Böyük İpək yolu turniri

post-img

Bu gün Bakıda qadın və kişi boksçular arasında Böyük İpək Yolu beynəlxalq turniri start götürəcək. Boks Mərkəzində təşkil olunacaq ənənəvi yarışda Azərbaycan, Avstraliya, Əlcəzair, Bolqarıstan, Gürcüstan, Macarıstan, Qazaxıstan, Moldova, Türkiyə və Özbəkistan milli komandaları mübarizə aparacaqlar.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 14 dəst (10 çəkidə kişi, 4 çəkidə qadın) medal uğrunda 126 boksçu gücünü yoxlayacaq. Turnirin qaliblərinin adına aprelin 7-də aydınlıq gələcək.

Azərbaycan kişilərin yarışında 37, qadınların mübarizəsində 6 boksçu ilə təmsil olunacaq.

Qeyd edək ki, turnirin supervayzeri Svetoslav Sapoundjiyev (Bolqarıstan), baş hakimi Anar Babanlı (Azərbaycan) olacaq. Görüşləri azərbaycanlı hakimlərlə yanaşı, Əlcəzair, Bolqarıstan, Qazaxıstan, Moldova, Türkiyə və Özbəkistandan olan referilər də idarə edəcəklər.

Qabil YUSİFOĞLU
XQ

İdman