Ötən həftə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən reytinq turnirində ölkəmizi qadın güləşi üzrə millimiz təmsil etdi.
2024-cü ildə yeniyetmələr arasında dünya və Avropa üçüncüsü olan Zəhra Kərimzadə ilk dəfə böyüklər arasında fəxri kürsüyə qalxdı. 18 yaşlı güləşçimiz 72 kiloqramda bürünc medal qazandı. 1/4 finalda olimpiya mükafatçısı, dünya və Avropa çempionu Buse Tosuna 0:2 hesabıyla məğlub olan Kərimzadə üçüncü yer uğrunda qarşılaşmada gənclər arasında dünya və böyüklər arasında Asiya çempionu Mahiro Yoşitakeyə (4:1) qalib gəldi.
Gənc güləşçi yarışla bağlı təəssüratlarını XQ-yə bölüşüb:
“Böyüklər arasında keçirilən reytinq turnirində bürünc medal qazandığım üçün çox sevincli və qürurluyam. İlk görüşdə türkiyəli olimpiya mükafatçısı Buse Tosunla qarşılaşdım. Məğlub olsam da, ruhdan düşmədim. Bürünc medal uğrunda Yaponiya təmsilçisiylə güləşdim. Titullu rəqiblə qarşılaşacağımı bilirdim. Məşqçilərimiz məni psixoloji və taktiki cəhətdən görüşə yüksək səviyyədə hazırladı. Onların verdiyi motivasiya nəticəsində qarşılaşmaya tam hazır oldum. Mübarizəmiz gərgin keçdi. Sona kimi güləşdim və qalib oldum. Üzərimdə əziyyəti olan baş məşqçimizə, federasiyamıza və şəxsi məşqçimə təşəkkür edirəm. İnşallah, növbəti yarışlarda bürünc medalı qızıl medalla əvəz edərəm”.
Qabil YUSİFOĞLU
XQ

