Qızıl medal qazanan Azərbaycan cüdoçusu: Sevinirəm ki, əziyyətim yerdə qalmadı

post-img

"Yarışa çox yaxşı hazırlaşmışdım. Sevinirəm ki, əziyyətim yerdə qalmadı".

Bu sözləri AZƏRTAC-a açıqlamasında Bəhreynin paytaxtı Manama şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçusu Məhəmməd Rüstəmli (50 kiloqram) deyib.

O, bütün görüşlərə inamlı çıxdığını bildirib: "Özümə inanırdım. Bilirdim ki, Vətənə qızıl medalla qayıdacağam. Medalımı 44 günlük Vətən müharibəsində canından keçmiş şəhidlərimizə həsr edirəm".

İdmançı finalda Azərbaycanın digər təmsilçisi Anar Quliyevlə qarşılaşmasından bəhs edib: "O da yarışa çox yaxşı hazırlaşmışdı. Mənim qədər əziyyət çəkmişdi. Lakin yekunda güclü olan qalib gəldi".

M.Rüstəmli növbəti hədəfinin Yunanıstanda keçiriləcək Avropa Kubokunda uğurlu nəticə qazanmaq olduğunu söyləyib.

Qeyd edək ki, Azərbaycan Gimnaziadada qızlar və oğlanlar arasında 13 çəki dərəcəsində 24 cüdoçu ilə təmsil olunur. Cüdo yarışlarına oktyabrın 26-da yekun vurulacaq.

İdman