Hazırda türk dövlətləri arasında yüksək dostluq və qardaşlıq münasibətləri mövcuddur. Qarşılıqlı və səmərəli əməkdaşlığın təməli isə 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində Türk Dövlətləri Şurasının yaradılması ilə bağlı imzalanmış sənəd əsasında qoyulub. Hazırda Türk Dövlətləri Təşkilatı (TDT) adı ilə fəaliyyət göstərən qurumun əsas məqsədi türkdilli ölkələr arasında siyasət, iqtisadiyyat, elm, təhsil, nəqliyyat və turizm sahələrində əməkdaşlığın genişləndirilməsinə nail olmaqdan ibarətdir.
Dövlətlərarası blokun üzvləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandır. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası isə təşkilatda müşahidəçi statusuna malikdir. Qurumda təmsil olunan və müşahidəçi statusuna malik ölkələrin rəhbərləri rəsmi və qeyri-rəsmi olmaqla ildə bir dəfə müxtəlif şəhərlərdə toplaşırlar. Bununla yanaşı, üzv ölkələrin xarici işlər nazirləri və parlament rəhbərləri səviyyəsində də il ərzində davamlı olaraq iclaslar keçirilir. Ötən müddətdə dost və qardaş dövlətlərin iştirakı ilə keçirilmiş zirvə görüşlərində müakirə olunan məsələlər, qəbul edilən qərarlar çoxtərəfli əlaqələrin genişləndirilmsinə mühüm töhfələr verib.
Xatırladaq ki, təşkilatın ötən il noyabrın 11-də Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş IX zirvə görüşündə bir çox sahələrdə qarşılıqlı əmakdaşlığın genişləndirilməsi ilə bağlı əhəmiyyətli qərarlar qəbul olunmuşdu. Bu baxımdan gömrük dəhlizlərinin yaradılmasının asanlaşdırılması ilə bağlı sazişi xüsusi qeyd etmək olar.
Məlum olduğu kimi, aprelin 4-də Azərbaycan Respublikası Milli Məclisinin plenar iclasında “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” Səmərqənd sazişi təsdiq olunub. Xatırladaq ki, dəhliz tərəflər arasında daşınan mallar barədə əvvəlcədən məlumat mübadiləsi etmək, onların gömrük prosedurlarını mümkün qədər asanlaşdırmaq məqsədi daşıyan, könüllülük əsasında və bütün nəqliyyat növlərindən istifadə edilə bilən elektron sistemi nəzərdə tutur. Saziş qüvvəyə mindikdən sonra tərəflərin gömrük orqanlarının razılığı əsasında 6 aylıq pilot layihə icra olunacaq. Bu layihə isə dəhlizin reallaşdırılmasını şərtləndirəcək.
Ekspertlər hesab edirlər ki, gömrük dəhlizinin reallaşdırılması Orta Dəhlizin praktiki əhəmiyyətini artırmaqla yanaşı, Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında yük daşımalarının sürətlənməsinə, eləcə də yük dövriyyəsinin genişlənməsinə gətirib çıxaracaq. Eyni zamanda, TDT ölkələri arasında yük daşımaları prosedurları xeyli asanlaşacaq, Orta Dəhliz boyunca nəqliyyat, sərhəd və gömrük prosedurları rəqəmsallaşdırılacaq. Bu da öz növbəsində üzv ölkələrin tranzit potensialının artmasına və dövlətlərin regional və beynəlxalq nəqliyyat sistemlərinə inteqrasiya olunmasına imkan yaradacaq.
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının dövlət başçılarının ötən ayın 16-da Ankarada keçirilmiş fövqəladə zirvə görüşündə qəbul olunmuş qərarlar, imzalanmış sənədlər də dost və qardaş ölkələr arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün geniş imkanlar yaradır. Qurumun son zirvə toplantısında yaradılmış Türk İnvestisiya Fondu isə üzv dövlətlər arasında iqtisadi əməkdaşlığa mühüm töhfə kimi dəyərləndirilir. Belə ki, fond türk dilli ölkələr arasında infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, turizm, alternativ enerji və digər sahələrdə əməkdaşlığın inkişafına geniş imkanlar yaradır. Elə ekspertlər də fondun 450 milyon dollarlıq ilkin kapitalının bir il ərzində bir milyard dollara çatacağını əminliklə vurğulayırlar.
Onu da qeyd edək ki, geoiqtisadi cəhətdən Avrasiyanın yüksək potensiala malik olan türk dövlətlərinin ərazisi 4,8 milyon kvadratkilometr, əhalisi isə 170 milyon nəfərdən çoxdur. Bu ölkələrin illik ümumi daxili məhsulunun həcmi 1,4 trilyon dollar, il ərzində həyata keçirdikləri ticarət əməliyyatlarının məbləği isə 855 milyard dollardan çoxdur. Qarşılıqlı münasibətlərin, müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi ilə bağlı qərarlar isə Türk Dövlətləri Təşkilatı ölkələrinin iqtisadi qüdrətinin daha da artmasına səbəb olacaq.
Təbriz YADİGAROV,
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın milli maraqlarının qorunması istiqamətində aparılan prinsipial, ardıcıl və qətiyyətli siyasət nəticəsində ölkəmiz regionun inkişafı istiqamətində reallaşdırılan layihələrin fəal iştirakçısına çevrilib. Hazırda ölkəmiz türkdilli dövlətlər və xalqlar arasında dostluq, qardaşlıq münasibətlərinin və qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir.
Azərbaycanın türk dövlətləri ilə xarici ticarət əlaqələrinin inkişaf meyilləri göstərir ki, ölkə başçısının “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanmış Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu bu ölkələrin iqtisadiyyatına mühüm töhfə verəcək. Belə ki, sadələşdirilmiş gömrük dəhlizinin yaradılması üzrə türk dövlətləri arasında ticarət əlaqələrinin inkişafı istiqamətində atılan bu addım sayəsində daşınan mallar və nəqliyyat vasitələri haqqında məlumatlar elektron şəkildə mübadilə ediləcək ki, bu da sürətli yük daşımalarına şərait yaradacaq. Bundan əlavə, yük daşımalarının həcminin artması ilə yanaşı, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin nəqliyyat logistika sisteminin səmərəliliyi artacaq.
Yeri gəlmişkən, hazırda Logistikanın Səmərəlilik İndeksinə görə Türkiyə 3,15 balla 47-cı, Qazaxıstan 2,81 balla 71-cı, Türkmənistan 2,41 balla 124-cü, Qırgızıstan 2,55 balla 108-ci, Özbəkistan 2,58 balla 99-cu yerdədirlər. Azərbaycan isə Logistikanın Səmərəlilik İndeksinə görə 2,45 balla 125-ci yerdə qərar tutub. Qeyd edək ki, Logistikanın Səmərəlilik İndeksi gömrük əməliyyatlarının səmərəlilik indeksi, nəqliyyatın keyfiyyəti və informasiya texnologiyaları, beynəlxalq daşımalara burxılma qabiliyyəti, logistikanın komponentliyi, yüklərin izlənmə qabiliyyəti və yüklərin çatdırılma tezliyi ilə müəyyən edilir. Məhz bu baxımdan sadələşdirilmiş gömrük dəhlizinin yaradılması Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında yük daşımalarını asanlaşdırmaqla yanaşı, Logistikanın Səmərəlilik İndiksi üzrə mövqeyin də yaxşılaşmasına səbəb olacaq. Eyni zamanda, sadələşdirilmiş gömrük dəhlizi Orta Dəhliz boyunca infrastrukturun inkişafına, nəqliyyat, sərhəd və gömrük əməliyyatlarının rəqəmsallaşdırılmasını şərtləndirəcək ki, bu da nəqliyyat marşrutu üzrə tranzit potensialının artmasına və iştirakşı ölkələrin regional və beynəlxalq nəqliyyat sistemlərinə əlverişli şəkildə inteqrasiyasına geniş imkanlar yaradacaq.
Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”