Ölkəmiz III MDB Oyunlarına hazırlaşır

post-img

Bakıda yarışla bağlı ilk mətbuat konfransı keçirilib

Azərbaycan daha bir mötəbər idman tədbirinə – III MDB Oyunlarına evsahibliyi etməyə hazırlaşır. Aprelin 23-də MDB ölkələrinin ən güclü atletlərinin iştirak edəcəyi və “Hər qəlbdə bir qələbə!” şüarı altında keçiriləcək nüfuzlu yarışa hazırlıqla bağlı ilk mətbuat konfransı keçirilib.

Konfransda tədbirə hazırlıq mərhələsi haqqında media nümayəndələrinə ətraflı məlumat verilib. Qeyd olunub ki, Təşkilat Komitəsinin üzv qurumları, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birgə inzibati məsələlər, tədbir məkanlarının hazırlıq vəziyyətinə gətirilməsi, iştirakçıların akkreditasiyası, yerləşdirilməsi və digər məsələlər üzrə hazırlıq işlərini davam etdirilir.

Tədbirdə çıxış edən Bakı Şəhər Halqası  Əməliyyat Şirkətinin mətbuat katibi Arzu Hüseynova Azərbaycanın müxtəlif beynəlxalq miqyaslı tədbirlərə yüksək səviyyədə evsahibliyi etdiyini qeyd edib:

– Ölkəmizdə keçirilən tədbirlərdən həmişə üzüağ çıxmışıq. Görülən işlər dünya standartlarına cavab verib.  Ümumilikdə, 23 idman növü üzrə təşkil ediləcək Oyunlar Azərbaycanın 7 bölgəsində – Gəncə, Qəbələ, Şəki, Yevlax,  Xankəndi, Göygöl, Mingəçevir şəhərlərində keçiriləcək. Yarışın açılış və bağlanış mərasimi isə Gəncə şəhər stadionunda olacaq. 

Qeyd edilib ki, ümumilikdə 23 idman növü üzrə 12 idman obyektində yarışlar keçiriləcək. Oyunlarda 5 min 500-ə yaxın atletin iştirakı  gözlənilir. Tədbirə MDB ölkələri ilə yanaşı, digər ölkələrin də dəvət olunması planlaşdırılır. Milli komandanın qarşısına ən yüksək hədəflər qoyulacaq. İdmançılarımız daha yaxşı nəticələr üçün mübarizə aparacaqlar.

Oyunlarda medallarla bağlı narazılıq və problemlərin olmaması üçün maksimum dərəcədə işlərin görüləcəyi də vurğulanıb. 

Mətbuat konfransında III MDB Oyunlarının maskotları da məlum olub. Enerjili, mehriban Bəbir və Leyla Oyunların simvollarıdır. Onlar Qafqaz bəbirinin obrazında yaradılmaqla, sadəcə simvol deyil, həm də Azərbaycanın zəngin təbiətini, gücünü və qonaqpərvərliyini parlaq şəkildə təcəssüm etdirirlər. Bu nadir heyvan ölkəmizin füsunkar guşələrində qədim dövrlərdən bəri məskunlaşıb. Qeyd edək ki, bəbir Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş 5 fauna növünün qorunmasını əhatə edən “Böyük beşlik” Proqramına, Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına və sayı “kritik həddə olan növ” kateqoriyası altında Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na daxil edilib.

Sonra Oyunların rəsmi internet saytı təqdim edilib. Vurğulanıb ki, artıq istifadəyə verilən www.cisgames2025.com saytında tədbirlə bağlı bütün məlumatları, o cümlədən hazırlıq prosesi, yarış cədvəlləri, idman məkanları, könüllü və media qeydiyyatı ilə bağlı ən son yenilikləri əldə etmək olar. 

Bakı Şəhər Halqasının şöbə rəhbəri İranə Əhmədova yarışla bağlı Könüllü Proqrama start verildiyini deyib:

– Proqram çərçivəsində Bakı və bölgələrdən 3 minə yaxın könüllünün Oyunlara cəlb ediləcəyi gözlənilir. Regionlarda bu istiqamətdə gənclərlə maarifləndirici görüşlər keçirilir. Əsas məqsəd bölgələrdə gənclərin bacarıqlarının inkişafına, beynəlxalq təcrübə və biliklərinin artırılmasına dəstək olmaqdır.

Qeyd edək ki, III MDB Oyunları sentyabrın ­28-dən oktyabrın 8-dək davam edəcək. Bu məqsədlə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 iyul 2024-cü il tarixli Sərəncamına əsasən Təşkilat Komitəsi yaradılıb.

Xatırladaq ki, MDB Oyunlarına ilk dəfə 2021-ci ildə Rusiyanın Kazan şəhəri, 2023-cü ildə isə Belarusun paytaxtı Minsk ev sahibliyi edib. Azərbaycanın III MDB Oyunlarına ev sahibliyi etməsi təsadüfi deyil. Belə irimiqyaslı daha bir tədbirin ölkəmizdə təşkili Azərbaycanın beynəlxalq arenada növbəti uğurudur.

Leyla QURBANOVA 
XQ

 



İdman