Dünya çempionatında 2 medal

post-img

Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 dünya çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından (AGF) verilən məlumata görə, mundialda yunan-Roma güləşi üzrə son 5 çəkidə qaliblər müəyyənləşib.

Rəşad Məmmədov (55 kiloqram) amerikalı Villiam Sallivana (12:4), kolumbiyalı Xristafor Aquilara (9:0) və yaponiyalı Kohey Yamaqivaya (12:2) tam üstünlüklə qalib gələrək finala yüksəlib. Həlledici görüşdə iranlı Əli Əhmədiyə 3:11 hesabı ilə məğlub olan Rəşad dünya çempionatını gümüş medalla başa vurub.

Ziya Babaşov (63 kiloqram) üçün 1/8 finalda polşalı Mairbek Salimov keçilməz olub – 0:8.

Xasay Həsənli (77 kiloqram) ermənistanlı Matrik Petrosyana xalların keyfiyyətinə görə (2:2) qalib gəlsə də, 1/8 finalda almaniyalı Samuel Bellşeidtə 0:5 hesabı ilə məğlub olub. Həsənli təsəlliverici görüşlərdə belçikalı İbrahim Tabayevlə (3:2) rusiyalı İsmail Baraxoyevdən (5:3) güclü olub. Gürcüstanlı Temuri Orjonikidze üzərində də inamlı qələbə (7:1) qazanan Xasay bürünc medalı boynundan asıb.

Cocu Səmədov (87 kiloqram) debütdə polşalı Adam Qardziolaya 1:4 hesabıyla uduzub.

Leyla QURBANOVA
XQ

İdman