Azərbaycanın daha bir güləşçisi Bolqarıstanın Varna şəhərində keçirilən “Dan Kolov – Nikola Petrov” turnirində fəxri kürsüyə qalxıb.
Güləş Federasiyasından verilən məlumata görə, Murad Haqverdiyev (65 kiloqram) ilk mərhələdə bolqarıstanlı Nikola Stefanova tam üstünlüklə qalib gəlib – 10:0. O, təşkilatçı ölkənin digər təmsilçisi Erdal Qalip üzərində də inamlı qələbə qazanıb – 5:1. Haqverdiyev yarımfinalda ukraynalı Erik Aruşanyandan güclü olub – 5:3. Murad finalda daha bir Bolqarıstan güləşçisi ilə üz-üzə gəlib. Səlim Naimlə görüş gərgin mübarizə şəraitində keçib. Son saniyələrdə hesab 2:2 olarkən Haqverdiyevin icra etdiyi fənd əvvəlcə 2 xalla qiymətləndirilib. Ancaq rəqib etiraz hüququndan istifadə edib və “çelenc”ə baxıldıqdan sonra qərar dəyişdirilib və yekun hesab 2:2 olub. Rəqibinə sonuncu xal prinsipinə əsasən məğlub olan Murad ənənəvi yarışda gümüş medalı boynundan asıb.
Beləliklə, Azərbaycanın sərbəst güləşçiləri yarışı 2 gümüş və 1 bürünc medalla başa vurub. Xatırladaq ki, daha öncə Sadiq Mustafazadə (92 kiloqram) gümüş, Ceyhun Allahverdiyev (61 kiloqram) isə bürünc mükafata yiyələnib.