Azərbaycanın enerji potensialı böyük dərəcədə güclənəcək

post-img

Azərbaycanın enerji diplomatiyası sahəsində qazandığı  uğurlar bir-birini əvəzləməkdədir. Son illər ölkəmizdə energetika sahəsində mühüm əhəmiyyətli tədbirlərin keçirilməsi də bundan xəbər verir. Uğurlardan bəhs edərkən təkcə ötən ildə bu sahədə görülən işlərə nəzər yetirmək kifayətdir. 2022-ci ilin yanvar ayında Səudiyyə Ərəbistanını təmsil edən “ACWA Power” şirkəti ilə birlikdə 240 meqavat gücündə Külək Elektrik Stansiyasının təməlinin qoyulması ölkəmizin enerji diplomatiyasında qazandığı daha bir uğur idi. Bundan bir ay sonra isə –fevral ayında  “Azərenerji” tərəfindən inşa edilmiş 385 meqavat gücündə elektrik stansiyasının açılışı oldu. Prezident İlham Əliyev də dəfələrlə  vurğulayıb ki, ölkəmizdə enerji istehsalının artırılması hər zaman diqqət mərkəzindədir. Əsas hədəf 2030-cu ilə qədər bu rəqəmi 30 faizə çatdırmaqdır. 

 

Bir neçə gün əvvəl Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasiminin keçirilməsi bir daha təsdiqlədi ki, Azərbaycanın enrji potensialı getdikcə  yüksək dərəcədə güclənəcək. Hazırda Azərbaycan Avropanın enrji təminatında mühüm rol oynayan ölkələrdəndir.  Möhtərəm Prezidentimizin  “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimindəki çıxışında verdiyi müsajlardan da bəlli oldu ki, ölkəmizin enerji potensialı getdikcə güclənir və Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmi daha da artacaq. 2025-ci ildə Mingəçevir şəhərində yeni 1280 meqavat gücündə elektrik stansiyasının açılışı xəbəri də  enerji diplomatiyamızın növbəti uğuru olacaq. 

Dövlətimizin başçısı bir daha bəyan etdi ki, Mingəçevir hazırda elektroenergetika sahəsində bizim əsas şəhərimizdir. Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir. Qürurla qeyd etmək istərdim ki, Mingəçevir hazırda  Qafqazın enerji mərkəzinə çevirilib. Bu uğurun əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Tarixi şəxsiyyətin  rəhbərliyi və təşəbbüsü ilə 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuşdur. Xatırladım ki, bu nəhəng  stansiyanın birinci blokun açılışı  1981-ci ildə baş tutmuşdur və ulu öndər açılış mərasimində  şəxsən iştirak etmişdir.

Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, müstəqilliyin ilk illərində məhz Mingəçevir Elektrik Stansiyası ölkəni elektrik enerjisi ilə təmin edirdi. Ümumi generasiya gücü 2400 meqavat olan stansiya ölkəmizin nəinki enerji potensialını, ümumiyyətlə, sənaye potensialının böyük hissəsini ödəyərək imkan verdi ki, hətta müstəqilliyimizin ən ağır illərində, ilk illərdə Azərbaycanda elektrik enerjisi ilə təchizat təmin edilsin.

Ölkədə start götürən genişmiqyaslı yenidənqurma və bərpa işləri növbəsi Mingəçevir Elektrik Stansiyasına da çatdı. Çünki  digər sahələrdə olduğu kimi, burada da infrastruktur köhnəldiyindən müasir tələblərə cavab vermirdi. Odur ki, 2018-ci ildə MES-in yenidən qurulması prosesi başlanıldı.  İki il ərzində 8 blok tamamilə yenidən qurulmuş və istifadəyə verilmişdir. 2020-ci ildə stansiya öz əzəli gücü ilə yenidən işləməyə başlamış və 2400 meqavat generasiya gücünə malik olmuşdur. Bərpa-yenidənqurma işləri nəticəsində təqribən 600 meqavatdan çox itirilmiş güclər bərpa edildi.

İkinci Qarabağ müharibəsi zamanı  Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz ordumuzun 44 gün ərzində düşməni darmadağın etdikdən sonra  həmin ərazilərdə dərhal yenidənqurma, tikinti- abadlıq işlərinə start verildi. Ilk növbədə, işğaldan azaad edilmiş ərazilərin enerji sistemi yenidən qurulmalı, ən müasir tələblərə cavab verən enerji infrastrukturu yaradılmalı idi. Çətin relyefə malik həmin ərazilərdə qısa müddət ərzində enerji sistemi yenidən quruldu. Mingəçevir Elektrik Stansiyasının önəmi İkinci Qarabağ müharibəsi zamanında  xüsusi rol oynadı. Dövlət başçımız çıxışında bu məsələni bir daha diqqətə çatdı5rdı. Dedi ki, o vaxt döyüş meydanında məğlub olan Ermənistan Azərbaycanın mülki obyektlərini də atəşə tuturdu, yüzlərlə yaşayış evi tamamilə dağıdılmışdı, yüzə yaxın dinc insan həlak olmuşdu, o cümlədən Mingəçevir Elektrik Stansiyası da uzaqmənzilli raketlərlə atəşə tutulmuşdu. Bu raketlərin bir çoxu Azərbaycanın hava hücumuna qarşı müdafiə sistemləri tərəfindən məhv edildi, bəziləri isə hədəfə dəymədi. Düşmən çirkin niyyətinə çata bilmədi. 

Mingəçevir şəhərinin Azərbaycanın və nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır. Təxminən 1300 meqavat gücündə olan stansiya  potensialımızı böyük dərəcədə gücləndirəcək, Azərbaycanın enerji diplomatiyasındakı nailiyyətlərini daha da artıracaq. Bu, eyni zamanda, Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq, həmçinin işsizliyin aradan qaldırmasında mühüm rol oynayacaq. Bu stansiyanın istifadəyə verilməsindən sonra yüzlərlə yeni iş yerləri yaranacaq və Azərbaycan öz imkanlarından tam istifadə edərək, həm daxili tələbatı ödəyəcək,  həm elektroenergetika, həm də təbii qaz sahəsində daha böyük addımlar atacaq. 

Bu, həm də Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaq. Yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağıdır və bu, imkan verəcək ki, ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət edilsin. Bu gün Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaqdır.

Dövlət başçımız Azərbaycanda elektroenergetika sahəsinin  inkişafından da söhbət açdı. Qeyd edildi ki, son 20 il ərzində Azərbaycanda 34 elektrik stansiyası inşa edilmişvə bu stansiyaların generasiya gücü təqribən 3400 meqavata bərabərdir. Hazırda bizim ümumi generasiya gücümüz 7200 meqavatdır, onun 3400 meqavatı son 20 ildə yaradılmışdır

Azad edilmiş torpaqlarda artıq 10-dan çox yarımstansiya, 10-dan çox su elektrik stansiyası inşa edilmişdir. İki il ərzində Şərqi Zəngəzur bölgəsində 50 meqavatdan çox generasiya gücü yaradılmış və bu rəqəm bu ilin sonuna qədər 200 meqavata çatacaq. Şərqi Zəngəzurun və Qarabağın böyük hidroenergetika potensialı imkan verəcək ki, biz o bölgələrdə 500 meqavata qədər generasiya gücləri yaradaq. Faktlar da təsdiqləyir ki, Azərbaycanın enerji potensialı  getdikcə yüksək səviyyədə güclənəcək.

Çingiz QƏNİZADƏ,

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru

İqtisadiyyat