Taekvondo üzrə Azərbaycan çempionatının açılışı

post-img

Dekabrın 26-da taekvondo üzrə gənclər arasında ölkə birinciliyi və böyüklər arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində baş tutan mərasimdə Taekvondo Federasiyasının prezidenti Kamaləddin Heydərov ölkəmizdə idman sahəsində görülən işlərdən danışıb. Bildirib ki, Prezident İlham Əliyev hər zaman idmana, idmançılara diqqət və qayğı göstərib. Buna görə də idmançılarımız nüfuzlu beynəlxalq turnirlərdə uğurla çıxış edirlər. Azərbaycan dünyanın böyük idman yarışlarına layiqincə ev sahibliyi edir. 

Natiq əlavə edib ki, cari ildə 156 medalın qazanılması, onlardan 53-nün qızıl əyarlı olması ölkəmizdə taekvondonun davamlı inkişaf etdiyini və bu idman növünə marağın ildən-ilə artdığını təsdiqləyir.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycanda taekvondonun inkişaf etdiyini vurğulayıb. O, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin bu gün bir sıra idmançılarla görüşdüyünü və onları mükafatlandırdığını diqqətə çatdırıb.

Gənclər və idman naziri Fərid Qayıbov ölkə çempionatının uğurlu keçdiyini söyləyib. Onun sözlərinə görə, bu il Azərbaycan idmanı üçün düşərli olub. Nazir Prezident İlham Əliyevin ölkə idmanına yüksək səviyyədə dəstək və qayğı göstərdiyini xatırladıb.

Yarışda paytaxt və bölgələri təmsil edən 72 klub və idman cəmiyyətindən ümumilikdə 436 taekvondoçu iştirak edir.

Qeyd edək ki, ölkə birinciliyinin ilk günündə oğlanlar arasında 45 kq,  55 kq,  68 kq, 78 kq,  +78 kq, qızlar arasında +59 kq, +68 kq şəki dərəcələrində qaliblər müəyyənləşib. Çempionata sabah yekun vurulacaq.

Qabil YUSİFOĞLU
XQ



İdman