Cüdo üzrə yeni layihə – liqalar yaradıldı

post-img

Cüdo Liqalarının yaradılması ilə bağlı layihə üzərində bir müddət idi ki, iş aparırdıq. Sonda U-14, U-17 və böyüklər liqalarının yaradılması ilə bağlı qərar verdik.

“XQ” xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini və idman direktoru Kamran Talıbov Cüdo Liqaları ilə bağlı təşkil olunmuş mətbuat konfransında bildirdi. 

Cüdo Liqaları və liqada yığılan xallar milli komandaların tərkibinin müəyyən olunmasında önəmli meyarlardan biri olacağını bildirən mütəxəssis qeyd etdi ki, bundan sonra yığmaların heyətinin müəyyənləşməsində həm də liqalarda toplanacaq reytinq xalları nəzərə alınacaq. Konfransda yeni yaradılan cüdo liqalarının başlayacağı tarix və keçiriləcəyi məkan ilə bağlı da məlumat verildi. Bildirildi ki, aprelin 19-20-də U-14, 21-22-də U-17, mayda isə böyüklər arasında liqalar başlayacaq. Yarışlar Abşeron Olimpiya Kompleksində təşkil ediləcək. 

“Böyüklərdə yalnız kişi cüdoçular, U-17 və U-14 liqalarında isə həm oğlan, həm də qız cüdoçular iştirak edəcək. Liqa yarışları açıq status daşıyacaq və şərtlərə cavab verən bütün cüdoçular liqalarda çıxış edə biləcək. Böyüklər liqasında 3, U-17 və U-14 liqalarında isə 4 yarışın keçirilməsi nəzərdə tutulur. İdmançılara Liqa yarışlarında göstərdikləri nəticələrə müvafiq reytinq xalları veriləcək. Bu reytinq xalları da öz növbəsində məşqçilərin və klubların reytinqini formalaşdıracaq. Yekun reytinq cədvəlində yuxarı pillələrdə qərarlaşmış cüdoçulara və onların məşqçilərinə pul mükafatı birbaşa təqdim ediləcək”, - deyə K.Talıbov əlavə etdi.

Tədbirdə bölgələrimizdə cüdonun inkişafı üçün yeni layihələrin həyata keçiriləcəyi də bildirildi. Diqqətə çatdırıldı ki, Azərbaycanın qərb və şimal-qərb bölgələrində cüdo yarışlarında rəqabət daha yüksək olur. Onun sözlərinə görə, gələcəkdə bölgələrdə də liqalar formalaşdırılacaq. İlkin mərhələ sınaq məqsədi daşıyır. 

Azərbaycanın regionlarında cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramının hazırlandığını bildirən Kamran Talıbov hər bölgədə ayrı-ayrılıqda seminarların təşkil ediləcəyini dedi. Vurğulandı ki, ilkin mərhələdə müəllimlər dəvət ediləcək, bütün zallarda uşaqlara məşqlər keçiriləcək. Aprelin 14-dən 19-na qədər Goranboyda ilk seminar təşkil olunacaq.



İdman