Türk Dövlətlərinin Xizək Kuboku keçirilib

post-img

Türk Dövlətləri Təşkilatın dəstəyi və Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının birgə təşəbbüsü ilə Türk Dövlətlərinin Xizək Kuboku təşkil olunub. Türkiyənin Uludağ Dağ Kuortunda keçirilən yarışda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan  olan 100-ə  yaxın xizək həvəskarı iştirak edib.

Sayca 2-ci dəfə təşkil olunan kubokda  əvvəlcədən qeydiyyatdan keçən 18-25, 26-45, 46+ yaş kategoriyasında kişi və qadın idmançılar xizək idmanının “Nəhəng Slalom” növündə birincilik uğrunda mübarizə aparıblar.

Gərgin keçən yarışda 18-25 yaş kateqoriyasında qızlar arasında Sıla Kara (Türkiyə), oğlanlar arasında isə Aleksandr Cvetkov (Qazaxıstan) birinci yerə layiq görülüb. 2-ci yerin sahibi isə Mahmut Kazanc (Türkiyə) olub. Muhammadali Asanov 3-cü yerdə qərarlaşıb.

26-45 yaş kateqoriyasında qızlar arasında  Nataliya Lapşina (Qazaxıstan) birinci, Elvira Zakarayeva (Azərbaycan) ikinci, Buse Terim (Türkiyə)  üçüncü olub. Oğlanlar arasında isə Ceyhun Balametov  (Azərbaycan) 1-ci, Metehan Taşdemir (Türkiyə) ikinci, Talip Gülle (Türkiyə) üçüncü yeri tutub.

46+ yaş kateqoriyasında Ali Akgül (Türkiyə) 1-ci yerdə qərarlaşıb. 2-ci və 3-cü yerləri isə  Kamil Şar (Türkiyə) və Ömer Saraçer (Türkiyə) bölüşüblər. 

Yarışın yekununda qaliblər kubok və medallarla təltif olunub, iştirakçılara müxtəlif həvəsləndirici hədiyyələr təqdim edilib.

Türk Dövlətlərinin Xizək Kubokunun keçirilməsinin əsas məqsədi türk xalqları arasında qiş idman növləri sahəsində qarşılıqlı əməkdaşlığı gücləndirmək, birgə yarışların keçirilməsini təşviq etmək və xizək idman növünü təbliğ etməkdir.

Qeyd edək ki, növbəti Türk Dövlətlərinin Xizək Kubokunun keçirilməsinə Qazaxıstan və Türkiyə öz namizədliyini irəli sürüblər.

Qabil YUSİFOĞLU
XQ









İdman