Milli futbolun 115 illik yubileyinə “Qarabağ”ın töhfəsi

post-img

Füsunkar Avropa səyahəti 

     Tarixi rəsmən 1911-ci ildən hesablanan Azərbaycan futbolunun 115-ci ilindəyik. Ağdamın “Qarabağ” komandasının 2026-cı ilin start ayında UEFA Çempionlar Liqasının pley-off mərhələsinə qazandığı vəsiqə bu əlamətdar hadisəyə gur işıq saçan əvəzolunmaz töhfədir.

    Yanvarda Tofiq Bəhramov adına Respublika Stadionunda   Almaniyanın Frankfurt şəhərinin “Ayntraxt” klubu ilə görüşdə şahidi olduğumuz əzmkar qələbə (3:2) həm Azərbaycan çempionunun füsunkar Avropa səyahətini daha maraqlı edərək, onu səkkizdəbir finalın astanasına çatdırmış, həm də futbolumuzun 115 illik yibileyinə xüsusi gözəllik gətirmişdir.

   UEFA da “Qarabağ” Azərbaycanın və Norveçin “Budo-Qlimt” klubunun Liqa mərhələsində uğurlarına biganə qalmayıb. Fevralın əvvəlində yayılan bir xəbərdə bildirilirdi ki, Avropanın ali futbol təşkilatının mütəxəssisləri bu iki komandanın pley-offa vəsiqə qazanmasını qəhrəmanlıq kimi qiymətləndiriblər.

   Bu, nəhənglər meydanında böyük-böyük klublarla amansız rəqabətdə kiçik komandaların silahı vaxtından əvvəl yerə qoymamasının, ustalığının və bütün Avropanı heyrətləndirən – kiminin möcüzə, kiminin də inanılmaz, fantastika hesab etdiyi parlaq nailiyyətin yüksək dairələrdə etirafıdır. Hər iki klub 36 komandanın mübarizəsində çətin sınaqlardan şərəflə çıxıb, 12 zəhmli rəqibi “24-lərin” siyahısına buraxmayaraq, həm öz beynəlxalq nüfuzunu artırmış, həm də kiçiklərin də böyük iddialar, arzularla yaşamaq haqları olduğunu inamla bütün dünyaya bəyan etmişdir. 

     Bugünkü qəhrəmanların 2024-cü ilin payızında Avropa Liqasının əsas mərhələsində Norveçdə öz aralarında keçirdikləri oyun yada düşür. Onda onların tanışlıq görüşündə təmsilçimiz daha üstün futbol oynayıb, pərəstişkarlarını Toral Bayramovla Zubirin qolları və qələbə ilə sevindirmişdilər (2:1). Həmin tirnirdə bu kollektivlər Liqa mərhələsi sınaqlarından çıxa bilməmişdilərsə, indi daha nüfuzlu Çempionlar Liqasının pley-off görüşlərinə hazırlaşırlar.

   Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının açıqladığı dünya reytinqi  siyahısında Azərbaycan çempionunun əvvəlki siyahı ilə müqayisədə 9 pillə irəliləyərək, 69-cu yerdən 60-cı mövqeyə yüksəlməsi də Ağdam komandasının uğurlu çıxışlarının bəhrəsidir. Hazırda “Qarabağ”ı 200 reytinq xalı ilə 502 klubun göstəricilərini əks etdirən siyahıda 60 ən yaxşı komanda sırasında görmək futbol ictimaiyyətimiz üçün, əlbəttə, xoş məqamdır.

    Son 10 ildə MDB məkanında Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanan yeganə komanda “Qarabağ”ın “Ayntraxt”la görüşünədək UEFA turnirlərində Azərbaycan klublarının almaniyalı rəqiblər üzərində qələbəsi yox idi. Ölkə çempionumuz bir ay əvvəl soyuq və şaxtalı yanvar axşamında xoşagəlməz ənənəni pozaraq, almanlarla oyunlarda meydandan qalib ayrılan ilk Azərbaycan klubu oldu.

  Statistika onu da xatırladır ki, “Nyukasl” ilə görüşlər ərəfəsində isə İngiltərə komandaları ilə  qarşılaşmalarda qələbələrimizin hesabı açılmayıb. Ancaq “Qarabağ” bu boşluğu da doldurub, Azərbaycan futbolunun 115-ci ilində daha bir tarix yaza bilər. Artıq sizin də hiss etdiyiniz kimi, komandamızın buna iradəsi də çatar, ustalığı da.

  Saat 21:45-də başlayıb, taleyi gecəyarısı məlum olacaq oyunda FİFA-nın norveçli  hakimi Espen Eskasın final işarəsini nikbin əhvalla gözləməyimiz üçün hər cür əsas var.  

     İngiltərə Premyer Liqasının daimi iştirakçısı Nyukasl şəhərinin, ötən dəfə diqqətə çatdırdığımız kimi, 134 yaşlı eyniadlı klubu təkcə öz ölkəsində deyil, bütün Avropada sayılıb-seçilən, zəngin təcrübəli rəqibdir. Bu komandanın indiki turnirin əsas mərhələsində 14 xal toplayaraq, finişə 12-ci çatması da onun gücündən xəbər verir. Bugünkü qonağımız “Qarabağ”ın imkanlarını da layiqincə qiymətləndirir və onu çətin sınaq gözlədiyini gizlətmir. İndi bizdən qarşıdakı matçın necə nəticələnəcəyini soruşsaydılar, yəqin ki, çoxlarımız tərəddüd etmədən 50:50-yə deyərdik. Amma bu zaman “evdə divarlar da kömək edir” deyimini öz üstünlüyümüz kimi yadda saxlayardıq.

   Yəqin diqqət yetirmişsiniz, Bəhlul Mustafazadə hələ uzun müddət yaddan çıxmayacaq 90+4-cü dəqiqədə “Ayntraxt”ın qapısına ömürləri uzadan qızıl qol vuranda əlavə vaxtın son saniyələri gedirdi. Bu, həm də oyunda topa endirilən son zərbə idi. Bir həftə əvvəl Kamilo Duran da Şamaxı şəhər stadionunda Qurban Qurbanovun əlinə kürək götürüb qardan təmizlədiyi meydanda komandasına çox mühüm qələbə qazandıran topu rəqib qapısından keçirəndə yenə tabloda 90+4-ü görürdük. Etiraz etmirik, kaş bu axşam da “Qarabağ” tərəfdarları artırılmış dəqiqələrdə hamılıqla ayağa qalxıb, həlledici qolumuza sevinəydilər. 

    Yaşıl meydanlarda hünər göstərən “Qarabağ”a bir də ona görə ayrıca təşəkkür düşür ki, komandanın Avropa şəhərlərinə səyahəti zamanı sanki azarkeşlər də onunla birlikdə olurlar. Artıq Portuqaliyanın Lissabon, İspaniyanın Bilbao, İtaliyanın Neapol və İngiltərənin Liverpul şəhərlərində keçirilmiş oyunlarda özümüzü lap onların stadionlarındakı kimi hiss etmişik. Axşam izləyəcəyimiz görüşün nəticəsindən asılı olmayaraq, komandanı İngiltərəyə daha bir səfər gözləyir. Fevralın 24-dən 25-nə keçən gecə Nyukaslda cavab qarşılaşmasının həyəcanları yaşanacaq. Amma bu da  indiki mövsümdə Azərbaycan çempionunun futbolun vətəninə son səfəri olmaya bilər. Əgər futbolçularımız iki oyunun yekununda sevinən tərəf olsalar, səkkizdəbir finalda “Çelsi” – “Barselona” görüşlərinin qalibi qarşısında imtahan verəcəklər. Deməli, İngiltərə və ya İspaniyaya daha bir uçuş istisna deyil.

    Çempionlar meydanında həyəcanlı günlər davam edir…

 

Oqtay BAYRAMOV,

Əməkdar jurnalist

İdman