Zahid Oruc: “Elektron idarəçilik gerçək hökuməti əvəz edə bilməz”

post-img

Təhlillər göstərir ki, son illər  insanların öz hüquqlarının qoruması yönündə fəallığı artıb. Soğrular göstərir ki, azərbaycanlılar ən çox sosial hüquqlara önəm verirlər. İctimai-siyasi hüquqlar sonra gəlir, halbuki müəyyən platformalarda tam əks mənzərə canlandırılır. Sosial Tədqiqatlar Mərkəzi (STM) yarandığı 4 il ərzində  dövlətimizin cari və strateji mənafelərinə bağlı olan, milli həyatımıızın aktual məsələlərinə dair çoxsaylı tədqiqatlar aparıb, araşdırmaların elmi legitim standartları çərçivəsində hazırladığı onlarla sənədi ali hakimiyyət rəhbərliyi, hökumət və ictimaiyyətə təqdim edib. 

Bu fikirləri “Xalq qəzeti”nə açıqlamasında STM-in sədri Zahid Oruc deyib.

STM sədri bildirib ki, ölkəmizdə də elektron dövlət və ya hökumət siyasəti uzun illərdir ki, geniş tətbiq olunur. Yalnız texnika və qurğular, smart sistemlər, böyük məmur korpusunu inkar edərək onları ikinci planda, daim şübhəçi statusunda saxlamağa, hakimiyyətlə cəmiyyət arasında sədd çəkməyə səbəb olunca inamsızlıq sosial konfliktlərə səbəb olar. Elektron idarəçilik gerçək hökuməti əvəz edə bilməz: “Milli Fəaliyyət Planının 4-cü prioritet istiqaməti dövlət xidmətlərinin elektronlaşmasını nəzərdə tutur. Əlbəttə, elektron xidmətlərin göstərilməsində böyük uğurlarla yanaşı, ortaya çıxan ən ciddi problemlərdən biri dövlət orqanlarının informasiya sistemləri arasında inteqrasiyanın tam başa çatmaması və ya bir xidmətin alınması üçün tələb olunan məlumatların hamısının elektronlaşmamasıdır. Nəticədə xidməti təşkil edən dövlət orqanı elektron xidməti tam təşkil edə bilmir və bu hal xidmətin keyfiyyətini azatmaqla yanaşı, xidmətalanların məmnunluğunu azaldır. Əlbəttə, vətəndaşların aldığı dövlət xidmətinin elektronlaşdırılması və avtomatlaşdırılması korrupsiya hallarının aradan qaldırılmasına xidmət edir”. 

Zahid Oruc onu da bildirib ki, dövlət siyasəti nəticəsində müxtəlif proqramlar icra olunub və rəqəmsal xidmətlərin formalaşdırılması ilə müxtəlif qurumlarda bir sıra xidmətlər yüksək səviyyədə təşkil edilib, vətəndaşların dövlət orqanlarına əlçatanlığı asanlaşıb. Elektronlaşdırılmış xidmətlər əhalinin və vətəndaşların həm maliyyə və digər resurslarına, həm də vaxtlarına qənaət etməsi baxımından müsbət irəliləyişlərə gətirib çıxarır. Ödəniş sistemlərini buna misal göstərmək olar. 

Rizvan FİKRƏTOĞLU,
"Xalq qəzeti"

İKT