“Şahdağ”da beynəlxalq xizək turniri keçiriləcək

post-img

Ölkəmizdə ilk dəfə keçiriləcək dağ xizəyi üzrə beynəlxalq turnirə 20-dən çox idmançı qatılacaq. Azərbaycan Qış İdman Növləri Federasiyasının mətbuat katibi Orxan Bədəlovun sözlərinə görə, yarış “Şahdağ” Turizm Mərkəzi və federasiyanın birgə təşkilatçılığı ilə baş tutacaq.

Turnir üçün qeydiyyat prosesi bu gün başa çatır. Dünənə olan məlumata əsasən, 20-dən çox idmançı yarışa qatılacaq. İsveçrə, Macarıstan, Sloveniya, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Özbəkistan və Honq-Konqdan olan xizəkçilər mübarizə aparacaqlar. Azərbaycanı isə Anastasiya Papatoma təmsil edəcək.

Qeyd edək ki, “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turniri yanvarın 8-dən 11-dək Qusar rayonunda keçiriləcək.

Qabil YUSİFOĞLU
XQ

İdman