaraq, bir sıra ölkələr, o cümlədən Fransa sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradıl­masına qarşı çıxıb. Elə dünən Bakıda Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında da K.Kolonna sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulmasına etiraz etdiklərini dilə gətir­di. Eyni zamanda bildirdi ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarı da yerinə yetirilməlidir. Halbuki Fransa işğalçı Ermənistan ordusunun Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılma­sını nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin icrası ilə bağlı 27 il ərzində heç bir təşəbbüs göstərməyib. Bu fikri dünənki mətbuat konfransında Ceyhun Bayramov da qeyd edib. O, sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə bağlı de­yib ki, Azərbaycan öz konstitusiyasına uyğun olaraq, öz ərazisində addım atıb. Bu addımından 2,5 il öncə hər kəsə problemin mahiyyətini deyib. Bu illər ərzində Fransa bir dəfə də olsun Ermə­nistana çağırış etməyib.

***

Ümumiyyətlə, Fransa hələ 1991-ci ildən sonrakı mərhələdə müəyyən mənada qlobal imkanlara malik azsaylı dövlətlərdən biri idi. Fransa BMT Təh­lükəsizlik Şurasının 5 daimi üzvündən biri kimi o dövrdə Cənubi Qafqazda xüsusi mənfi imicə malik deyildi. Ək­sinə, Parisin hər iki ölkə ilə müəyyən münasibətləri var idi ki, bu əlaqələr ona münaqişənin həlli, işğalın başa çatdırıl­ması ilə bağlı konstruktiv rol oynamağa imkan verirdi. Fransa ilkin mərhələ­də bu imkanları əlindən qaçırıb. Paris 1991–93-cü illərdə erməni lobbisinin təsiri altında mənfi rol oynayıb. Sonra­kı proseslər zamanı biz Fransanın nə BMT TŞ-dəki statusuna, nə də mütə­madi qeyd etdiyi Avropa dəyərlərinə uyğun gəlməyən mövqeyə keçdiyini gördük. Fransa parlamentinin aşağı palatası olan Milli Assambleya 1998-ci ildə qondarma “erməni soyqırımı”nı ta­nıyıb. Sonrakı illərdə (2000 və 2001-ci il) parlamentin yuxarı palatası – Senat bu addımları təkrarlayıb. 2006-cı ildə isə Milli Assambleya misli görünmə­miş akta imza atıb: qondarma “soyqı­rımı”nın inkarının cinayət məsuliyyəti yaratması barədə qanun qəbul edib. Beləliklə, Fransa tədricən Ermənista­nın işğalçılıq siyasəti və digər mövzu­larda nə beynəlxalq hüquqa, nə özünün beynəlxalq arenadakı statusuna, nə də elan etdiyi “Azadlıq, Bərabərlik, Qar­daşlıq” dəyərlərinə uyğun gələn mövqe ortaya qoymağa başlayıb. Bununla da Paris münaqişənin həllində bitərəf va­sitəçi kimi nüfuzunu itirib.

Əfsuslar olsun ki, Fransa 44 gün­lük Vətən müharibəsi zamanı da bu mövqeyini dəyişməyib. Fransa müha­ribə günlərində ən yüksək səviyyədə açıq ermənipərəst bəyanatlar verir, Azərbaycanı muzdluları cəlb etmək­də ittiham edirdi. Fransa bəzən artıq səhvini başa düşdüyü, doğru siyasətə yönəldiyi görüntüsünü yaradır, amma sonra yenə destruktiv mövqe sərgiləyir. Elə bir mövqe ki, bu mövqe ancaq Cə­nubi Qafqazın münaqişə bölgəsi kimi qalmasına xidmət edir. Sanki istəyirlər ki, Cənubi Qafqazda münaqişə bitmə­sin, sülh əldə olunmasın. Ancaq çox maraqlıdır ki, bu sülhün əldə olunma­ması nə Fransanın iki aparıcı ölkəsin­dən biri olduğu Avropa İttifaqının, nə də NATO-nun maraqlarına xidmət edir.

***

Fransanın xarici işlər nazirləri Azərbaycana çox nadir hallarda səfər edirlər. Sonuncu dəfə Bakıda 2018-ci ilin mayın 27-də Fransanın sabiq baş diplomatı Jan İv Lö Drian olub. Bir ilə yaxındır Fransa XİN-ə rəhbərlik edən K.Kolonna bu mənada sələflərindən fərqlənir. O, Bakıdakı mətbuat konfran­sında bəzi pozitiv fikirlər də səsləndir­di, müsbət mesajlar verdi. Xanım Ko­lonnanın səfərinin iki ölkə arasındakı fikir ayrılıqlarını həll edib-etməyəcəyi, Fransanın İrəvan–Bakı münasibətlərilə bağlı nəhayət, ədalətli mövqe tutub-tut­mayacağı yaxın vaxtlarda bəlli olacaq.

Aydın QULİYEV,
politoloq

– Ketrin Kolonnanın səfəri Fransa–Azərbaycan münasibət­lərinin gərgin dövrünə təsadüf edir. Bu gərginliyin yaranmasının məsuliyyəti bütünlüklə Fransanın indiki hakimiyyətinin üzərindədir. Nəzərə almaq lazımdır ki, müna­sibətləridəki gərginliyi aradan qal­dırmaq üçün Fransanın ali haki­miyyət dairələri tərəfindən heç bir jest edilmədi, bəyanat verilmədi. Əgər belə bir addım atılsaydı, bəlkə də Kolonnanın səfəri nə­ticəsində nəyinsə dəyişəcəyinə ümid etmək olardı. Amma belə bir gərgin vaxtda nazirin səfərinin ciddi dəyişikliyə gətirib çıxaraca­ğını gözləmək, zənnimcə, doğru deyil.

Paris yürütdüyü ermənipərəst və qatı Azərbaycanofob siyasə­tində ciddi korrektələr etməlidir. Bugünlərdə Fransa Prezidenti erməni dilində qondarma soyqı­rımını dəstəklədi. Fransa baş­da Emmanuel Makron olmaqla, Ermənistanın bölgədə apardığı destruktiv siyasətə indiyədək birmənalı şəkildə dəstək verib. Belə bir şəraitdə xanım Kolon­nanın Azərbaycanla Ermənistan arasında münasibətlərin normal­laşmasına töhfə vermək iddiası ilə Bakıya gəlişi heç bir halda səmimi görünmür. Hətta, səmimi şəkildə bunu etmək istəsələr də burada hansısa bir nəticənin əldə olunması ağlabatan deyil.

Səxavət HƏMİD, “Xalq qəzeti”



İqtisadiyyat