Oktyabrın 27-də Londonda Britaniya Azərbaycanlıları Assosiasiyasının və "Immortal Champions" idman klubunun təşkilatçılığı, Azərbaycan Diasporuna dəstək fondunun (ADDF) dəstəyi ilə ilə 8 Noyabr – Zəfər Gününə həsr edilən döyüş turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, turnirdə müxtəlif ölkələrdən peşəkar döyüşçülər iştirak ediblər. Turnirin əsas diqqət mərkəzində olan döyüşlərdən biri azərbaycanlı idmançı Hüseyn Mustafazadə ilə hollandiyalı rəqibi Coi Klijenburq arasında baş tutub. Hüseyn Mustafazadə turnirdə yüksək əzmkarlıq göstərərk rəqibinə qalib gəlib və "Immortal Champions"un Avropa çempionu titulunu qazanıb. O, bu zəfəri Vətən müharibəsində əldə olunan tarixi qələbəyə həsr etdiyini deyib.
Turnirin təşkilatçısı və Britaniya Azərbaycanlıları Assosiasiyasının rəhbəri Hafiz Baxşəliyev Azərbaycanlı idmançının əzmli mübarizəsini yüksək qiymətləndirib. O, belə bir tədbirin Londonda keçirilməsinin Azərbaycan diasporu üçün böyük əhəmiyyət daşıdığını qeyd edib. Hafiz Baxşəliyev, bu cür tədbirlərin gələcəkdə də keçiriləcəyini və Azərbaycanın qələbəsinin beynəlxalq səviyyədə daha geniş tanınmasına töhfə verməyə davam edəcəyini vurğulayıb.
Böyük Britaniya Boks İttifaqının rəhbəri Valid Ali Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib. O, bu cür tədbirlərin ölkələr arasında dostluq əlaqələrinin inkişafına dəstək verdiyini bildirib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London